TƏBİB “Həmişə ayaq üstə” layihəsi keçirəcək
“TƏBİB-in İxtisas gündəliyi” proqramı çərçivəsində beynəlxalq sümük-əzələ sistemi xəstəlikləri günləri ilə əlaqədar “Həmişə ayaq üstə” layihəsi baş tutacaq.
ARANTV.AZ xəbər verir ki, Bu barədə TƏBİB-dən məlumat verilib. TƏBİB-in təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilən layihə çərçivəsində 22-23 oktyabrda Göyçay Rayon Mərkəzi Xəstəxanasında sümük-oynaq, sinir ağrılarından əziyyət çəkən vətəndaşlara, həmçinin epilepsiya, psixi-fiziki inkişaf ləngiməsi, serebral iflic, febril qıcolma, pleksopatiyadan əziyyət çəkən uşaqlara Bakı şəhərində yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər (travmatoloq-ortoped, revmatoloq, nevroloq, uşaq nevroloqu, endokrinoloq, uşaq endokrinoloqu, terapevt) tərəfindən tibbi xidmətlər göstəriləcək.
Oktyabrın 24-də isə Göyçay Rayon Mərkəzi Xəstəxanasında Göyçay-Kürdəmir tibbi ərazi bölməsinə aid olan – Göyçay, Kürdəmir, Zərdab, Ucar rayonlarında yerləşən tibb müəssisələrinin həkim heyəti üçün seminarların təşkili, həmçinin vətəndaşların maarifləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. “Həmişə ayaq üstə” layihəsi çərçivəsində Göyçay, Kürdəmir, Zərdab, Ucar rayonlarının vətəndaşları baş tutacaq tibbi müayinələrdən yararlanmaq üçün adıçəkilən tibb müəssisələrinin Qeydiyyat bölməsinə müraciət edə bilərlər.