Sosial 

Əhali qocalır – gənclərin azalmasının səbəbi

Azərbaycanda pensiyaçıların sayı artmaqda davam edir. Bu da ölkə əhalisinin qocalmasından xəbər verir. Bu il iyulun 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 101 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Beləliklə, Azərbaycanın hər onuncu sakini pensiyaçıdır.

Rəsmi məlumata görə, pensiyaçıların 64,4 faizi yaşa görə əmək pensiyası alır ki, bu da 709 min 44 nəfərə bərabərdir. Ötən ilin eyni dövründə bu rəqəm 702 min 920 nəfər olub. Belə ki, son bir ildə yaşa görə əmək pensiyası alanların sayı 6124 nəfər artıb. Əlilliyə görə pensiya alanlar ümumi pensiyaçıların 23,3 faizini – 256 min 533 nəfəri təşkil edir. Ötən il bu rəqəm 258 min 797 nəfər olub. Bu o deməkdir ki, əlilliyə görə əmək pensiyası alanların sayı 2 min 264 nəfər azalıb. Pensiyaçıların 12,3 faizi – 135 min 423 nəfər isə ailə başçısını itirməyə görə pensiya alır. Son bir ildə bu növ pensiya alanların sayında da artım müşahidə olunub.

“Gördüyünüz kimi, iki növ pensiya üzrə pensiyaçıların sayı artıb, əlilliyə görə pensiya alanların sayı isə azalıb. Rəsmi statistika göstərir ki, son illər əlilliyə görə pensiya alanların sayında azalma müşahidə olunur. Bu, yeni qaydalar və vətəndaşların təkrar tibbi müayinədən keçirilməsi ilə bağlıdır”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Sosioloq Üzeyir Şəfiyev isə Minval.az-a deyib ki, Azərbaycanda əhalinin qocalması sindromu yaşanır: “Ölkədə əhalinin 10-11%-i yaşı 65 yaşdan yuxarı olanlardır ki, bu da beynəlxalq meyarları (7-8%) üstələyir”.

Onun sözlərinə görə, əhalinin qocalması qlobal tendensiyadır: “Hər il doğum səviyyəsi azalır, yaşlı əhalinin xüsusi çəkisi artır. 23 il ərzində Azərbaycanda əhalinin sayı 26,45 faiz, ahılların sayı isə 99,4 faiz artıb. 2023-cü ildə əhalinin təbii artımı əvvəlki illə müqayisədə 15% azalıb. Bu tendensiya daim müşahidə olunur və ailə planlaşdırılmasında dəyişikliklərlə əlaqədardır. Bu gün əksər ailələr bir və ya iki uşaq sahibi olmağa üstünlük verir və xüsusilə uşaqsız cütlüklər arasında boşanmaların sayında da artım müşahidə olunur. Təbii artımın azalmasında nikahların sayının azalması da mühüm rol oynayır. Gələcəkdə bu, əmək bazarında və səfərbərlik sahəsində problemlərə səbəb ola bilər. Əmək qabiliyyətli əhalinin sayının azalması əməkçi miqrantlara ehtiyac, bu da öz növbəsində Avropada olduğu kimi ölkənin genofonduna təhlükə yarada bilər”.

Əhalini cavanlaşdırmaq üçün Şəfiyev doğum səviyyəsini təşviq etmək və gənc ailələrə dəstək mexanizmlərinin tətbiqini təklif edir. Amma necə? Yeni parlament bu yöndə hansı addımlar ata bilər?

Elçin Bayramlı: “Rüşvətsiz cəmiyyət bu günə qədər olmayıb, olmayacaq da” -  Oxu.az

Elçin Bayramlı

Sosioloq, Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı bizimlə söhbətdə qeyd edib ki,  ölkəmizdə uzun əsrlər demoqrafik artımla bağlı heç bir çətinlik yaşanmayıb, yalnız son onilliklərdə vəziyyət dəyişib, artıq doğumun azalması, əhalinin qocalması tendensiyası yaranıb: “İnkişaf etmiş ölkələr əhalinin qocalması ilə digərlərinə nisbətən daha tez qarşılaşıblar. İndi bu, dünya miqyasında bir tendensiyaya çevrilib. Keyfiyyətli tibbi xidmət sayəsində insanlar daha uzun yaşamağa başladı, uşaq ölümü azaldı, amma doğum nisbəti getdikcə azaldı. Getdikcə daha çox ailə uşaq sahibi olmağı gecikdirir, ilk növbədə, daha yaxşı yaşayışını təmin etmək istəyir. Çoxuşaqlı ailələr nadir hala çevrilib. Hazırda üç və daha çox uşağı saxlayıb böyütmək əksəriyyət üçün çox çətindir. Ona görə də müasir ailələr bir və ya iki uşaqdan ibarət olur.

