Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirləri Heydər Əliyevin məzarını ziyarət etdi FOTO
Oktyabrın 8-də Azərbaycanın incisi olan və 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət paytaxtı seçilən Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçiriləcək.
ARANTV.AZ xəbər verir ki, tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikasının səhiyyə nazirləri və Macarıstanın nümayəndəsi iştirak edəcəklər.
Tədbir ərəfəsi 7 oktyabr tarixində qonaqlar Fəxri Xiyabanda Türk dünyasının böyük oğlu və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, tər gül dəstələri düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb.
Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olan qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılan “Türk şəhidliyi” abidəsinin önünə gül dəstələri düzüblər.
Nümayəndə heyəti, həmçinin dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzini ziyarət edib. Məlumat verilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
Qeyd edək ki, TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin Türk Dövlətləri Təşkilatının Baş katibi, təşkilata üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Sonda yekun sənəd – Birgə Bəyannamə qəbul ediləcək.