Azərbaycan və İran birgə hərbi təlim keçirir- Münasibətlər normallaşır?
İranın Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə “Araz – 2024” birgə taktiki təlimi keçirilir.
Mövzu ilə bağlı BiG.AZ– a danışan politoloq Turan Rzayev bildirib ki, təlimlərin keçirilməsini münasibətlərin tam normallaşması deyil, gərginliyin aradan qalxması və sabitlik kimi şərh etmək olar:
“Azərbaycanın İranla heç bir problemi yoxdur. Bu günə qədər baş verən gərginliklərin əsas səbəbkarı rəsmi Tehrandır. İran istər 44 günlük müharibə, istər lokal xarakterli antirerror əməliyyatı, istər danışıqlar zamanı ancaq destruktiv mövqe sərgiləyib. Azərbaycanı təhdid, şantaj etməklə məşğul olub. Azərbaycan bütün bunlara baxmayaraq, İrana qarşı təmkinli və xoş qonşu münasibətindən başqa bir şey sərgiləməyib. Hətta İran əhalisinin əksəriyyəti şiə etiqadına aid olan Azərbaycanı yox, bir çox hallarda Ermənistanı dəstəkləyib. Azərbaycan bu günə kimi həm din, həm qonşuluq amilini əsas gətirərək Qərbin İrana qarşı sanksiyasının bir parçası olmayıb. İsrail üçün nə hava məkanı, nə ərazisindən istifadəyə imkan verməyib. Amma İran tərəfi hər dəfə Azərbaycanı İsraillə əməkdaşlıqda günahlandırıb. Halbuki özü 44 günlük müharibə zamanı Azərbaycana heç bir yardım etməyib. İsrail Azərbaycanla siyasi, hərbi və bir çox sahədə əməkdaşlıq edir. O ki qaldı mövcud hərbi təlimlərə, İran Azərbaycana təzyiq yolu ilə nəsə etdirməyəcəyini başa düşdü. Qarşısında 2000-ci illərdəki kimi yox, real müharibə görmüş, beynəlxalq aləmdə nüfuzu olan, meqa layihələr icra edən bir Azərbaycan var. Etdiyi təhdidlərin heç bir nəticəsi olmadığını görüb uzlaşma yolunu seçir.Təlimlərlə onu göstərməyə çalışır ki, Azərbaycanla İran arasında heç bir problem yoxdur. Biz İranla hər situasiyada danışıqlara hazırıq. Təhdid ritorikası olarsa, eyni qaydada cavab verəcəyik. Azərbaycan regionda sülh, sabitlik və inkişafın olmasını istəyir və bu istiqamətdə xarici siyasətini davam etdirir. Bu xarici siyasətin bir parçası da İranla münasibətlərdir. Bizim iranla heç bir problemimiz yoxfur. İranın da bizimlə problemi olmadığı təqdirdə əməkdaşlıqlar və təlimlər baş tuta bilər. Tam olaraq münasibətlər normallaşmayıb. Son rəftarlardan sonra İrana qarşı həm ictimaiyyət, həm siyasi elita arasında inamsızlıq var. Ona görə təlimləri münasibətlərin tam normallaşması deyil, gərginliyin aradan qalxması və sabitlik kimi şərh etmək olar”.

