ANAMA işçi qəbulu elan edir
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən agentliyin struktur bölmələrində “minaaxtaran” vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.
ANAMA-dan AZƏRTAC-a verilən məlumata görə, fiziki və əqli cəhətdən sağlam, Azərbaycan Respublikasının vətəndaşı olan 40 yaşınadək şəxslər (kişilər), hərbi xidmətini başa vurmuş, cinayət məsuliyyətinə cəlb olunmayan və ya məhkumluğu olmayan, narkotik vasitələrə, psixotrop maddələrə və prekursorlara qarşı asılılığı olmayan şəxslər, hərbi xidmətini başa vuraraq ehtiyata buraxılan 45 yaşadək olan zabit və gizirlər (kişilər) müraciət edə bilərlər.
Həmçinin namizədlərə layiqli əməkhaqqı ilə yanaşı, çalışdığı müddət ərzində səmərəli fəaliyyətinə görə mükafatlar veriləcək, gündə 3 dəfə yemək və yaşayış yeri ilə təmin ediləcək.
Maraqlanan şəxslər əlaqə telefonu göstərməklə şəxsiyyət vəsiqəsinin, təhsilə dair sənədlərin (diplom, sertifikat, vəsiqə, arayış və digər), hərbi biletin yazılı səhifələrinin surətini, məhkumluğun olub-olmaması barədə arayışı career@anama.gov.az ünvanına göndərməlidirlər.
Sənəd qəbulu cari il dekabrın 30-dək aparılacaq.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin və Vətən müharibəsi iştirakçılarının namizədliyinə üstünlük veriləcək.
Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.