Azərbaycana qarşı qara planlar hazırlayanlar bilməlidirlər ki…
İkinci Qarabağ müharibəsindəki tarixi Zəfəri, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini təmin edən, Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa-quruculuq işlərini uğurla davam etdirən, özünün milli maraqları naminə hədəflərə doğru inamla irəliləyən Azərbaycan bu gün Qərbdəki bəzi qərəzli dairələrin təxribatları ilə üz-üzə qalıb. Respublikamızın dinamik inkişafı, sürətli tərəqqisi, eləcə də regionda davamlı sülhün təmin olunması istiqamətində aydın strateji hədəfləri naminə əsaslı prioritet layihələr gerçəkləşdirməsi bölgədə geosiyasi maraqları olan güc mərkəzlərinin yuxusunu ərşə çəkir.
Xüsusilə COP-29 kimi beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi ərəfəsində bəzi Qərb dairələrinin Azərbaycana qarşı şər, böhtan kampaniyası aparması heç birimizi təəccübləndirmir. Təbii ki, ölkəmizdə “Eurovision” musiqi yarışması, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları keçirilən zaman da biz bu cür hallarla rastlaşmışıq. Bu qərəzli qüvvələrin ittihamları absurddur. Onlar Azərbaycanın guya təhlükəli bir ölkə olduğu haqqında fikirlər səsləndirir, viza almağın çətinliyindən, demokratiya, insan hüquqlarının müdafiəsi sahəsində ciddi problemlərin olmasından, otel, təyyarə biletlərinin qiymətlərinin yüksək bahalından dəm vururlar. Bütün bunlar, yalan, iftira, uydurma və əsassız iddialardan başqa bir şey deyil.
Danılmaz həqiqətdir ki, birtərəfli və qərəzli xarakter daşıyan və ikili standartlar yanaşmasına əsaslanan riyakar yanaşma regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır, Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük zərbə vurur. Birmənalı demək olar ki, məlum məkrli dairələrin Azərbaycana qarşı qərəzli münasibəti məhz vahid mərkəz tərəfindən formalaşdırılır.
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib ki, qələbəmizi həzm edə bilməyənlərin Azərbaycana qarşı ideoloji təxribatları davam edir: “Media kampaniyası, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur”.
Bu da tarixi gerçəklikdir ki, milli maraqlara əsaslanan, çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal miqyasda pozitiv gündəliyin formalaşmasına böyük töhfələr verən, beynəlxalq aləmdə söz sahibinə çevrilən Azərbaycan bu gün “orta güc” ölkələri sırasında yer almaqdadır. Yeni dünya nizamının qurulduğu, daha doğrusu, planetimizdə mizan-tərəzinin, itdiyi qlobal risklərin artdığı bir dövrdə öz rasional addımları, unikal layihələri ilə Cənubi Qafqazın geosiyasi və geoiqtisadi simasını dəyişən Azərbaycan bu gün bütün dünyada etibarlı, arzuolunan tərəfdaş kimi tanınır və nüfuz qazanır. Son 23 ildə respublikamızın enerji diplomatiyasının uğurlarına qısa baxış keçirsək regional çərçivədə başlanan əməkdaşlığın coğrafiyasının nə qədər genişləndiyinin şahidi olarıq.
Məhz uğurlu, coxvektorlu xarici siyasət yürüdən, regional və qlobal miqyasda sülhpərvər mövqeyi ilə sayılıb-seçilən, eləcə də etibarlı tərəfdaş olaraq tanınan Azərbaycanın bütün dünyada dostları və tərəfdarları durmadan artır. Şübhəsiz, bütün bunlar bədxahlarımızı narahat etdiyindən onlar respublikamıza qarşı “qara piar” kampaniyası apararaq onun beynəlxalq imicinə ləkə yaxmaq üçün dəridən-qabıqdan çıxırlar. Çox təəssüf ki, bu gün müstəqil, prinsipial xarici siyasət yürüdən ölkəmizə qarşı çirkin əməllərini davam etdirən qərəzli qüvvələr unudurlar ki, Azərbaycanla təzyiq dilində, təhdid ritorikası ilə danışmaq mümkün deyil. Təbii ki, bütün bunlar ölkəmiz tərəfindən adekvat qarşılanacaq.
“Biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər”, deyən dövlətimizin başçısı belə cəhdlər olduğunu və olacağını bildirib. Ölkəmizin başçısı onu da vurğulayıb ki, onların heç bir əhəmiyyəti yoxdur, ancaq respublikamızın müstəqil xarici siyasətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq: “Bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq”.
Bütün bunların fonunda bir daha əminliklə demək olar ki, haqq yolundan dönməyən, əmin-amanlıq, sabitlik adası olan Azərbaycan hazırda öz geosiyasi çıxarlarına görə dünyanın ayrı-ayrı bölgələrində, eləcə də Cənubi Qafqazda xaos, anarxiya, qarşıdurma yaratmaq istəyən məlum dairə və mərkəzlərin bu cür ikiüzlü, məkrli siyasəti qarşısında bir daha mübarizlik, əzm və prinsipiallıq nümayiş etdirərək öz qətiyyətli yolundan dönməyəcək.
Zahid Rza, “İki sahil”