Region Xəbərləri 

25 oktyabr – Qubadlı şəhəri günü ilə əlaqədar

Qubadlı şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. Ölkəmizin cənub qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük Qələbəni daha da yaxınlaşdırdı. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsi hesab edilir. Hər bir qarış torpağımızın azad edilməsi sözsüz ki, xalqımız üçün böyük qürur və iftixar hissi ilə qarşılanırdı. Tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi uğrunda canını fəda etmiş oğullarımız bu gün böyük hörmət və ehtiramla yad edilir.
Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biri idi: “Qubadlı erməni işğalında olduğu zaman digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Rayon ərazisində bütün sosial infrastruktur dağıdılıb, kommunikasiya xəttləri məhv edilib, ermənilər nə mümkündürsə daşıyıb aparıb. Ərazidə ekoloji terror həyata keçirib. Bununla da xalqımıza külli miqdarda maddi-mənəvi ziyan vurulub”.
“Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlının işğaldan azad olunması nəticəsində Vətən müharibəsinin gedişatında Ordumuz strateji əhəmiyyətli uğur qazandı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu”.
Qeyd etməliyik ki, Qubadlı kənd təsərrüfatı üçün əlverişli olmaqla yanaşı, zəngin faydalı qazıntıları ilə tanınır: “Rayonunun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf daş yataqları mövcuddur. Həmçinin rayonun Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı var. Sözsüz ki, Qubadlı üçün ən əlamətdar günlərdən biri də 2020-ci il 23 dekabrında Prezident İlham Əliyevin rayonda şanlı bayrağımızı ucaltmasıdır. Təbii ki, ölkə başçısının Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Bu gün Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr – Qubadlı şəhəri günü kimi müəyyən olub. Qubadlının yeni inkişaf tarixi başlanıb. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. İşğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində 27 oktyabr 2021-ci il tarixində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb. Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin‒Qubadlı‒Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Qubadlı rayonunu kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəz kimi inkişaf etdirmək nəzərdə tutulur.

Daha çox xəbərlər