Makron dünyanı Azərbaycana qarşı qaldırır – Emanuelin məkrli planı
Fransa prezidenti ölkəmiz haqda yalan danışır ki, güc amilini ölkəmizə qarşı hərəkətə gətirsin, basqılar artsın
Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasında çıxışı zamanı bəyan edib ki, dünya ictimaiyyəti Ermənistanı dəstəkləməlidir. “Beynəlxalq ictimaiyyət sülh danışıqlarının uğurunu və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanmasını təmin etmək üçün Ermənistanı dəstəkləməlidir”.
Fransanın prezidenti Azərbaycanın guya Ermənistana “təzyiq” göstərməsi və “ərazi gərginliyi” yaratması barədə yalan fikirlər də səsləndirib. Makronun ali tribunadan dünya ictimaiyyətini (əslində dövlətləri) Ermənistanı dəstəyə çağırmasının izahı budur ki, dünya Azərbaycana qarşı hərəkətə keçməlidir. Son iki ildə bu cür fikirlər adətən, Ukraynaya dəstək kontekstində səslənir. Makron elə deyir ki, sanki Azərbaycan Ermənistana hücum edib, indi o da bacısına “qahmar” çıxır. Dünya əlbəttə ki, Qarabağ həqiqətlərini bilir. Azərbaycanın da öz torpaqlarını azad etdiyinin fərqindədir. Amma Makron onu da yaxşı bilir ki, indi dünyada ədalət tərəzisi yoxdur, güc və yalan üzərindən siyasət qurulur. O səbəbdən Azərbaycan haqda yalan danışır ki, güc amilini ölkəmizə qarşı hərəkətə gətirsin, basqılar artsın.
Amma indi Fransanın özünə dəstək lazımdır, çünki dövlət borc və iqtisadi böhran içərisində çabalayır. Belə ki, dövlət borcu üç trilyon, dövlət büdcəsinin kəsirinin isə iki yüz milyard avroya yaxınlaşdığı bir vaxtda Emmanuel Makron hökuməti Azərbaycanla ticarət dövriyyəsini iki dəfə azaldıb. Belə ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin səkkiz ayı ərzində bu, cəmi 222 milyon 777 min dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 52,5 faiz və ya 246 milyon 787 min dollar azdır.
Avropa İttifaqı ölkələri Azərbaycan qazı üçün növbəyə durduğu halda ondan imtina etməyin də normal məntiqi izahı yoxdur. Makronun dünyanı Azərbaycana qarşı qaldırmaq arzusu gerçəkləşə bilərmi?
Kamran Bayramov
Deputat Kamran Bayramov “Yeni Müsavat”a bildirdi ki, Fransanın regionda sülhə və sabitliyə əngəl olmaq cəhdləri var, amma bu, heç bir nəticə verməyəcək: “Fransa otuz ilə yaxın ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanması ilə məşğul olsa da, əslində, erməni lobbisinin maraqlarından çıxış edib. Münaqişənin dondurulmasına çalışıb və proseslərin belə qalmasında maraqlı olduğunu ortaya qoyub. Bu proses Qarabağ işğaldan azad olduqdan sonra da davam edib. Ermənistanı silahlandırması da bu məqsədlərə xidmət edir. Makronun ali tribunadan dünya ictimaiyyətini Ermənistanı dəstəyə çağırmasının izahı budur ki, dünya Azərbaycana qarşı hərəkətə keçməlidir. Dünya əlbəttə ki, Qarabağ həqiqətlərini bilir. Amma Makron erməni bacıları kimi ağa qara deməyi yaxşı bacarır. Onu da yaxşı bilir ki, indi dünyada ədalət tərəzisi yoxdur, güc və yalan üzərindən siyasət qurulur. Ona görə də ölkəmiz haqqında yalan danışır ki, güc amilini ölkəmizə qarşı hərəkətə gətirsin”.
K.Bayramov diqqətə çatdırdı ki, dövlət başçımız VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirdi ki, Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar – bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib: “Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”.
