Qərbin siyasi riyakarlığı
Hələ lap qədim dövrlərdən başlayaraq hal-hazırkı dövrümüzə qədər insanlar daima haqq-ədalət axtarışında olmuşlar. Tarixin müxtəlif dövrlərində haqqın və ədalətin bərpası uğrunda bəşər övladları qurbanlar belə verməkdən çəkinməmişlər. Bütün bunlara baxmayaraq əfsuslar olsun ki, bu umumbəşəri dəyər heç də hər zaman zəfər qazana bilməmişdir. Bəzi ədalətsiz dövlətlərin ədalətsiz qərarları haqqın və ədalətin bərpasına çox zaman ciddi əngəllər yaratmışdır. Hətta müasir dövrümüzün özündə belə bir çox hallarda beynəlxalq hüququn norma və prinsipləri aşkar şəkildə pozulur. Özünü hegemon hesab edən ölkələr tərəfindən kiçik dövlətlərin haqları kobud şəkildə tapdanır.
Ölkəmizdə təşkil olunan COP29 çərçivəsində 13 noyabr 2024-cü il tarixində baş tutmuş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti də olduqca maraqlı keçdi. Dünyadakı iqlim dəyişikliklərinin bir sıra vacib səbəbləri göstərildi. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev öz çıxışında bir sıra vacib məqamları açıq şəkildə bir daha dünyaya bəyan etdi. Ətraf mühitə vurulan zərərlər haqqında danışan dövlət başçımız qeyd etdi ki, 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısına rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Cənab İlham Əliyev bildirdi ki, əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?!
Qlobal problemlərin həlli ilk növbədə dünya dövlətləri arasında səmimi əməkdaşlıq münasibətlərinin qurulmasını tələb edir. Qərbin ikili standartları, bəzi Avropa təsisatlarının siyasi riyakarlığı səmimi və faydalı əməkdaşlığın qurulmasını sözsüz ki, əngəlləyir. Beynəlxalq hüququn norma və prinsiplərinə hər zaman hörmətlə yanaşan Azərbaycan Respublikası ətraf mühitin qorunması, yaşıl enerjiyə keçid proseslərinə öz töhfəsini vermək əzmindədir.
Elvin Əlizadə,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi