Cəmiyyət 

Kosmetika məhsulları qaytarıla bilər? -AÇIQLAMA

Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan mallara kosmetika məhsulları da daxildir.

Müştəriləri maraqlandıran məqam istifadə olunmamış kosmetika məhsulunun qaytarılmasının mümkün olub-olmamasıdır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən BiG.AZ-a bildirilib ki, Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarı ilə ölkə ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiqlənmişdir. Həmin siyahıda parfümeriya-kosmetika malları da nəzərdə tutulmuşdur. Siyahıda qeyd edilən mallar, o cümlədən parfümeriya-kosmetika malları dəyişdirilə bilmədiyindən qaytarılması da mümkün deyildir:

“Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, alıcı qeyri-ərzaq malını ona verildiyi andan on dörd gün ərzində malın alış yerində və ya satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər.
Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Göründüyü kimi, istehlakçı aldığı malı yalnız dəyişdirmək üçün uyğun mal olmadığı halda qaytara bilər.
Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarı ilə ölkə ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiqlənmişdir. Həmin siyahıda parfümeriya-kosmetika malları da nəzərdə tutulmuşdur. Siyahıda qeyd edilən mallar, o cümlədən parfümeriya-kosmetika malları dəyişdirilə bilmədiyindən qaytarılması da mümkün deyildir”.

Vəkil Emil Aslanov bildirib ki, parfümeriya-kosmetika malları dəyişdirilməsi mümkün olmayan mallara daxil olsa belə əgər istehsal qüsuru aşkarlanıbsa, həmin mal qaytarıla bilər:
“İstehlakçıların hüquqlarının qorunması haqqında qanuna əsasən Nazirlər Kabineti dəyişdirilməsi və qaytarılması mümkün olmayan malların siyahısını tərtib edib. Bunlara parfümeriya-kosmetika malları da daxıldır. Ancaq bu halları qeyd etmək istərdim ki, əgər istehsal qüsurları aşkar olunubsa, bu halda həmin mal yaralı vəziyyətdədirsə, qutusu cırılmayıbsa,necə alınıbsa o vəziyyətdədirsə, istehsalçıya qaytarıla bilər. İstehlakçı hüquqları qorunmalıdır. Həmin dükan istehsalçıya malı qaytarmağa borcludur”.

Daha çox xəbərlər