1993-cü ilin 3 oktyabrı: Böyük inkişaf yolunun başlanğıcı
Ümummilli Lider Heydər Əliyev həmin tarixdə xalqın mütləq əksəriyyətinin səsi ilə Prezident seçilməklə bizi təkcə o vaxtadək mövcud olan problemlərdən bizi qurtarmadı, həm də bugünkü uğurlarımızın, zəfərlərimizin əsasını qoydu
Düz 31 il öncə -1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində tarixi seçimini edən Azərbaycan xalqı mütləq səs çoxluğu ilə Heydər Əliyevi Prezident seçdi. Ulu Öndər 1993-cü il oktyabrın 10-da müstəqil ölkənin Prezidenti kimi dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etdi, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə xidmətin əyani nümunəsini yaratdı. Beləliklə, qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu, bütün sahələrdə sürətli inkişaf başlandı.
Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı. Qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Məhz Ulu Öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edildi. Bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olundu və qanunun aliliyi prinsipinin təmin olunması üçün müvafiq tədbirlər görüldü.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli Liderin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu Öndər nüfuzlu beynəlxalq təşkilatlar və aparıcı dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq mötəbər beynəlxalq tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu.
Məhz Ulu Öndərin gərgin əməyi nəticəsində ölkə ərazisində qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, ilk parlament seçkiləri keçirildi, referendum yolu ilk Milli Konstitusiya qəbul edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsi, Ombudsman və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğvi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin əməyin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi.
Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi anti-Azərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə neft müqaviləsi bağlandı. “Əsrin müqaviləsi” adlanan bu kontrakt sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunması idi. Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirdi.
Bütövlükdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik xarici siyasət kursu nəticəsində Azərbaycanın xarici əlaqələri genişlənməyə başladı, ölkəmizin beynəlxalq mövqeyi gücləndi. Nəticə etibarilə Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısını aldı, ölkəmizi tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Bu gün müstəqil Azərbaycan dövləti Ümummilli Liderin ideyaları əsasında uğurla inkişaf edərək yeni zirvələr fəth edir.
Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biri idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.
Dahi şəxsiyyət Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Ulu Öndər beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və müdrik dövlət xadimi olduğunu təsdiq etmişdir. Ulu Öndər Heydər Əliyev gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi peşəkarlıq sayəsində “Siyasət nəhəngi”, “Siyasət qrosmeysteri”, “Siyasət patriarxı” və digər bu kimi adlar qazanmışdır. Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbrliliyində, nəzəriyyəyə istinad etməsində və bir çox digər məsələlərdə Ulu Öndərin fenomenallığı sübut olunmuş faktdır. Ulu Öndər Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu Öndər öz çıxışlarında fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi.
Bu gün dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin təməlini qoyduğu Azərbaycan diplomatiyası, iqtisadiyyatı, hərb sahəsi bu gün inkişaf dövrünü yaşayır. Dünyanın gərgin, münaqişələrlə dolu dövrünü yaşadığımız bu günlərdə sabit ictimai-siyasi şərait, inkişaf edən iqtisadiyyat, güclü, ölkənin ərazi bütövlüyünü təmin edə bilən ordu dahi şəxsiyyətin əzminin, iradəsinin, uzaqgörənliyinin nəticələridir.
Hazırda Cənubi Qafqazın lider dövləti olan ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Dövlətimizin moderatorluğu və təşəbbüsü ilə strateji əhəmiyyətli layihələr reallaşdırılıb və bu siyasət davam edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, nəqliyyat–kommunikasiya xəritəsini yenidən formalaşdırır. Yəni, ölkəmiz regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa çox mühüm töhfələr verir. Bir neçə il bundan əvvələ kimi öz təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunmasına çalışan Azərbaycan bu gün Cənubi Qafqazın, Mərkəzi Asiyanın, Avropanın hərbi, enerji və iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Hazırda Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı uğurla icra olunur. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək. Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib. Suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında yeni hədəflər durur.
Yaqut Ağaşahqızı, “İki sahil”