Siyasət 

İlham Əliyevin COP tribunasından cəsarətli çıxışı: Dünyanın gözü Bakıdadır

Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) 5-ci gündür ki, davam edir.

Hazırda Mavi Zonada müxtəlif yerli və beynəlxalq təşkilatların tədbirlərinə start verilib. Tədbir yüksək səviyyəli olması ilə yanaşı, verilən mesajları ilə də diqqət çəkir. Xüsusi ilə də Azərbaycan Prezidenti İlham Əliyevin COP29 sammitində etdiyi cəsarətli çıxış hələ də müzakirə olunur. Dünyanın müxtəlif media orqanları dövlət başçımızın çıxışından sitatlar gətirir və onu şərh edir. “Haber Global”ın hazırladığı sujetdə bildirilir ki, prezidentin COP29 sammitində Fransa və Niderlandla bağlı haqlı tənqidləri Brüsseldə əks-səda doğurub:

“İlham Əliyev Fransa və Niderlandı dənizaşırı əraziləri çirkləndirməkdə məsul bilib. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel isə bu iki ölkəni müdafiə edib. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ-nin ikili standartlarını nümayiş etdirən Borrelə verdiyi qəti cavabla mövqeyini aydın şəkildə ortaya qoyub. O, Aİ üzvü olmağın heç bir ölkəyə müstəmləkəçilik hüququ vermədiyini bildirib”.

Prezident İlham Əliyev çıxışında xronoloji ardıcıllıqla Fransa və Niderlandın müstəmləkəçiliyindən əziyyət çəkən ölkələri sadaladı və onları alqışlamağa çağırdı: 

“Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır”, -dövlət başçısı bu xalqların haqq səsini mühüm tədbirin tribunasından səsləndirdi.

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri  ilə təmasları gücləndirək

Prezident Müstəmləkəçilərin bu ərazilərdə apardığı nüvə sınağına görə ətraf mühitin çirklənməsini iqlim sammitində dilə gətirdi. O, konkret faktlarla bildirdi ki, 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır.

“Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyasi məhbuslar dərhal azad olunmalıdır.

Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”.

Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə Azərbaycan 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Məhz COP29-da Azərbaycanın da təşəbbüsü ilə bu dövlətlərin qarşılaşdıqları ekoloji problemlər səsləndiriləcək və həlli istiqamətində qərarlar veriləcək.

Azərbaycan COP29-a 11 ay ərzində yüksək səviyyədə hazırlaşdı. Ölkəmizə gələn rəsmi şəxslərin açıqlamaları bunu deməyə əsas verir. Dövlətimiz bundan öncəki beynəlxalq tədbirlərin təşkilində əldə etdiyi təcrübəni COP29-da uğurla tətbiq etdi.

BMT-nin departament direktoru: Azərbaycan hökumətinin ətraf mühitin  qorunması istiqamətindəki səyləri heyranlıq doğurur - AZƏRTAC

BMT-nin polis məsləhətçisi və Birləşmiş Millətlər Təşkilatının polis rəisi Feysal Şakar bildirir ki, Azərbaycan bu prosesə tam sadiqlik nümayiş etdirib.

“Bu, BMT-nin təhlükəsizliyi baxımından ekoloji şəraitin yaxşılaşdırılmasına çox kömək edəcək təşəbbüsdür. BMT-nin buradakı təhlükəsizliyi kifayət qədər yaxşıdır. Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən və ətraf mühitlə bağlı səylərindən razıyıq”.

Özbəkistanın ekologiya naziri Aziz Abdulhakimov da tədbirin yüksək səviyyədə hazırlandığını bildirir: “İlk olaraq azərbaycanlı həmkarlarımızı və dostlarımızı tədbirin uğurlu keçirilməsi münasibətilə təbrik edirəm. Hər şey ən yüksək səviyyədə təşkil olunub”. O, tərəfdaşlar və həmkarlarla görüşmək, qlobal ekoloji gündəmin bütün məsələlərini “tet-a-tet” müzakirə etmək imkanına görə Azərbaycan hakimiyyətinə təşəkkürünü bildirib. Abdulhakimovun sözlərinə görə, Özbəkistan nümayəndə heyəti üçün Bakıda COP29 çox uğurla keçir.

Təşkilatçılıq ən yüksək səviyyədədir - İqor Şumakov - "İki sahil"

Rusiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidmətinin rəhbəri İqor Şumakov deyir ki, Rusiya nümayəndələri üçün forumda işləmək xoş və rahatdır.

“Hər şey əladır. Qəbul edən tərəf, Azərbaycandan olan həmkarlarımız belə böyükmiqyaslı forumu təşkil etmək üçün əllərindən gələni ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu forumda 70 min iştirakçı qeydiyyatdan keçib. Tədbirin ilk günlərində 80-dən çox prezident və hökumət başçısı iştirak edib. Buna görə də təşkilatçılıq ən yüksək səviyyədədir, burada işləmək bizim üçün çox xoş və rahatdır”.

İtaliyanın İqlim Dəyişikliyi üzrə Xüsusi Elçisi Professor Françesko Korvaro da məmnuniyyətini ifadə edib: “İtaliya COP29 iqlim və sülh təşəbbüsündə aparıcı tərəfdaş olmaqdan qürur duyur və bu problemin öhdəsindən gəlmək üçün tam öhdəliyimizi nümayiş etdiririk”.

Xarici qonaqların tədbirlə bağlı ölkəmizə səfərləri davam edir. Dünyanın gözü hazırda Bakıdadır və  ekoloji problemlərin həlli istiqamətində alınacaq qərarları diqqətlə izləyir.

Daha çox xəbərlər