Əhalinin artmasını təmin etmək üçün ölkədə doğum səviyyəsi hər ailəyə görə üç uşaq olmalıdır. İnkişaf etmiş ölkələrdə miqrasiya bu işə öz töhfəsini verir – gənclər daha yaxşı həyat üçün bu ölkələrə gedir, yaşlılar isə inkişaf etməmiş ölkələrdə qalır.

BMT-nin araşdırmasına görə, dünyada 65 və daha yuxarı yaşda olan insanların sayı yaxın üç onillikdə iki dəfə artaraq 2050-ci ildə 1,6 milyarda çatacaq. Avropada bu proses ən çox İtaliya, İspaniya, Yunanıstan və Portuqaliyaya təsir edəcək. Honq-Konq, Cənubi Koreya və Yaponiya kimi inkişaf etmiş Asiya ölkələrində 65 yaşdan yuxarı əhali təxminən 40% təşkil edəcək.

Bəs Azərbaycanı nə gözləyir? Ölkəmizdə, proqnozlara görə, yaşlı əhalinin xüsusi çəkisi də xeyli artacaq. Artıq qocalma prosesi müşahidə olunur: son 10 il ərzində yaşlı vətəndaşların sayı 6,2%-dən 7,1%-ə yüksəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkədə 580,8 min nəfər 60-64 yaş, 396,7 min nəfər 65-69 yaş, 462,7 min nəfər 70 yaşdan yuxarı vətəndaş yaşayıb”.

Sosioloq bu vəziyyətin təhlükəli tərəfindən danışıb: “Əvvəla, dövlətin sosial yükü artır. Səbəbsiz deyil ki, bir çox ölkələrdə, o cümlədən bizdə pensiya yaşını qaldırırlar. Baxmayaraq ki, indi insanlar daha fəaldır, əhalinin qocalması ilə işçi qüvvəsi çatışmazlığı qaçılmazdır və iqtisadiyyat durğunlaşa bilər. Səhiyyə sisteminə daha çox təzyiq baş verir. Bunun üçün əhalinin qocalmasına qarşı mübarizədə doğum səviyyəsinin stimullaşdırılması əsas tədbirlərdən biridir. Norveçdə uşaq dünyaya gələnə qədər işləmiş yeni analar bir il maaşının 80%-ni və ya 42 həftəlik tam maaş alırlar. Atalar üçün atalıq məzuniyyəti də var. Uzun müddətdir ki, ”Bir ailə-bir uşaq” siyasəti yürüdən Çində indi ikinci və sonrakı uşaqlar üçün nağd ödənişlər var. Rusiyada doğum nisbəti ilə bağlı çətin vəziyyət var. Bunu ailələrin, əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına xərclədiyi analıq kapitalı ilə və aylıq uşaqpulu verməklə düzəltməyə çalışırlar.

Uzun müddət Azərbaycanda doğum səviyyəsi ilə bağlı problem yox idi və çoxları hesab edirdi ki, bunu stimullaşdırmağa ehtiyac yoxdur. Amma indi statistika narahatlıq yaratmağa başlayıb. Dəstək tədbirlərindən yalnız uşaq doğulanda 500 manat birdəfəlik müavinət verilir. Bu, kifayət deyil, çünki həmin vəsait uşağın doğum xərcini belə ödəmir.

Nəticədə, ailələrdə uşaq sayı minimuma enib. Beynəlxalq təşkilatların proqnozları və müşahidə etdiyimiz tendensiyalar vəziyyətin ciddiliyini açıq şəkildə göstərir. Artıq biruşaqlı ailə modelinə keçmişik, iki-üç uşaqlı ailələr getdikcə azalır. Bir millətin varlığını davam etdirməsi üçün orta hesabla hər ailədə ən azı 3 uşaq olmalıdır. Son 5-6 il ərzində uşaqların sayı 4%, əhalinin ümumi tərkibindəki payı isə 6% azalıb”.

