Gündəm 

Əcnəbilər Azərbaycandan Avropaya hansı kanalla qaçmaq istəyir – rəy

Ekspert: “İşsizlik o insanları hər nə yolla olur-olsun öz ölkələrindən qaçmağa sövq edir”

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılıb. Dövlət Sərhəd Xidmətinin açıqlamasında qeyd edilir ki, dekabrın 9-da saat 17:30-da DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları – 1984-cü il təvəllüdlü Zehioua Mohamed El Amine, 1990-cı il təvəllüdlü Hamdani Hamza, 1993-cü il təvəllüdlü Boumaali Sid Ali, 1999-cu il təvəllüdlü Cherichi Hichem və 2003-cü il təvəllüdlü Nebab Aimen dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb. Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərq və Afrika ölkə vətəndaşlarının daha əvvəlki aylarda da Azərbaycan sərhədindən qanunsuz keçməklə Avropaya miqrasiya etmək cəhdlərinin qarşısı alınıb.

Bəllidir ki, Azərbaycanın quru sərhədləri bağlıdır. Belə bir şəraitdə onlar hansı kanal axtarışındadır? Bu marşrutu asan hesab edirlərmi?

Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Şimali Afrikada Əlcəzair geopolitik mövqeyi, maddi və mənəvi zənginliyi ilə çox önəmli potensialı olan bir ölkədir: “Neft ehtiyatlarına görə Liviya və Nigeriyadan sonra Afrikanın ən zəngin 3-cü ölkəsi, qaz ehtiyatlarına görə isə Nigeriyadan sonra ən böyük qaz ehtiyatlarına sahib olan 2-ci ölkəsidir. Coğrafi baxımdan, Türkiyədən 3 qat böyük olmasına rəğmən, Türkiyə əhalisinin yarısı qədər 42 milyon əhalisi var. Təbii, sahib olduğu ən önəmli zənginliyi bu deyil. Çox gənc əhaliyə sahibdir və bu, əslində yaxşı idarə edildiyi təqdirdə, Əlcəzair üçün çox böyük qaynaq ola bilərdi. Belə bir gənc əhaliyə sadəcə ucuz işçi qüvvəsi kimi baxmaq işin ən asan tərəfidir. İşsizlik o insanları hər nə yolla olur-olsun öz ölkələrindən qaçmağa sövq edir. Onlar azad ölkələrə getmək istəyirlər. Ən azından tam hüquqlu azad insan kimi yaşamaq, övladlarının demokratik bir ölkədə böyüməsini istəyirlər. Digər bir tərəfdən, belə azad ölkələrdə biznes strukturları yaratmaq asandır. Həmin miqrantlar bunu da nəzərə alırlar”.

Siyasi şərhçi bəzi miqrantların Azərbaycan sərhədlərinin qapalı olmasından bixəbərliyi üzündən qanunsuz keçid etdiklərini düşünür: “O miqrantların da, əlbəttə ki, Azərbaycanla bağlı məlumatları var. Sadəcə, sərhədlərin qapalı olmasından xəbərsizdirlər. Məntiqlə sərhədlər açıq olmalıdır. COVİD-19-la əlaqəli qapadılmış sərhədlər illər öncədən açılıb. Azərbaycan sərhədləri istisnadır. Bunu əlcəzairlilərin bilməməsi mümkündür”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Daha çox xəbərlər