Region Xəbərləri 

Qubadlıya öz sahibləri qayıdıb .Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi .

“ Qubadlıya öz sahibləri qayıdıb .Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi . Oktyabrın 25 – də Qubadlı şəhərinin azad olunması bizim qələbəmizi yaxınlaşdırırdı.” – Prezident Ali Baş Komandan İlham Əliyev.

 

Qubadlı şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. Ölkəmizin cənub -qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük qələbəni daha da yaxınlaşdırdı. 44 günlük vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biri də Qubadlının azad edilməsi hesab edilir. Hər bir qarış torpağımızın azad edilməsi sözsüz ki, xalqımız üçün böyük qürur və iftixar hissi ilə qarşılanırdı. Tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi uğrunda canını fəda etmiş oğullarımız bu gün böyük hörmət və ehtiramla yad edilir.

Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biri idi. Qubadlı erməni işğalında olduğu zaman digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Rayon ərazisində bütün sosial infrastruktur dağıdılıb, kommunikasiya xəttləri məhv edilib, ermənilər nə mümkündürsə daşıyıb aparıb. Ərazidə ekoloji terror həyata keçirib, bununla da xalqımıza külli miqdarda maddi-mənəvi ziyan vurulub.

2020-ci il 25 oktyabr tarixli 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə yüksəkliklər nəzarətə götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlının işğaldan azad olunması nəticəsində Vətən müharibəsinin gedişatında ordumuz strateji əhəmiyyətli uğur qazandı. Azərbaycan ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.

Döyüş meydanında Müzəffər Ordumuz bütün şəhidlərimizin qisasını alıb.İndi bütün azad edilmiş bölgələrimiz kimi Qubadlıda da böyük quruculuq işləri icra edilir. Bu da qubadlıların çox qısa zamanda öz yurd-yuvalarına dönüb əbədi, xoşbəxt yaşamasına zəmin yaradır. Sözsüz ki, erməni faşizmi vaxtilə işğalda saxladığı digər rayonlarımız kimi Qubadlı rayonunda da törətdiyi vəhşiliklərə görə beynəlxalq hüquq qarşısında cavab verəcək. Çünki Ermənistan digər rayonlarda olduğu kimi Qubadlıda da çoxsaylı hərbi cinayətlər törədib. Cenevrə konvensiyalarına zidd olaraq işğal edilmiş torpaqlarımızda qanunsuz məskunlaşma aparılıb. Bütün bu faktlara əsasən Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməli olacaq.

Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də özünün tvitter hesabından elan edib. Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib. Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb. Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı təsis olunub. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

QubadlıTarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixləri bayram günü kimi qeyd edir. Bu münasibətlə xalqımızı təbrik edir, tarixi torpaqlarımızın işğaldan azad olunmasında canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik.

Sayad Məmmədova, YAP Bərdə rayon təşkilatı fəalı, Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin Tarix müəllimi

Daha çox xəbərlər