Qarabağın rəmzi Xarıbülbül cənubda
Məncə, azərbaycanlı olmaz ki, Xarıbülbülün adını eşidəndə belə qəlb dünyasını ilahi bir sevinc almasın. Dünyanın heç yerində bitməyən bu gül təbiətin bizlərə bəxş etdiyi ən böyük möcüzədir. Əzəl Vətəni gözəllikdə tayı-bərabəri olmayan, igidlərin qanı bahasına alınmaz qalaya dönən Şuşadır. Məhz buna görə Vətən eşqli dahilər ona Şuşanın milli simvolu adını veriblər. Əsasən dağlarda daha yaxşı inkişaf edir, bizdən ötrü bir ay malik olduğu ecazkarlığını qoruyub saxlaya bilir.
Zərif, gözəl gül endemik bitki hesab edilir, may-iyun aylarında bitir. Hazırda “Qırmızı kitab” a daxildir. Onun ikinci adı Qafqaz qaş səhləbidir. Gül təbiətə verdiyi gözəlliyi ilə yanaşı, eyni zamanda böyük müalicəvi əhəmiyyətə malikdir. Elə indinin özündə də xalq təbabətində müxtəlif xəstəliyə qarşı istifadə olunur. Əsasən bitkinin iki ilik qurudulmuş kök yumrusundan şəfa tapılır…
Bu deyilənlər öz yerində. Son vaxtlar Şuşanın milli simvoluna cənub bölgəsinin bir neçə kəndlərində də rast gəlmək mümkündür. Birinci dəfə Yardımlı rayonunun Bozayran kəndində baxan gözü gözəllik nuru ilə doldurub. Hazırda isə dağlar diyarına yaxşı öyrəşib. Şuşada necə burada da o şəkildə bitir və gözəlliyi ilə adamı ilk baxışdan heyran qoyur. Xarıbülbül Cəlilabad rayonunun Tahirli, Fərəcullalı kəndlərində də bitir. Yerli əhali bu “qonaq” gülü artırmaq üçün onun bitdiyi ərazini qorumaqla bərabər, hətta orada təsərrüfat işləri də aparıblar. Alınan nəticə sevindirici görünür.
Bəli, Azərbaycanın hər qarışı onun vətəndaşı üçün doğma və əzizdir. Əzəl məskəni Şuşa olan Xarıbülbül bu doğmalığa təbiətin möcüzəsindən bir ovqat qatmaq üçün artıq respublikamızın digər guşələrinə də qanad açır…
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü