Evlər üçün verilən kompensasiyaların “bazar qiyməti” nə qədər olmalıdır?-AÇIQLAMA
Bakıda pilot layihə kimi binalar və fərdi evlərin söküntüsü zamanı əhaliyə yeni tikiləcək binalardan mənzillər və ya kompensasiya təklif olunur.
Vətəndaşlar istəkdən asılı olaraq daşınmaz əmlaklarına görə sökülən evləri qarşılığında kompensasiya alırlar
Bəzən vətəndaşlara təqdim olunan kompensasiyanın həcmi böyük narazılıq doğurur. Belə ki, tikinti şirkəti ilə razılaşmayan sakinlər onlara təqdim edilən pulun az olmasını əsas gətirərək evlərini tərk etməkdən imtina edirlər.
Mövzu ilə bağlı BiG.AZ-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ölkəmizdə evlərin sökülməsi 2 formada aparılır. Birinci sökülmələr torpaqların dövlət ehtiyacı üçün alınması zamanı baş verir. Vətəndaşların əmlakı bazar dəyərində qiymətləndirilir, daha sonra pul şəkilində onlara kompensasiya verilir. Əlavə olaraq vətəndaşa əmlakının bazar dəyərindən 20%-dən artıq kompensasiya ödənilir:
“Digər söküntülər isə tikinti şirkətləri tərəfindən aparılır. Tikinti şirkətləri hər hansısa bir ərazidə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarını və ya yaşayış massivlərini sökərək onların yerində binalar tikirlər. Sonra isə vətəndaşlara tikdikləri binalardan onlara uyğun mənzillər verilir. Verilən mənzillər tam təmirli və ümumi sahəsi daha geniş olur. Vətəndaşların evi söküldüyü gündən onlara yeni tikili binalardakı mənzillərdən ev verildiyi günə qədər kirayə pulları və köç xərcləri verilir.
Hazırda təqribən mərkəz və mərkəzə yaxın ərazilərdə hər kvadrata görə 2000 və ya 2500 manat kompensasiya hesablanır. Əgər vətəndaşın mənzili çox kiçikdirsə onlara birdəfəlik təzminat verilir. Bu pulla vətəndaş şəhərətrafı ərazilərdən özünə mənzil ala bilsin. Qiymətlərin dəyişkən olması vətəndaşların mənzillərinin ümumi sahəsindən aslıdır. Əgər vətəndaşların həyətləri özlərinə məxsusdursa, çıxarışları varsa, bu halda torpaq sahələri də qiymətləndirilir. Bu torpaqların kvadratı 800-900 manat arası hesablanır. Fərdi yaşayış evləri sökülərkən, mənzil vətəndaşa məxsusdursa, m çıxarışı olmasa da kompensasiya ödənilir”.

