Siyasət 

USAİD-in ölkəmizdəki bütün layihələri dayandırıla bilər

Ermənistanı milyon dollarla “yemləyən” ABŞ təşkilatından Azərbaycana hansı təhlükələr yarana bilər?

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana maliyyə yardımının miqdarını iki dəfə artırması çox təhlükəli tendensiyalar formalaşdırır. Bu, Cənubi Qafqazda aparılan sülh təşəbbüslərinə zərbə vuran addımlar kimi xarakterizə oluna bilər.

Çünki USAİD bütün dünyada müxtəlif hakimiyyətləri devirmək üçün səyləri gücləndirir, digər tərəfdən isə özlərinə sadiq olan siyasi dairələrə fərqli məqsədlərlə maliyyə dəstəyi göstərir.

Xəbər verildiyi kimi, Milli Məclisin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib. Müraciətin sonunda deyilir ki, ABŞ-ın Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAİD) və bu ölkənin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələr dayandırılsın və yeni layihələrə icazə verilməsin, eləcə də USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulsun.

Maraqlıdır, USAİD Azərbaycanda hansı layihələri həyata keçirir? Bu təşkilatdan Azərbaycana hansı təhlükələr yarana bilər?

Bakı-xeber.com-un məlumatına görə, USAİD-in internet resurslarında bildirilir ki, təşkilatın Azərbaycandakı məqsədi qarşılıqlı təhlükəsizliyə və firavanlığa sərmayə qoyaraq Azərbaycanla uzunmüddətli dostluq və davamlı tərəfdaşlıq qurmağa davam etməkdir. Əlavə edilir ki, USAİD azərbaycanlıların həyatını yaxşılaşdırmağa qərarlı olan Azərbaycan hökuməti, yerli özəl sektor və vətəndaş cəmiyyəti ilə birgə işləyir: “USAİD iki əsas sahədə inkişaf yardımı göstərir: qeyri-neft sektorunun inkişafına dəstək; iştirakçı və şəffaf demokratik və idarəçilik proseslərinin gücləndirilməsi.

USAİD-in strategiyası Azərbaycanla İnkişaf Əməkdaşlığı Strategiyasında (2020-2025) təsvir edilərək USAİD-in yardımı haqqında ətraflı məlumatı təqdim edir.

USAİD-in işi, xüsusilə kənd təsərrüfatı və turizm sektoru olmaqla özəl sektorun inkişafı və sərmayə üçün daha yaxşı mühitin yaradılmasına, habelə insan alveri ilə mübarizə, işsizliyin azaldılması, bölgələrdə su qıtlığının həlli, gender bərabərliyinin yaxşılaşdırılması, mühim xidmətlərin göstərilməsinə yönəlik qeyri-hökumət təşkilatlarının səylərinə dəstək, ictimai həyatda vətəndaşların iştirakının artırılmasına yönəlib.

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - TurkicWorld

İlyas Hüseynov

Siyasi şərhçi İlyas Hüseynov bildirib ki,  bir qrup deputatın xarici işlər naziri Ceyhun Bayramova müraciətini tamamilə haqlı hesab edir: “Çünki ABŞ-ın bir sıra institutları Bakı ilə Vaşinqton arasındakı münasibətlərə zərbə vurur və burada ermənipərəst mövqedən çıxış edirlər. Məlumdur ki, ABŞ-da mühüm seçki dövrü başlayır. Amerikadakı iri vergi ödəyicilərinin rəğbətini qazanmaq, onların istəklərinə uyğun addımlar atmaq əsas hədəfdir. Lakin bu yanaşmalar Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla ABŞ arasındakı münasibətlərə də mənfi təsir göstərir. Həm də bu fəaliyyət Amerikanın sülh tərəfdarı olan vasitəçi kimi imkanlarını daraldır.

