Cəmiyyət 

Sosial pedaqoqlar bullinqin qarşısını ala bilərmi? – AÇIQLAMA

Son zamanlar dünyanın bütün ölkələrindəki təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri də son vaxtlar leksikonda yer almış bullinqdir. Təəssüf ki, bizim ölkədə də bu problem mövcuddur. Dövlət tərəfindən müəyyən işlər görülsə də, məsələ aktuallığını itirmir. Yerli təhsil müəssisələrində məktəb psixoloqu və uşaq birliyi fəaliyyət göstərir, lakin xarici ölkələrdə bununla yanaşı sosial pedaqoq da var.

 

Bizim təhsil müəssisələrində də sosial pedaqoq ştatı yaradılmalıdırmı? Bu, bullinq probleminin aradan qaldırılmasına kömək edə bilərmi?

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sabiq deputat, əməkdar müəllim Sona Əliyeva bildirib ki, son zamanlar məktəblərdə bullinqin ciddi şəkildə artmasının bir çox səbəbi var. S.Əliyevanın sözlərinə görə, sosial medianın və müasir sosial nümunələrin təsirindən aqressivlik artır.

O qeyd edib ki, ilk olaraq maarifləndirmə və profilaktik tədbirlər həyata keçirilməlidir:

“Bullinqin sosial və psixoloji təsirləri haqqında həm şagird, həm valideyn, həm də müəllim məlumatlandırılmalıdır ki, bu hallar ya baş verməsin, ya da baş verdikdən sonra onlar necə davaranacaqlarını bilsinlər. Həmçinin yüksək nizam-intizam, bu kimi hallarda cəza tətbiqi, ədalətli və tolerant davranış sərgilənməsi bullinqin azalmasına səbəb olacaq. Məktəb anonimliyin qorunması şərti ilə öz imkanlarına baxaraq təbii texnoloji həllər də təklif edə bilər”.

S.Əliyeva vurğulayıb ki, sosial pedaqoqun təhsil müəssisələrində fəaliyyəti bullinqlə mübarizə aparmaq üçün effektiv yollardan biridir:

“Çünki onlar psixoloji problemlərin aradan qaldırılması ilə yanaşı, sosial uyğunlaşmanın təmin edilməsində də təhsilalanlara kömək edə bilər. Onlar uşaqların sosial davranışlarını izləyir, problemləri aşkar edir, problemin səbəbini araşdıraraq həll olması üçün müvafiq fəaliyyətlər həyata keçirir.

Sosial pedaqoqun olması məktəb psixoloqu ilə birlikdə daha geniş və əhatəli dəstək ifadə edə bilər. Sosial pedaqoq ştatının yaradılması məktəbdə bu tip problemlərin nəinki həll olmasına, həm də erkən zamanda aşkarlanmasına effektiv kömək edə bilər”.

Təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə, sosial medianın inkişafı da bullinqlərin genişlənməsinə səbəb olur:

“İnkişaf etmiş ölkələrdə belə bu problemə rast gəlinir. Azərbaycanda digər ölkələrlə müqayisədə bullinq çox geniş yayılmasa da, yenə də var. Düşünürəm ki, bunun ilk səbəbkarı sosial mediadır. Şagirdlər sinif yoldaşlarına qarşı hər hansısa istismarı qeydə alıb sosial mediada paylaşırlar. Onların paylaşımına gələn bəyənmələr, şərhlər onların sosial mediada müəyyən şəkildə tanınmasına gətirib çıxarır. Belə neqativ halları mətbuat orqanları yayımladığı təqdirdə bütün ictimaiyyət bu uşaqlardan danışır və bir növ “qəhrəmana” çevrilirlər. Belə neqativ hallar yayımlanmamalı, yayımlandığı təqdirdə bu, tənqidi formada olmalı, hətta valideynləri belə mətbuata çağırılıb öz övladına görə töhmət altında buraxılmalıdır. Hər bir uşağın ilkin tərbiyəsi onun ailəsindən başlayır. Hər hansısa uşaqda problem varsa, birinci məsuliyyət ailənin üzərinə düşür”.

