Ovçuların tüfəngləri paslandı-ovçuluq mövsümü başlamadı
Hər il sentyabr ayının əvvəllərində ov mövsümü açıq elan edilirdi. Lakin dekabr ayına qədəm qoymağımıza rəğmən mövsümün başlaması haqqında məlumat verilməyib. Bununla əlaqədar olaraq ovçular ov mövsümünün başlamamasından narahatdırlar. Onlar düşünür ki, mövsümün başlamaması qanunsuz ov edənlərin sayını artıracaq və bundan da təbiətin nadir heyvanları zərər görəcəkdir.
Bəs belə şəraitdə qanunsuz ovçuluğun qarşısı necə alınmalıdır? Qanunla icazəsiz ov edənləri hansı cəzalar gözləyir?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub:
“Bu əmələ yol vermiş şəxslər İnzibati Xətalar Məcəlləsinin 273-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.
Qanunsuz ov etmə xeyli miqdarda ziyan vurduqda isə Cinayət Məcəlləsinin 258-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Bu əmələ yol vern şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılırlar. Eyni əməllər külli miqdarda ziyan vurulmaqla törədildikdə, partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan başqa üsullardan istifadə etməklə törədildikdə, ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı törədildikdə, qoruqların ərazisində və ya ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət zonasında törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, burada “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür”.

