“Manas” və “Dədə Qorqud”la möhkəmlənən strateji əməkdaşlıq
Türk dünyasının əməkdaşlıq və dostluq salnaməsinə gündən-günə yeni səhifələr yazılır. Bu prosesə Azərbaycan–Qırğızıstan əlaqələri də töhfələr verməkdədir. Şübhəsiz, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Qırğızıstan əlaqələri bu ölkələrin bir-birinə qarşılıqlı etimadından güc alır. Bu mənada dövlətlərarası münasibətlərimizin inkişaf edərək yeni mərhələyə qədəm qoyması məmnunluq doğurur. Bu irəliləyiş, bu gün bütün türk dünyası üçün də önəm daşıyır.
Məlumat üçün bildirək ki, müstəqil dövlətlərimiz arasında diplomatik əlaqələr 1993-cü ildə qurulub. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin “Manas” dastanının 1000 illiyi tədbirlərində iştirak etmək üçün Qırğızıstana səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayıb. 2000-ci ildə isə Qırğızıstan Prezidenti “Dədə Qorqud” dastanının 1300 illik yubileyinin iştirakçısı olub. Bu mənada demək olar ki, türk dünyasının ortaq dəyərləri sayılan “Manas”la “Dədə Qorqud” iki ölkə arasındakı əlaqələrin geniş təşəkkül tapmasında mühüm vəsilə olub. Azərbaycanın Qırğızıstanda, Qırğızıstanın Azərbaycanda səfirliyinin açılması isə bu ölkələr arasında əlaqələrin inkişaf mərhələsinə qədəm qoymasına təkan verib. Bu isə o deməkdir ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Qırğızıstanla münasibətlərin genişləndirilməsinə xüsusi diqqət yetirmişdir. Ölkələrimiz arasında son üç ildə həyata keçirilmiş yeddi ali səviyyəli qarşılıqlı səfər də bunu təsdiq edir.
Bu gün ölkələrimiz arasında bir sıra sahələrdə, xüsusilə də ticarət, iqtisadiyyat, investisiya və nəqliyyat sahələrində əməkdaşlıq uğurla inkişaf edir və mühüm layihələr həyata keçirilir. Hazırda ölkəmizdə 70-dən çox Qırğızıstan şirkəti fəaliyyət göstərir. 2022-ci ildə iqtisadi əməkdaşlığı genişləndirmək üçün Azərbaycan-Qırğız İnkişaf Fondu təsis edilib. Fond Azərbaycan və Qırğızıstanın biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərməklə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xidmət edir. İki ölkə arasındakı Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalar əməkdaşlığın iqtisadi sahədə genişləndiyini göstərir. Təkcə bir faktı xatırladaq ki, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 10 milyon 800 min dolları olub. 2023-cü ilin əvvəlindən etibarən isə idxal-ixrac əməliyyatları sürətlə artmağa başlayıb. Belə ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 65 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6 dəfə artım deməkdir. Eyni zamanda, Qırğızıstanın maliyyə dəstəyi ilə işğaldan azad edilmiş Ağdam rayonunun Xıdırlı kəndində 528 şagird yerlik məktəb binası tikilir. Bununla da Qırğızıstan erməni barbarları tərəfindən viran qoyulmuş, hazırda geniş yenidənqurma işləri aparılan Ağdama öz töhfəsini verir. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.
İndiyədək iki ölkə arasında 105 sənəd imzalanıb ki, onların içərisində strateji tərəfdaşlıq münasibətlərini hüquqi əsaslarla möhkəmləndirilməsinin keyfiyyətcə yeni səviyyəyə qaldıran, 2022-ci il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı imzalanan “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” də vardır.
Bir məsələni də vurğulayaq ki, Qırğızıstan COP29-u təqdir edən ölkələrdəndir. Hətta Qırğızıstan Prezidenti Sadır Japarov Şuşada təşkil olunan Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə demişdi ki, sevindirici haldır ki, bu ilin noyabr ayında qardaş Azərbaycan ən vacib qlobal forumlardan birinə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcək: “Əminəm ki, Azərbaycanın COP29-a sədrliyi qarşıdan gələn konfransın gündəliyində duran məsələləri, o cümlədən iqlim maliyyələşməsini əhəmiyyətli dərəcədə irəliyə apara biləcək”. O, həmçinin bu mötəbər tədbirin Bakıda keçirilməsini bütün türk dünyası üçün böyük hadisə kimi dəyərləndirmişdi. Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev isə bildirib ki, bu il Qırğızıstan ilk dəfə COP29-da öz pavilyonunu təqdim edəcək ki, bu da ölkənin nailiyyətlərini daha geniş şəkildə nümayiş etdirməyə və beynəlxalq tərəfdaşlarla görüşlər keçirməyə imkan yaradacaq
Şübhəsiz, Prezident İlham Əliyevin noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XI Zirvə Görüşündə iştirak üçün Qırğızıstana növbəti səfəri ölkələrimizin münasibətlərində yeni bir mərhələnin başlandığından xəbər verir. Əminliklə deyə bilərik ki, Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər hər iki ölkənin liderlərinin səyləri, xalqlarımızın ortaq dəyərləri və qarşılıqlı dəstəyi ilə günbəgün möhkəmlənir.
Qeyd edək ki, bu səfər çərçivəsində Prezident İlham Əliyevə bir nömrəli “Çingiz Aytmatov” ordeni təqdim edilib. Yeri gəlmişkən qeyd edək ki, Ulu Öndər Heydər Əliyev əsərləri ölkəmizdə də sevilə-sevilə oxunan böyük yazıçı və ictimai xadim Çingiz Aytmatovu “Türk dünyasının fəxri” adlandırmış, onu həm Qırğızıstanın, həm də Azərbaycanın qüruru kimi dəyərləndirmişdi. 2008-ci ildə Prezident İlham Əliyev bir nömrəli “Dostluq” ordenini Çingiz Aytmatova təqdim etmişdi. “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi mərasimində həmin təqdimatı xatırladan dövlətimizin başçısı deyib ki, həmin vaxt bu orden mənim tərəfimdən, mənim təşəbbüsümlə yenicə təsis olunmuşdu: ”Açığını desək, düşünürdüm ki, hər halda rəqəmlərdə bir rəmzilik var, fikirləşirdim ki, bu bir nömrəli ordeni kimə təqdim edək. Sözsüz ki, ilk ağlıma gələn o oldu ki, onu türk dünyasının hər hansı bir nümayəndəsinə verək”. Onu da qeyd edək ki, Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə bu il aprelin 24-də Bakı şəhərində Çingiz Aytmatovun abidəsi də açılıb.
Qvami Məhəbbətoğlu, “İki sahil”