Bu gün ABŞ və bəzi qərəzli Qərb dövlətləri ikili standartlar, riyakarlıq, islamofobiya, bölgədəki maraqları ilə silahlanaraq həyasızcasına Ermənistanın “müdafiə”sinə qalxaraq revanşizm meyllərinin artmasına rəvac verirlər. Ermənistanla sanki ərköyün uşaq kimi davranırlar. Beynəlxalq müstəvidə proseslərə ikili yanaşma, ədalət prinsiplərindən uzaqlaşma son vaxtlar özünü daha qabarıq göstərir. ABŞ üzərinə götürdüyü öhdəliklərə nəinki əməl etmir, hətta, BMT Nizamnaməsinin və digər beynəlxalq hüquq normalarının, eləcə də, beynəlxalq təhlükəsizlik mexanizmlərinin gözdən salınması üçün əlindən gələni də əsirgəmir. 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş Ermənistanı Fransa tərəfindən sülhsevər ölkə kimi təqdim etməsi bu ölkənin həm vasitəçilik dövründə, həm də 44 günlük Vətən müharibəsindən sonra apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir. Onu da xatırlatmaq istərdik ki, münaqişənin sülh yolu ilə həllinə heç bir töhfə verməyən, Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymaqdan çəkindirən, 30 ilə yaxın müddətdə erməni təcavüzünü ört-basdır edən məhz, Fransa kimi dövlətlərin siyasəti olub”.
Makronun BMT tribunasından səsləndirdiyi fikirlərin heç biri sağlam siyasi məntiqə söykənmir: “Son dövrlər Fransa prezidentinin addımlarında və hərəkətlərində şizofreniya əlamətləri hökm sürür. Məhz onun yürütdüyü uğursuz siyasət nəticəsində Fransanın Afrikadakı əl-ayaqları gödəlməyə başladı. İmperalist fransız ordusu bir sıra Afrika ölkəsindən çıxmalı oldu. Yeni Kaledoniyada da vəziyyət Fransanın xeyrinə deyil. Üstəlik, bu məmləkət Azərbaycanın 44 günlük savaşda birlik və zəfər simvolu olan ”dəmir yumruq” simgəsini özünün azadlıq simgəsi elan etdi. Makron isə bütün bunları həzm edə bilmir. Ümumiyyətlə Fransa siyasi tarixinin “qara ləkəsi” sayılan bu şəxsin fikirlərində də kifayət qədər ziddiyyətlər mövcuddur. Makron 44 günlük savaşdan sonra Azərbaycana qarşı sanksiya məsələsi gündəmə gələndə özü bunun əleyhinə çıxaraq söyləmişdi ki, Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı sanksiyaların tətbiqi əks-effekt verəcək. Sonra da Fransanın birinci şəxsi söyləyirdi ki, indi Azərbaycana qarşı sanksiyaların vaxtı deyil, onlar əhəmiyyətsiz olacaq.
Bəli, Makron o zaman doğru düşünürdü. Bilirdi ki, Azərbaycan qalib dövlətdir, üstəlik, Cənubi Qafqazın əsas nəfəsliyidir. Regionun lider dövləti olduğumuzu indi də Fransada çox yaxşı başa düşürlər. Amma Makron Azərbaycana qarşı hədyanlar səsləndirməyə məcburdur. Çünki onu hakimiyyətə erməni lobbisinin vəsaiti hakimiyyətə gətirib. İndi vaxtilə Makrona maliyyə donorluğu edən ermənilər onun çənəsindən və yaxasından yapışıblar ki, Azərbaycana qarşı təzyiqləri artırsın.
Bu adam da “xala xətrin qalmasın” prinsipi ilə erməni lobbisi qarşısındakı “borcunu” BMT tribunasından ödəməyə çalışır.
Düşünürəm ki, Fransanın üzdəniraq və çirkli pulların yuyulması ilə hakimiyyətə gəlmiş rəhbərinin indi sülhə və beynəlxalq hüquqa istinad etməsi olduqca ikiüzlü yanaşmadır. Ən əsası bütün bunlar qəbuledilməzdir. Fransanın bu cür addımları onun özünə qarşı nifrəti artıracaq.
Bu iki “soyqırımı ixracatçısı” ölkənin bir-birini dəstəkləməkdən başqa çarəsi də yoxdur. Çünki həm İrəvan, həm də Paris zaman-zaman siyasi terror mərkəzi kimi dünyada ad çıxarmağı bacarıb. Makronun bu addımları Ermənistanla yanaşı, elə Fransanı da uçuruma aparır. Biz də Makronun bu cür bəyanatlarına qarşı öz mövqeyimizi ortaya qoyuruq. Deyirik ki, Ermənistanı silahlandırmasını və digər pozucu əməllərini dərhal dayandırmalıdır. Əks təqdirdə, ikinci dəmir yumruğun təzyiqi Ermənistanla yanaşı, Makronun siyasi nüfuzunu da yerlə bir edəcək”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”