Fərdi məlumatlarımızı necə qorumalı?-vəkildən AÇIQLAMA
Son dövrlərdə ən kiçik alış-verişlər zamanı şəxsiyyət vəsiqəsi tələb edilir. Nəzərə almalıyıq ki, şəxsiyyət vəsiqəsi dövlət tərəfindən verilmiş xüsusi sənəddir və onu “kimə gəldi” təqdim etmək olmaz. Bəs fərdi məlumatlarımızı necə qorumalıyıq?
Mövzu ilə bağlı BiG.AZ-a danışan vəkillər kollegiyasının üzvü, vəkil Vamiq Şükürov bildirdi ki, notariat əməliyyatların aparılması, daşınmaz əmlakın, dövlət qeydiyyatından keçməli olan daşınar əşyaların alqı-satqısı, elektrik, məişət avadanlıqlarının satışında ixtisaslaşmış mağazalarından alış-veriş edərkən, eyni zamanda hansısa mühafizə olunan yerlərə (metro və ya dövlət orqanlarının iztibati binaları) daxil olarkən vətəndaşlardan şəxsiyyət vəsiqələrinin alınması və baxılması tələb oluna bilər:
“Bundan başqa mobil telefon nömrələrinin satılması zamanı həyata keçirilən rəsmləşdirmə işlərində vətəndaşlardan şəxsiyyət vəsiqəsinin tələb edilməsi mümkündür.
Lakin bir sıra xırda əqdlər bağlanarkən (kiçik həcmli alış-verişlər) bu zamankı alqı-satqılar şifahi formada reallaşdırılır. Yaxud da nəqliyyat vasitəsindən, taksidən, avtobusdan istifadə zamanı vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb edilə bilməz.
Bu məsələdə insanların narahatlığı ondan ibarətdir ki, şəxsiyyət vəsiqələri verilən zaman şəkilləri çəkilir və ya sürətləri çıxarılır. Sonradan həmin sənədlərdən hər hansısa bir qanunsuz hərəkətlərin yerinə yetirilməsi zamanı istifadə edilə bilir. Nəticədə isə vətəndaşa yəni şəxsiyyət vəsiqəsinin sahibinə ziyan dəymiş olur. Hər hansısa bir vətəndaş şəxsiyyət vəsiqəsinin surətini veribsə, onun vəsiqəsindən istifadə edərək qanunsuz hərəkətə yol verilibsə, həmin şəxs məhkəməyə müraciət edib öz pozulmuş hüququnu bərpa edə bilər”.

