Siyasət 

Türklər hər yerdə qardaşdır: Londonda Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi – FOTOLAR

Azərbaycanın Britaniyadakı səfirliyində 8 Noyabr – Zəfər bayramı ərəfəsində Azərbaycan-Türkiyə qardaşlıq axşamı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Britaniyadakı səfiri Osman Koray Ertaş, Türkiyə səfirliyinin əməkdaşları, Azərbaycan və Türkiyə icmasının nümayəndələri, Şimali Kipr Türk Cümhuriyyətinin Britaniyadakı nümayəndəsi Çimen Keskin, həmçinin fəxri qonaq qismində Britaniya parlamentinin İcmalar Palatasının deputatı Nesil Çalışkan iştirak edib.

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək qarşıdan gələn 8 Noyabr – Zəfər bayramı münasibətilə həmvətənlərimizi təbrik edib. Zəfər bayramının çağdaş tariximizin ən önəmli səhifələrindən olduğunu qeyd edən səfir bu Zəfərin müəllifinin Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan xalqı olduğunu vurğulayıb. Şəhidlərimizə rəhmət və qazilərimizə cansağlığı diləyən diplomat Azərbaycan xalqının bu Zəfər bayramının bütün Türk dünyasının sevinci olduğunu deyib.

29 Oktyabr – Cümhuriyyət Günü münasibətilə Türkiyə icmasının nümayəndələrini təbrik edən səfir Azərbaycan və Türkiyə xalqlarının bir ailə olduğunu vurğulayıb. O, bu qardaşlığın Oğuz xandan Səlcuq xana, Sultan Alparslandan Mustafa Kamal Atatürkə, Ulu Öndər Heydər Əliyevdən Prezident İlham Əliyevə və Prezident Rəcəb Tayyib Ərdoğana kimi əsrlər boyu davam etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin məhz bu birliyin daha da möhkəmlənməsinə yönəldiyini söyləyib. Ümummilli Lider Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət”, eləcə də Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının iki ölkənin qardaşlığının rəmzi olduğunu bildirib.

Daha sonra çıxış edən Türkiyənin Britaniyadakı səfiri Osman Koray Ertaş belə bir qardaşlıq axşamı təşkil etdiyinə görə Azərbaycanın Britaniyadakı səfirliyinə təşəkkürünü bildirib. Türkiyə səfiri 8 Noyabr – Zəfər bayramı münasibətilə Azərbaycan icmasını təbrik edib. Qardaşlıq hisslərinin Azərbaycan və Türkiyə xalqının ürəyindən gəldiyini və bu duyğuların təbii olaraq davamlı şəkildə nəsildən-nəslə keçdiyini deyən səfir bu qardaşlığın əbədi və sarsılmaz olmasını arzulayıb.

Tədbir Azərbaycanın Əməkdar artisti, bəstəkar, pianoçu Turan Manafzadənin konsert proqramı ilə davam edib. “Xocalı”, “Çanakkale”, “Nazəndə sevgilim”, “Mən səni araram”, “Çırpınırdı Qaradəniz” kimi musiqi parçalarını səsləndirən sənətçi “Qarabağ” futbol komandası üçün bəstələdiyi “Qarabağ marşı” və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr etdiyi “Türkiyə 100” marşı ilə konsert proqramını yekunlaşdırıb.

Qeyd edək ki, Turan Manafzadə bir neçə gün öncə 29 Oktyabr – Cümhuriyyət Günü münasibətilə Londonda Türkiyə səfirliyi tərəfindən təşkil edilmiş rəsmi ziyafətdə də xüsusi konsert proqramı ilə çıxış edib.

Aytən Abbaslı,
AZƏRTAC-ın xüsusi müxbiri
London

Daha çox xəbərlər