Cəmiyyət 

Bərdə faciəsi də erməni xislətinin iç üzünü açıb ortaya qoydu

2020-ci ilin 27 sentyabrında işğalçı Ermənistanın silahlı qüvvələri növbəti təxribata əl atdılar və faşist ideologiyasının daşıyıcısı olan bu ölkənin hərbi-siyasi rəhbərliyi, məhz beynəlxalq hüququn bütün norma və prinsiplərini, Cenevrə Konvensiyalarının tələblərini, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozub, çirkin məqsədlərinə nail olmaq istədilər. Çox keçmədi ki, müzəffər Azərbaycan Ordusu düşmən tərəfə lazım olan “dərsini verdi”. Bütün bunlar azmış kimi, hətta onlar hərbi əməliyyatların gedişi zamanı elan olunmuş humanitar atəşkəs rejiminin tələblərini də bir neçə dəfə pozdular və Azərbaycanın dinc əhalisinin qəsdən hədəfə alınmasına göstəriş verdilər. Düşündürücü hal odur ki, işğalçı ölkənin hərbi birləşmələri döyüş əməliyyatlarının aparıldığı bölgəyə heç bir aidiyyəti olmayan şəhər və rayonlarımıza, kənd və qəsəbələrimizə, digər yaşayış məntəqələrimizə müxtəlif növ raketlər, ağır artilleriya qurğularından zərbələr endirdilər. Müxtəlif növ raket və ağır artilleriya qurğularının zərbələrinə tuş gələn ərazilər Gəncə, Bərdə və digər şəhərlərimiz, rayonlarımız oldu.

 

Məsələn, adicə bir faktı qeyd edək ki, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixə kimi Bərdə şəhərinin ərazisinə 70 ədəddən çox “Smerç”, “Toçka”, “Elbrus” ballistik raketləri və “Qrad” qurğularından zərbələr endirilmiş və bütün bunların nəticəsində 29 nəfər mülki şəxs dünyasını dəyişmiş, 108 nəfər isə bu və ya digər formada yaralanmışdır. Təkcə 05 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinin mərkəzi ərazisinə atılmış bir ədəd “Elbrus” ballistik, 12 ədəd “Qrad” qurğusundan atılan raket zərbələri nəticəsində 2 nəfər mülki şəxs dünyasını dəyişmişdi, 6 nəfər isə ağır yaralanmışdır. 08 oktyabr 2020-ci il tarixdə rayonun Qasımbəyli kəndinə atılan 2 ədəd “Smerç”, 2 ədəd “Elbrus” ballistik raketlərinin zərbəsi nəticəsində 6 nəfər yaralanmışdır. 27 oktyabr 2020-ci il tarixdə rayonun Qarayusifli kəndinə atılan 2 ədəd “Smerç”, 2 ədəd “Elbrus” ballistik zərbələri nəticəsində 5 nəfər dünyasını dəyişmiş, 14 nəfər yaralanmışdır.

 

28 oktyabr 2020-ci il tarixdə saat 13:00 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin mərkəzi hissəsinə, yəni dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “Claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə də külli miqdarda ziyan dəymişdir. 07 noyabr 2020-ci il tarixdə rayonun Nəcəfqulubəyli kəndinə atılan 1 ədəd “Smerç” ballistik zərbələri nəticəsində bir nəfər dünyasını dəyişmişdir. Həyata keçirilən belə bir terror aksiyalarının nəticəsində 7 yaşlı Aysun da dünyasını dəyişmişdir. Bütün bunlarla bağlı Bərdədə erməni vəhşiliyini əks etdsirən məlumatlardan və şəkillərdən ibarət “ERMƏNİ TERRORU-BƏRDƏ ” yazılmış lövhə də quraşdırılıb.

 

Baş verən belə bir faktlarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanmış və ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir. İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin günahı ucbatından baş verən terror hadisələri ilə bağlı həmin vaxtlarda Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan etdi ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa olunması, beynəlxalq və milli qanunvericiliyə uyğun təqsirkar şəxsərin məsuliyyətə cəlb olunmaları, lazımi sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət olunmaqla mümkün olan tədbirlər görüləcək.

 

Bütün bunlar onu sübut edir ki, döyüş zonasından təqribən 40 km aralı məsafədə yerləşən həm Bərdə şəhərinə, həm də digər yaşayış məntəqələrinə müxtəlif raket zərbələrinin endirilməsi nəticəsində mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsi, birbaşa erməni faşizminin, erməni nasizminin növbəti təzahürüdür. Çünki, 27 sentyabr tarixindən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif şəhərlərində 90 nəfərdən çox mülki şəxs həlak olmuş, 392 nəfər isə yaralanmışdır. Dinc insanlara qarşı törədilən bu cür terror aktları bir daha onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüquq normalarının, xüsusilə “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyanın, BMT-nin Uşaq Hüquqları Konvensiyasının, habelə insan hüquqları sahəsində digər beynəlxalq hüquq sənədlərini kobud şəkildə pozmaqla, məhz öz təcavüzkar siyasətindən əl çəkmir, sülh və insanlıq əleyhinə yönəlmiş bütün cinayətləri davam etdirməkdə qərarlıdır.

 

Bu kimi halların varlığını nəzərə alaraq və haqq işi uğurunda mübarizə aparan tərəf olaraq, dünyanın bütün konstitusiya ədalət mühakiməsi orqanlarını, 2020-ci ildə hərbi əməliyyatların gedişi zamanı işğalçı Ermənistanın qadağa olunmuş silahlardan istifadə etdiyinə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna, Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi və qeyri-insani cinayət əməlləri törətdiyinə və s. görə, bu gün də işğalçı adı ilə tanınan Ermənistana qarşı lazımi cəza tədbirlər görülməsi yöndə çağırışlar olunur. Bəli, bu cür cəza tədbirlərinin görülməsi, mənfur qonşumuzun adına yazılması üçün, lazımi qədər əsaslar var.

Gəncə şəhər 5 saylı Notarial ofisinin Notariusu Ələkbərov Aris Elman oğlu.

Daha çox xəbərlər