Region Xəbərləri 

Uğurlu əməkdaşlıq əlaqələri 

Azərbaycan dünyada tam müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Ötən illərdə respublikanın milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid ideologiyası formalaşmışdır. Dövlətin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir. Azərbaycanda mülki cəmiyyətin qurulması, təhlükəsizlik problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlib.

Hər bir liderin dövlət idarəçiliyində qazandığı uğur və nailiyyətləri şərtləndirən başlıca amillərdən biri ciddi təmələ söykənən siyasi varislik ənənələrinin qorunmasıdır. Söhbət ölkənin və dövlətin dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsi xəttinin etibarlı şəkildə qorunmasından gedir. Ulu öndər güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək peşəkar lider, layiqli davamçı yetişdirib. Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev öz siyasətini bu ənənələr çərçivəsində qurur.

Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadiyyatda böyük nəticələr əldə etməsi, iqtisadi sahədə keçid dövrünü başa vurması faktıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın Avropa regionunun gələcək enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir. Azərbaycan insanının gün-güzəranı yaxşılaşır, şəhər, kənd və qəsəbələr abadlaşır, respublikada işsizlik, yoxsulluq kimi ağır sosial bəlalar artıq həllini tapır. Bütün bunlarla yanaşı, Azərbaycanda demokratiyanın təntənəsi, qanunların aliliyi, haqq-ədalətin zəfəri üçün bütün lazımi tədbirlər həyata keçirilir.

İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini mətinliklə geridə qoyan respublikamız bütün sahələrdə sürətlə inkişaf edir, şəhər və rayonlar abadlaşır, müasirləşir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir.

Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyur. Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən Azərbaycan bu gün tamam fərqli statusda çıxış edir. Qürur doğuran haldır ki, Azərbaycan bu gün bütün regional məsələlərdə əsas oyunçulardan biridir, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər Azərbaycanla hesablaşır, onun mövqeyini nəzərə alırlar. Prezident İlham Əliyev bildirib: “Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur.

Azərbaycan dövləti milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirmişdir. Ölkə başçısı Azərbaycanın müstəqil dövlət kimi uğurlu siyasət apardığını bildirib. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərmişdir. Ölkə rəhbərliyi bu gün də iqtisadi və siyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır. Azərbaycana qarşı aparılan qərəzli kampaniya da ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi güdür. Bəzi dövlətlərin və təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbləri kifayət qədər üzdədir: son illər respublikamız iqtisadi və siyasi baxımdan kifayət qədər güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilmişdir.

Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilməkdədir. Bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində daha böyük nailiyyətlər əldə etməkdədir. Bunu gözü götürməyən antiazərbaycançı qüvvələrin ölkəmizə qarşı apardıqları qərəzli kampaniya həmişəki kimi yenə də fiaskoya uğrayacaq.

Azərbaycanda son 20 ildə həyata keçirilən daxili və xarici siyasətin uğurları ölkənin dünya miqyasındakı reytinqini getdikcə artırır və bu uğurlar siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə özünü açıq şəkildə büruzə verir. Ən əsası isə, 3 il əvvəl Vətən müharibəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması Azərbaycanı dünyada qalib dövlət kimi tanıtdı. O zamandan başlayaraq qələbədən-qələbəyə gedirik. Ölkənin sürətli inkişafı artıq dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, televiziya kanallarının da diqqətini cəlb edib. 9 dekabr 2023-cü il tarixində Prezident İlham Əliyevin “Euronews” televiziyası ilə yayımlanan müsahibəsi də bunu təsdiqlədi. Televiziyanın əməkdaşının ilk sualını “Avropa yenidənqurma və İnkişaf Bankının hesablamalarına görə, Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri ciddi iqtisadi inkişafa nail olublar” cümləsi ilə başlaması hər birimizdə qürur hissi yaratdı.

Ölkə başçısı son 20 ildə Azərbaycanın qazandığı uğurlar barəsində məlumat verərək deyib ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. Bu müddət ərzində Azərbaycan neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuş və 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Bu dövrdə ümumi daxili məhsul (ÜDM) dörd dəfə artıb. Düşünülmüş sosial siyasət nəticəsində yoxsulluğun səviyyəsi təqribən 50%-dən 5,5%-ə qədər enib. Bu, onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalinin bütün seqmentləri arasında ədalətli bölünüb. Bununla yanaşı, xarici borcun səviyyəsi hər il azalır. Bu gün bu rəqəm ÜDM-in 10%-dən aşağıdır.

Ölkəmizin iqtisadi inkişaf göstəriciləri olduqca pozitivdir və müxtəlif beynəlxalq reytinq institutları, araşdırma mərkəzləri tərəfindən yüksək qiymətləndirilir,dəyərləndirir.

Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi inkişaf yolunun ən mühüm keyfiyyətlərindən biri sabitlik və tərəqqinin paralel olmasıdır. İnkişafın təməli kimi dəyərləndirilən sabitliyin ölkəmizdə yüksək səviyyədə qorunması uğurların bir-birini əvəzləməsinə geniş imkanlar açır. Bu gün Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı sürətlə artır. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi beynəlxalq əhəmiyyətli layihələrin icrasına, eyni zamanda, maliyyə imkanlarının artmasına yol açır. Müstəqil siyasət aparmaq, iqtisadi, o cümlədən enerji sahəsində müstəqil təşəbbüsləri irəli sürmək maliyyə, iqtisadi və siyasi cəhətdən böyük imkanlar tələb edir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda enerji, həmçinin nəqliyyat və iqtisadiyyat sahəsində heç bir təşəbbüs irəli sürülə bilməz. Azərbaycan enerji resurslarından əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, milli maraqlarımızın təmin edilməsi və ölkəmizin qüdrətlənməsi naminə istifadə edir. Bütün bunlar Azərbaycanı güclü, qüdrətli, müasir və sürətli inkişafa malik ölkəyə çevirib.

 

Elnarə Cəfərova –Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi

Daha çox xəbərlər