Müraciətdə əsas vurğu edilən məqam USAİD-in  fəaliyyətinə ölkəmizdə son qoyulmasi ilə bağlı çağırışdır. Çünki USAİD, onun rəhbəri, eləcə də müavini Ermənistana səfərləri zamanı bu ölkəyə böyük və səxavətli yardımlar söz veriblər. Ermənistana vəd olunan yardımın iki dəfə artırılmasına dair qərar qəbul edilib. Bütün bunlar Ermənistanda silahlanmaya və revanşizmə təkan verən addımlardır. Ermənistanın silahlandırılması bölgədə eskalasiya, müharibə riskini artırır və bu da bizim milli təhlükəsizliyimizə təhdid kimi qiymətləndirilir. Bütün bu amilləri nəzərə alaraq, düşünürəm ki, Azərbaycan parlamentinin müraciəti həm haqlıdır, həm də indiki reallıqları özündə əks etdirir. Çünki USAİD əvvəlki dövrlərdə də ölkəmizə qarşı çirkin əməlləri ilə yadda qalıb. USAİD-in müxalifəti maliyyələşdirməsi, antimilli qüvvələrə dəstək verməsi yadımızdadır, bunu unutmamışıq. Hazırkı dövrdə də USAİD Ermənistana dəstək verməklə sabitliyi pozmaq hədəflərini müəyyənləşdirib. Biz də buna qarşı etiraz səsimizi ucaldırıq. Hesab edirəm ki, bu proses davam etdirilməlidir”.

Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib

Səməd Seyidov

“ABŞ-la münasibətlərə yenidən baxmaq məsələsini məktubda qeyd etmişik”. Bunu Milli Məclisin oktyabrın 8-də keçirilən iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib: “Bu, birinci addım deyil. ABŞ COP29-un ölkəmizdə keçirilməsinə razılıq verib. Daha sonra bununla bağlı Dövlət Departmenti vasitəsilə başqa fikir bildirilib. Ümumiyyətlə, ABŞ-ın regionumuzda siyasətinin səmimiliyinə inam itib. Biz ABŞ-la əlaqələrimizi ciddi surətdə gözdən keçirməliyik”.

Ziyafət Əsgərov: Fransanın 17 min kilometr məsafədə yerləşən Polineziyada  nə işi var?

 Ziyafət Əsgərov

Vitse-spiker Ziyafət Əsgərov da ABŞ-ı ikiüzlü siyasətdə ittiham edib: “30 ilə yaxın ABŞ vasitəçi ölkə kimi ərazilərimizin işğal altında qalmasını, məscidlərimizə, insanlarımıza vurulan ziyanı, 1 milyondan artıq qaçqının hüquqları məsələsini niyə qaldırmadı? ABŞ və digər vasitəçilərin beynəlxalq hüququ yox sayması nəticəsində Azərbaycan torpaqlarını dəmir yumruğunu işə salaraq azad edib. Qarabağın zəngin flora və faunası məhv edilib. Torpaqlarımız azad edildikdən sonra kütləvi məzarlıqların aşkar edilməsi ilə onlara qarşı törədilən işgəncələr üzə çıxıb. Bu fakt beynəlxalq hüquqa, itkin düşmüş insanların yaxınlarına qarşı hörmətsizlik deyilmi? ABŞ-a daha hansı faktları təqdim etməliyik? Azərbaycan hər zaman beynəlxalq siyasətə uyğun davranır. Qərəzli ittihamları heç vaxt qəbul etməyəcək. Öz adekvat cavablarımızı verəcəyik”.

Əli Əhmədov Milli Məclisin sədr müavini seçildi

Əli Əhmədov

Milli Məclisin birinci vitse-spikeri Əli Əhmədov isə deyib ki, Azərbaycana qarşı sanksiya tətbiq etmək cəhdləri yeni deyil: “ABŞ 90-cı illərdə də Azərbaycanın əl-qolunu bağlamaq məqsədilə bu addımı atıb. Əgər 90-cı ildə ölkəmizə qarşı tətbiq edilən sanksiya bizi sarsıda bilmədisə, əksinə, daha da qüvvətləndiksə, bu gün güclü Azərbaycana tətbiq edilən sanksiyaların heç bir nəticəsi olmayacaq. Hesab edirəm ki, son tarix, qazandığımız zəfər Ermənistan üçün ağıllı dərs olmayıb. Azərbaycan bütün dövlətlərlə sülh modelində çalışmaq niyyətindədir. Azərbaycanı nə sanksiya, nə də hansısa təhdidlərlə yolundan döndərmək mümkün olmayacaq”.

“Yeni Müsavat”

Daha çox xəbərlər