Cəmiyyət 

İlan illərinin şok işləri və pəstəhaları

Baxıram, yenə gələn ilə dair qeyri-elmi proqnozlar, fallar milli mediamızı başına götürüb gedir. Əvvəlki illərdə bu hadisə dekabrın 3-cü ongünlüyündə olardı, bu il 10 gün irəli çəkilib. Qabağa düşmək lazımdır, yoxsa “şok şeylər” istehsal edən rəqiblərdən geri qalmaq təhlükəsi yaranır. Yarışma gedir axı.

Bildiyiniz kimi, 2025-ci il İlan ilidir, yəni dəbdə olan ifadə ilə desək, il ilan üstdə təhvil olur.

Cahanşümul falçımız, ekstrasensimiz, özü demişkən, klinik psixoloqumuz Zirəddinin dediyinə görə, bu gələn zəhərli ilan ilidir, yəni şikarını boğub öldürən ilanlardan (koramal, su ilanı, piton və s.) deyil.

Zirəddin söhbətinə axırda yenidən qayıdarıq, hələlik İlan illərindən danışaq.

Qorxutmaq kimi çıxmasın, İlan illəri xətalı, qada-bəlalı illərdir. Son 124 ilin İlan illərini sadalayım və hərəsinə bir cümlə həsr edim, özünüz hesabınızı götürün.

Son 10 İlan ili bunlardır: 1905, 1917, 1929, 1941, 1953, 1965, 1977, 1989, 2001, 2013…

1905-ci ilin necə il olduğunu bilmək istəyənlər Cəfər Cabbarlının “1905-ci il”də dramını oxusunlar. Erməni Allahverdi ilə azərbaycanlı İmamverdi ilk dəfə məhz həmin il Tuğda atışıblar, sonra anlayıblar ki, “atan kazaklardır”, amma bu, erməni-türk savaşını durdurmayıb.

1917-ci il – Fevralda Rusiyada burjua iqnilabı olub, imperator II Nikolay devrilib, daha sonra Leningil oktyabrda bilşevik inqilabı ediblər, hamını deviriblər. Bizdə də erməni Şaumyan Bakıda hakimiyyətə gəlib, erməni hökuməti qurub. Ermənilər Bakıda yerli əhalini qırmağa hazırlaşmağa başalyıblar.

1929-ci il – Stalin anlayıb ki, daxili düşmənlərlə haqq-hesab çəkmək lazımdır, Trotskini ölkədən qovublar, “vətən xainləri”nin siyahısını hazırlamağa başlayıblar. Azərbaycanda hakimiyyətdə erməni Levon Mirzoyan olub.

1941-ci il – Müharibə, Hitler, Mozdok, 416-cı Taqanroq diviziyası, 600 min azərbaycanlı kişinin müharibəyə aparılması…

1953-cü il – Stalinin ölümü, Beriyanın həbsi, milyonlarla məhbusun azadlığa buraxılması, SSRİ-də krimonogen durumun ağırlaşması…

1965-ci il – Nisbətən sakit il olub. ABŞ-Vyetnam müharibəsi şiddətlənib. Biz də “Vyetnama yardım” kampaniyasına qoşulmuşuq. Hətta həmin il bir sürücü kəndçimiz pulunu ciyəraxşamı qumarında uduzub evə gəlib, arvadı soruşub ki, bu gün maaş almalıyıdın, hanı, kişi deyib ki, Vyetnama yardım elədim.

1977-ci il – Yanvarın 8-də Moskvada erməni millətçiləri tərəfindən 3 partlayış törədilib. Sovet xalqı ilk dəfə dinc adamlara qarşı terror aktı törədilməsinin nə demək olduğunu öyrənib. Ermənistanın rəhbəri Dəmirçiyan özünü lezvalayıb ki, terrorçuları güllələməsinlər.

1989-cu il – İndiki cavanlar bilməz, çox ağır il olub. Sosialist düşərgəsi ölkələrində ard-arda inqilablar baş verib. Ermənilər Qarabağı yavaş-yavaş işğal etməyə başlayıb. Azərbaycanlılar izdihamlı mitinqlər keçirib, sərt etiraz ediblər. Kremldəkilər bu bağırışları kanta atıblar. 20 Yanvar (1990) qırğınına hazırlıq gedib.

2001-ci il – Nyu-York, əkiz göydələnlər, “Əl-Kaidə”, bin Laden…

2013-cü il – İsmayıllıda iğtişaş baş verib. Prezident seçkiləri keçirilib, çoxlu mitinq olub. Moskvada azrbaycanlı miqrantları rəsmi Bakıya təzyiq üçün incidiblər. Əkrəm Əylislinin “Daş yuxular” romanına görə qalmaqal yaranıb, Azərbaycanın “Eurovison”da Rusiyaya 0 xal verməsi Rusiya XİN-in etirazına səbəb olub, nəticədə İTV-nin sədri İsmayıl Ömərovu işdən çıxarıblar.

İndi 2025-ci il üstümzə İlan ili olub gəlir, Zirəddin isə deyir ki, Azərbaycan üçün elə də pis il olmayacaq. Təki elə olsun.

Amma yeddi dəfə yazmışam, yenə yazıram. Bu adamın sözünə, proqnozuna etibar yoxdur. O ki 2024-cü ildə öz yaşadığı ölkənin başına gələn o qədər pis işləri öncədən “görməyib”, ona necə inanmaq olar? Məsələn, Zirəddin bütün dünyanı şoka salmış “Krokus” teraktını görməliydi, görməyib, Ukrayna ordusunun Kursku işğal etməsini görməyə borcluykən, “görməyib”, ya da “görüb”, amma Gerasimova deməyib. Şoyqunun vəzifədən götürüləcəyini öncədən bilməyib. Onlarla bu cür hadisələri də o cümlədən,

Yoxsa gələn il bəzi məhsulların bahalaşacağını, texnogen qəzalar, təbii fəlakətlər olacağını hamı bilir. Bunlar, türkün sözü, olan şeylərdir. Əsas məsələ heç kəsin təxmin edə bilməyəcəyi hadisələri “görmək”dir. Məsələn, gələn il hansı baş nazir təyyarə qəzasında həlak olacaq, “görür”sənsə, de.

 

 

Daha çox xəbərlər