Kəlbəcər yenidən firavan günlərinə qayıdır
44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir
Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapan müddəalarda Kəlbəcərin, Ağdamın və Laçının boşaldılması ilə bağlı vaxt öz əksini tapmışdı. Ermənilərin Kəlbəcəri 15 noyabr 2020-ci ildə boşaltması sənəddə qeyd edilsə də, əlavə vaxt istədikləri üçün dövlətimiz humanistlik göstərərək 10 gün vaxtı uzatdı. Halbuki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Ermənistan dinc əhalinin ərazidən çıxmasına humanitar dəhliz verməmiş, günahsız insanlar pusquya salınaraq kütləvi qətlə yetirilmişdi. Ermənilərin Kəlbəcəri boşaldan zaman törətdikləri vəhşiliklər isə dünyanın gözü qarşısında baş verirdi. Dünya dövlətləri sussalar da, bu barbarlığın fonunda Azərbaycanın uzun illər ərzində necə vəhşi tayfa ilə üz-üzə olduğunun şahidinə çevrildilər. Belə ki, ermənilər apara bildiklərini apardılar, apara bilmədiklərini yandırdılar, ekoloji terror törətdilər. Bütün bunlara vaxmayaraq 2020-ci il noyabrın 25-də Kəlbəcər Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik danışıqlarda da qalib olmasının göstəricisi idi.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü. İşğalçılar onlarla tarixi-mədəniyyət abidəsini, 97 məktəbi, 9 uşaq bağçasını, 116 kitabxananı, 43 klubu, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı, 75 tibb məntəqəsini, 23 ambulatoriyanı, 9 apteki, yüzlərlə inzibati binanı, minlərlə evi, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar. İşğaldan azad olunan Kəlbəcərə səfər edən Prezident İlham Əliyev bu barədə danışarkən deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.
Prezident İlham Əliyevin diqqət və nəzarəti altında hazırda azad Kəlbəcərdə kompleks işlər sürətlə həyata keçirilir. İnfrastruktur layihələr gerçəkləşdirilir, yollar, tunellər inşa olunur, su-elektrik stansiyaları qurulur, əhəmiyyətli obyektlərin bünövrələri qoyulur. Bu işlər nəticəsində Kəlbəcər əvvəlki şöhrətini özünə qaytarır.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu il sentyabrın 2-də Kəlbəcər rayonuna səfərləri çərçivəsində keçirilən təməlqoyma, açılış mərasimləri Böyük Qayıdış Proqramının icrası, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji siyasətinin reallaşdırılması baxımından vacib məqamları ilə yadda qaldı. Səfər, ilk növbədə, Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına mühüm töhfə kimi diqqəti çəkdi deyə bilərik. Belə ki, Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlıq oldu, şəhərdə ikinci yaşayış kompleksinin, inzibati binanın və İstisu qəsəbəsinin, təməli qoyuldu. Birinci kompleksin tikintisi və ikincisinin təməlinin atılması, eyni zamanda yeni Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlər həm də Kəlbəcərə Böyük Qayıdışın yüksələn sədalarıdır desək yanılmarıq. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlıq zamanı isə ölkə başçısı və birinci xanıma bildirildi ki, birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə hər birində 27 mənzil olmaqla, dördmərtəbəli 6 bina tikilib. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır. Kompleksdə, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır. İkinci mərhələdə isə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Ötən dövrdə “Kəlbəcər-1”, “Çıraq-1” və “Çıraq-2”, “Qamışlı” və “Meydan” Kiçik, bu il sentyabrın 2-də isə 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik stansiyalarının istifadəyə verilməsi həm çətin relyefə malik Kəlbəcərin elektrik enerjisi ilə tam təmin olunması istiqamətində reallaşdırılan əhəmiyyətli işlər kimi təqdirəlayiqdir, həm də sözügedən konsepsiyaya əvəzsiz töhfələr vəd edir. Yeni tikilən “Yuxarı Vəng” Su Elektrik Stansiyası Vətən müharibəsində Qələbədən sonra regionda yaradılan ən böyük “yaşıl enerji” mənbəyi olaraq da məxsusi yerə və rola malikdir. Gücü 22,5 MVt olan bu SES-də istehsal edilən “yaşıl enerji” növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər. Bu layihə ölkəmizin həm “Yaşıl dünya naminə həmrəylik ili”nə, həm də COP29-a ev sahibliyi missiyasına töhfə kimi əhəmiyyətlidir. Eyni zamanda, “Yuxarı Vəng” SES Azərbaycanın enerji sektoru ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən ekoloji standartlara uyğun icra edilib və ölkəmizin yaşıl enerji siyasətinə sadiqliyini göstərən bariz nümunədir, real göstəricidir.
Sevinc Azadi, “İki sahil”