Ekspert qeyd edib ki, məktəblərdə psixoloqların fəaliyyəti daha ciddi şəkildə izlənilməli, monitorinqlər aparılmalıdır. R.Nurəliyevin sözlərinə görə, ölkəmizdə sosial pedaqoq ştatına uyğun ixtisaslar mövcuddur:

“Xarici ölkələrdə sosial pedaqoqlar var, onlar həm özləri müstəqil olaraq, həm də təhsil müəsissələrində fəaliyyət göstərirlər. Valideyn istədiyi zaman övladını sosial pedaqoqa və psixoloqa apara bilir. Bizdə sosial iş və təhsildə sosial psixoloji xidmət ixtisası var. Bu ixtisasları bitirib iş tapa bilməyən minlərlə məzun var. Onlar düzgün inkişaf etdirilərsə, onlara məktəblərdə sosial psixoloji xidmət üzrə vakant yerlər tərtib olunarsa, bu problemlər müəyyən qədər həll oluna bilər”.

Təhsil eksperti Elçin Əfəndiyev təklif edib ki, şagirdlərə həftədə bir dəfə də olsa, psixolgiya dərsi tədris olunmalıdır:

“Yaponiya, ABŞ kimi dünyanın inkişaf etmiş ölkələrində də belə hallar yaşanır. Əsas səbəbi mobil telefonlar və sosial şəbəkələrlə əlaqələndirirəm. Yaxşı olardı ki, məktəblərdə yaş və uşaq psixologiyası şagirdlərə çatdırılsın. Təhsil sağlamlaşdırılmalıdır”.

Məsələ ilə bağlı Məktəbəqədər Ümumi Təhsil Dövlət Agentliyindən isə bildirildi ki, ümumi təhsil müəssisələrində bullinqə qarşı müvafiq qurumlar və təfərdaşlarla birgə maarifləndirici işlər aparılır, profilaktiki tədbirlər icra edilir:

“Bullinqə məruz qalan şagirdlərlə bağlı məktəbin rəhbərliyi və psixoloqu tərəfindən daim nəzarət və dəstək tədbirləri həyata keçirilir. Şagirdlərin təhlükəsizliyinin təmin olunması məqsədilə “Məktəblinin dostu” layihəsi çərçivəsində işlər aparılmaqdadır. Bu layihənin tətbiq edildiyi məktəblərdə şagirdlərə dərs prosesi və tənəffüs zamanı videomüşahidə sistemi ilə, həmçinin dəhlizlərdə seçilmiş müəllimlər və layihə iştirakçıları tərəfindən nəzarət edilir. Ölkə üzrə “Şagird davranış qaydaları”nın tətbiq edildiyi 300-dən çox məktəbdə həmin qaydaların tələblərinə əsasən bu məsələ həssaslıqla diqqət mərkəzində saxlanılır. Uşaq hüquqlarının qorunması və rifahının daha səmərəli müdafiəsinə nail olunması məqsədilə Elm və Təhsil Nazirliyi ilə UNİCEF-in birgə fəaliyyət planına əsasən Təhsil İnstitutu “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə həyata keçirir. İki ildir, davam edən layihə çərçivəsində bir sıra şəhər və rayonlarda məktəblərdə uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi tətbiq edilir. Bundan başqa, ümumtəhsil müəssisələrinə təhlükəsizlik və nizam intizamla bağlı təlimatlar göndərilib. Pedaqoji şuralarda müzakirə olunub, nəzarətin gücləndirilməsi ilə bağlı qərarlar verilib. Bullinq halı qeydə alındığı təqdirdə məsələ ətraflı araşdırılır və müvafiq tədbirlər görülür”.

Daha çox xəbərlər