Qanunsuz ov edənlərin QANUNLA cəzası nədir?
Son dövrlərdə çöl quşları və heyvanlarının qanunsuz ovlanması hallarının baş verdiyinə dair xəbərlərə tez-tez rast gəlirik. Qanunsuz ovçuluğun qarşının alınması üçün də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən reydlər keçirilməkdədir. Reydlər zamanı nəsli kəsilməkdə olan çöl quşlarının və heyvanların ovlandığı da müşahiə edilir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, qanunsuz ov etmə cinayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.1-ci maddəsinə əsasən, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda-iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır:
“Eyni əməllər, külli miqdarda ziyan vurulmaqla törədildikdə, partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan başqa üsullardan istifadə etməklə törədildikdə, ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı törədildikdə, qoruqların ərazisində və ya ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət zonasında törədildikdə-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə-altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu maddədə “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 258.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür”.

