“İlham Əliyevi COP29-un mükəmməl təşkilinə görə təbrik edirəm”
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Prezident İlham Əliyevi COP29-un mükəmməl təşkilinə görə təbrik edirəm.
Bunu COP29 məkanında Trend-ə açıqlamasında Konqonun Prezidenti Deni Sassu-Nqesso deyib.
“İlk növbədə, mən dostum və qardaşım Prezident İlham Əliyevi və onun hökumətini bu COP29-un mükəmməl təşkilinə görə təbrik etmək istərdim. Bu, böyük uğurdur. Burada bütün dünya ölkələri iştirak edir. Bütün ölkələr COP29-da təmsil olunur və bu, böyük uğurdur”, – o bildirib.
Onun sözlərinə görə, COP29 çərçivəsində mühüm qərarlar verilib.
“Dünən biz karbon qazının azaldılması üzrə Paris sazişinin 6-cı maddəsinin mexanizmlərinin qəbulunu alqışladıq. Bu, COP29-a aid edilə bilən bir uğurdur. Paris sazişinin 6-cı maddəsində yer alan mexanizmləri dəqiqləşdirib yekunlaşdırmağımız mühüm hadisədir”, – o bildirib.
Prezident yekunda vurğulayıb ki, COP29 yüksək səviyyədə təşkil edilib və tam uğurlu olub.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.