Region Xəbərləri 

Möhkəm təməllərə əsaslanan milli iqtisadi inkişaf modeli

2003-cü ildən başlayaraq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğura imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə etmişdir. Cənab Prezidentin 20 illik prezidentliyi dövründə bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Ötən dövrdə neft gəlirləri hesabına ölkənin maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb.Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, vacib olan neft strategiyası davam etdirilib. Sentyabrın 26-da keçirilmiş iqtisadi məsələlərə həsr olunmuş müşavirədə dövlətimizin başçısının səsləndirdiyi rəqəmlər ölkənin iqtisadi inkişafının real mənzərəsinin güzgüsüdür.
Ölkəmizdə davamlı makroiqtisadi və maliyyə sabitliyi daxili və xarici investisiya fəallığını şərtləndirir. Sağlam və şəffaf biznes mühitinin yaradılması ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırır. Azərbaycan beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb.
Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir. Yeni dövrün tələbinə uyğun olaraq hazırda ölkəmizdə ixracın təşviqi sistemi işə salınıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı verdiyi qərarlara əsasən Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində vacib tədbirlər həyata keçirilir.
Transmilli enerji və nəqliyyat-kommunikasiya dəhlizləri sahəsində uğurlu siyasət sosial-iqtisadi inkişaf göstəricilərini yüksəldib. Ölkəmiz Avropanın enerji təminatında strateji və etibarlı tərəfdaşa çevrilib. 2006-cı ildə istismara verilən Bakı-Tbilisi-Ceyhan boru kəməri, 2018-ci ildə rəsmi açılışı olan Cənub Qaz Dəhlizi bu baxımdan xüsusi qeyd edilməlidir. Azərbaycan İlham Əliyevin hakimiyyəti dövründə enerji sahəsində də önəmli bir rol oynayır. Ölkə strateji enerji sərvətlərini, neft və qaz kəmərlərini optimal şəkildə idarə etməklə beynəlxalq enerji siyasətinə aktiv şəkildə müdaxilə edir.Sosial sahədə təhsil və sağlamlıq sistemlərinin inkişafı, işsizliklə mübarizə və ictimai infrastrukturun modernləşdirilməsi ilə bağlı irəliləyişlər mövcuddur. Azərbaycan iqtisadiyyatı və infrastrukturu daha da inkişaf edir. Sosial proqramlar genişləndirilməsi xalqın yaşam tərzinin yaxşılaşdırılmasına yol açır. Ölkədə strateji iqtisadi inkişaf və sosial sahədə dəyişikliklərin davam etməsi ilə neft və enerji sahələrində layihələr, ölkə enerji siyasətində beynəlxalq aləmdə mühüm və önəmli yer tutur.
İlham Əliyevin son 20 il ərzində həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticə etibarilə Azərbay­canın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət etmişdir. Varislik prinsipini qoruyub saxlamağı ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müstəqil və milli maraqlara əsas­lanan xarici siyasət kursunu dünyanın geosiyasi reallıqlarına cavab olaraq çevik, taktikalara əsaslanmaqla davam etdirir.
Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, xalqımız bir amal uğrunda birləşib – Azərbaycanı gücləndirmək, sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək. Yeni hədəflərə doğru inamla irəliləyən Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlarla başa vurur.
Türkan Şadlinskaya – Bərdə Heydər Əliyev Mərkəzinin elmi işçisi

Daha çox xəbərlər