Bayramlı bildirir ki, əhali qocalır və bu, təkcə mənəvi-psixoloji problem deyil, həm də sosial-iqtisadi problemdir: “Yaşlı əhalinin xüsusi çəkisinin artması dövlətin üzərinə əlavə maliyyə yükü, əmək qabiliyyətli vətəndaşların sayının azalması, hər 1000 işçiyə düşən pensiyaçının sayının artması, əmək haqqının azalması, sosial xərclərin artmasıdır. Bu səbəbdən əksər ölkələr öz əhalisini və uşaq və gənclərin nisbətini artırmaq üçün bir çox tədbirlər görürlər. Buraya uşaq üçün aylıq müavinət, ev, torpaq sahəsi, avtomobil də daxil olmaqla çoxsaylı təşviq və güzəştlər daxildir.

Uzun illərdir ki, biz jurnalistlər, sosioloqlar, eləcə də bəzi deputatlar, ictimai xadimlər Azərbaycanda uşaq müavinətlərinin bərpası ilə bağlı hökumətə və parlamentə təkliflər veririk. Bunun üçün kifayət qədər maliyyə və iqtisadi imkanlar var. Amma hələlik, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Hesab edirəm ki, ilkin mərhələdə hər uşağa ayda ən azı 100 manat, doğuşa görə isə 5 min manat verilə bilər. Heç olmasa, aylıq gəliri adambaşına 500 manatdan aşağı olan ailələr üçün bunu etmək olardı.

Arqument kimi qeyd olunur ki, aztəminatlı ailələrə guya ünvanlı sosial yardım ödənilir. Amma buna baxmayaraq, qeyri-qənaətbəxş şəraitdə yaşayan uşaqlar var. Uşaq müavinəti daha məqsədyönlü və şəffaf olardı.

Buna baxmayaraq, etiraf etmək lazımdır ki, ailələrdə uşaqların sayının kəskin azalması təkcə sosial-iqtisadi problemlərlə bağlı deyil. Varlı ailələrin əksəriyyətinin bir və ya iki uşaqdan çoxu yoxdur. Həyat tərzi, mənəvi dəyərlər, psixologiya- hər şey dəyişib. Çoxları artıq özlərini uşaqlara həsr etmək istəmirlər. Bir sıra başqa obyektiv səbəblər də var: nikahların sayı azalıb, sonsuzluq artıb. Bütün bu səbəblər bizi demoqrafik fəlakətə sürükləyir. İndi tədbir görməsək, sonra gec olacaq”.

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib  layihələr reallaşdırılacaq - AZƏRTAC

Eyyub Kərimli

İqtisadçı-ekspert Eyyub Kərimli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini deyib: “Bizdə daha çox vurğulanır ki, ailə institutunun təşəkkül tapması üçün çətinliklər var. Və problemi daha çox iqtisadi çətinliklərdə əlaqələndirirlər. Düzdür, iqtisadi problemlər var. Amma bu problemin əsasını təşkil etmir. Bu cür yanaşsaq, Avropada da gec ailə qururlar, əhalinin qocalması, uşaq sayının azalması prosesi gedir, amma orada iqtisadi problemlə əlaqəli deyil. Bu insanların öhdəliklərinin az olması ilə bağlıdır. Bizim xalqın mentalitetində çoxuşaqlılara üstünlük verilir. Əlbəttə, gənc ailələr üçün dövlətin müəyyən sosial proqramları tətbiq edilməlidir. Eyni zamanda, gənc ailələrə güzəştli ipotekalar, kreditlər təşkil edilməlidir. Əsasən də gənclərin işlə təmin olunmasına şərait yaradılmalıdır. Çoxuşaqlı ailələrə müəyyən dəstək proqramları həyata keçirilməlidir. Sosial, maddi dəstək proqramları ola bilər ki, bu da ailənin təməlinin qoyulmasına və ailə institutunun möhkəmlənməsinə, əhalinin gəncləşməsinə təsir göstərəcək. Digər tərəfdən, mən razı deyiləm ki, bizdə pensiyaçıların sayının çoxalması əhalinin qocalması ilə əlaqədardır. Burada əhali artımının da təsiri var. Keçən il də əhali artımı müşahidə edilmişdi. Sözsüz ki, bu fakt öz təsirini göstərir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”  

Daha çox xəbərlər