Gündəm 

Xankəndiyə köç niyə gecikir: Yeni Baş plan gözlənilirmi? – Sabiq deputat danışdı

“İnfrastrukturu dəyişdirmək, kommunal məsələləri həll etmək lazımdır. Onların hamısı qurtaranda bəlkə, vətəndaşların köçü mümkün olar”.

Bunu Musavat.com-a açıqlamasında sabiq millət vəkili Flora Qasımova Xankəndiyə köçdən danışarkən deyib. O bildirib ki, Xankəndi sakinləri şəhərə nə zaman köçəcəkləri ilə maraqlanırlar.

“Xankəndidə evlər salamatdır. Lakin oraya hələlik köç yoxdur. Biz bununla bağlı dəqiq məlumat ala bilmirik.

Bəlkə də Xankəndi ilə bağlı yeni Baş plan hazırlanacaq. Ola bilsin ki, sakinlərin köçürülməsi ona görə gecikir.

Düşünürəm ki, mərkəzdən kənardakı şəxsi evləri tezliklə bərpa etmək olar. Heç olmasa Bakıda yataqxanada yaşayan Xankəndi sakinləri ora getsinlər. Onlar Bakıda oturub Xankəndidə hansı işlərin olduqlarını bilmirlər, evlərinə köçsələr, gedib seçim edərlər. Məndə olan məlumata görə, şəhərdəki beşmərtəbəli binalar söküləcək.

Tələsmək lazımdır. İnsanlar neçə ildir ki, həsrətlə yaşayıblar. Hər gün Xankəndini yuxuda görüblər. Ölənlərin gözü o evlərdə qaldı.  Heç olmasa uşaqları getsin, onların da ruhu şad olsun”.

Sabiq deputat babasının Şuşadakı məzarını bərpa etdirəcək - FOTOLAR

Sabiq deputat Xankəndidəki evini ziyarətindən də danışıb:  

“Xankəndidəki evim durur. Amma elə haldadır ki, yadıma düşəndə başımın tükləri biz-biz olur. Elə bil ki, evim zibilxanadır. Xankəndinin mərkəzində ermənilər yeni binalar tikiblər, villalar var. Lakin kənarlar çox pis vəziyyətdədir. Ora gedəndə elə bildim ki, yad yerə gəlmişəm. Köhnə binaların suvaqları tökülürdü.

Birinci dəfə Xankəndiyə gedəndə dəhşətə gəlmişdim. Qarabağ Universitetinin ətrafında köhnə binalar var idi. İndi qısa müddətdə oranı gözəl bir universitetə çevirdilər. Köhnə binalar, avtovağazallar tamamilə söküldü, yerində park salındı”.

Daha çox xəbərlər