Gündəm 

At, eşşək və murdar ət satanlara bəd xəbər: 10 il həbs – Yeni cəzalar gəlir

İstehlakçıların hüquqlarının qorunması üçün həkimlər dəqiq səbəbləri yazmalıdırlar

Təhlükəli qida məhsullarını istehsal edənlər, satışını təşkil edənlər və ya satış məqsədilə saxlayanlar 10 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər. Bu, Cinayət Məcəlləsinə təklif edilən yeni – 200-3-cü maddədə əksini tapıb (APA).

Layihəyə əsasən, bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması, bu əməllər xeyli miqdarda törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

At, eşşək əti satanları məhkəmələr azad edir” – Ekspert işin izində...

Layihəyə əsasən, eyni əməllər:

– təkrar törədildikdə;

– qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

– külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyyub Hüseynov: “Enerji içkiləri insanların sağlamlığına ziyan vurur” -  25.06.2021, Sputnik Azərbaycan

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri, istehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov “Yeni Müsavat”a şərhində təhlükəli qida məhsullarını istehsal edənlər, satışını təşkil edənlər və ya satış məqsədilə saxlayanların 10 ilədək müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsini müsbət dəyərləndirib: “Qanunvericiliyə edilən dəyişiklik çox əhəmiyyətlidir, lakin zəhərlənməələri qeydiyyata alan həkimlər özlərində cəsarət tapıb dəqiq səbəbləri də yazacaqlarmı? Bu sahədə 27 ildir ki, istehlakçı hüquqlarını qoruya bilmirik. Çünki həkimlər həqiqi səbəbi dəqiq yazmırlar. Tibb müəssisələri bunu müəyyən etməlidirlər. AQTA müəyyən məsələləri monitorinq edib, nəticəyə gələ bilər. Sərtləşmənin tərəfdarıyıq, ancaq zəhərlənmədən əziyyət çəkmiş insanlara kompensasiyanın verilməsi, cinayət işlərinin qaldırılması məsələsi həkimlərə bağlıdır. Buna görə də qanunun tam işləyəcinə dair şübhələrim var. Zəhərlənmənin qarşısını almaq üçün hətta istehsal prosesində və anbarda saxlanılan zəhərli məhsulların aşkarlanması üçün AQTA müəyyən iş apara bilər. Amma qurumun elə bir səlahiyyəti və imkanı yoxdur ki, bütün istehsal və xidmət sahələrini 7/24 nəzarətdə saxlasın. Hansısa yolla zəhərli məhsullar bazara yol tapa bilər. Əsas məsələ bazardakı təhlükəli qidadan ziyan görən istehlakçının hüquqlarının qorunması, lazım gələndə ona dəymiş ziyanın ödənilməsidir. Bu isə bir qədər çətin işdir”.

At-eşşək ətləri şadlıq evləri və restoranlara da verilir - ŞOK AÇIQLAMA

Qeyd edək ki, AQTA bu ilin mart ayında xarici ölkələrdə fəaliyyət göstərən və təsdiqdən keçməyən müəssisələrdə istehsal olunan yüksək risk qrupuna aid qida və yem məhsullarını respublikamıza gətirməyə cəhd edən sahibkarlara xəbərdarlıq edib.

Bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınaraq, ölkəmizə qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal və emal olunduğu xarici qida obyektləri Agentlik tərəfindən təsdiq edilməlidir.

Bundan ötrü həmin müəssisələrin respublikamızda qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu yerində və ya vizualizasiya yolu ilə qiymətləndirilməlidir. Qiymətləndirilmənin nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq və ya təsdiqdən imtina olunması barədə qərar qəbul edilir.

Ötən müddət ərzində müvafiq qanunun icrasının təmin edilməsi məqsədilə AQTA tərəfindən geniş təbliğat-təşviqat işləri aparılıb.

Müxtəlif dövlətlərdən ölkəmizə bu cür qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirilib, onlara yüksək riskli qida və yem məhsullarının idxalı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat və metodiki tövsiyələr verilib. Həmçinin təsdiqdən keçməyən xarici qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıqlar edilib, eyni zamanda qanunvericiliyin tələblərinə əməl edilməsi üçün onlara müəyyən vaxt verilib. Buna baxmayaraq, Agentliyə bəzi ölkələrin istehsalçılarından təsdiqlə bağlı hələ də müraciətlər daxil olmayıb. Bəzi sahibkarlar isə həmin müəssisələrdə istehsal olunan məhsulları ölkəmizə gətirməyə cəhd göstərirlər. Qeyd olunan hallarla bağlı Agentlik tərəfindən qanunamüvafiq tədbirlər görülərək, bu cür qida məhsullarının idxalına icazə verilmir və ya istehsalçı ölkəyə geri qaytarılır.
AQTA bəyan edir ki, xarici ölkələrdə fəaliyyət göstərən qida obyektləri təsdiq olunmadığı təqdirdə, həmin müəssisələrdən respublikamıza yüksək risk qrupuna aid qida və yem məhsulları idxal edilə bilməz. Belə obyektlərdə istehsal edilən məhsulların qanunsuz olaraq ölkəmizə gətirilməsi cəhdlərinin qarşısı isə qətiyyətlə alınacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görüləcəkdir. Bununla yanaşı, Agentlik bir daha cavabdeh qida subyektlərini və ya onların respublikamızdakı səlahiyyətli təmsilçilərini ölkəmizə yüksək risk qrupuna aid olan qida və yem məhsullarını gətirmək üçün müvafiq müəssisələri təsdiqdən keçirməyə dəvət edir. Eyni zamanda sahibkarların nəzərinə çatdırır ki, sahibkarlar qanunvericiliyin tələbləri ilə Agentliyin veb-saytından, həmçinin sosial media səhifələrindən tanış ola, sualları yarandığı təqdirdə isə “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, ət və ət məhsulları, quş əti və quş əti məhsulları, balıq və dəniz məhsulları, heyvan mənşəli konservləşdirilmiş məhsullar, süd və süd məhsulları və heyvan yemi üçün istifadə olunan məhsullar yüksək risk qrupuna aiddir.

Şəhanə RƏHİMLİ,
“Yeni Müsavat”

Daha çox xəbərlər