Cəmiyyət 

Plastik cərrahlarla bağlı araşdırma – həbslər…

Elşad Hacıyev: “Dövlət bu məsələni diqqətdə saxlayır və qanunsuz fəaliyyətlə məşğul olan şəxslər barədə araşdırmalar aparılır”

Səhiyyə Nazirliyi plastik cərrahların ixtisaslarının dəyişdirilməsi və onlara sertifikatların verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib. Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq deyilib ki, məsələ ilə bağlı nazirlik hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparır.

“Sonda istintaq orqanı tərəfindən aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, – nazirlikdən bildirilib.

Qeyd edək ki,  2011-ci ildən, Azərbaycan Tibb Universitetində və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik cərrahiyyə ixtisası üzrə rezidentura çərçivəsində həkim kadrların hazırlığına başlanılıb. Müvafiq qanuna əsasən, rezidenturada plastik cərrahiyyə ixtisası üzrə təhsilin müddəti 5 il müəyyən edilib.

Plastik cərrahiyyə ixtisası ilə məşğul olmaq hüququnu ali təhsilli həkim plastik cərrahlar əldə edirlər. Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən öncə Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə, praktik cərrahiyyə üzrə peşə fəaliyyətlərinə davam edə bilərlər. Həmçinin bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyətlə məşğul olduqlarından, beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

Plastik cərrahiyyə üzrə tibb xidməti “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı) daxil olduğundan, bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar.

Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır.

Bundan başqa, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var.

Saxta plastik cərrahlarla bağlı araşdırmaya başlanıldı

Onu da xatırladaq ki, son vaxtlar saxta sertifikatlı həkimlərlə bağlı qalmaqallar yaşanır. Belə ki, ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova bu mövzuda bir neçə dəfə sosial şəbəkə hesabında paylaşım edib, mediaya açıqlama verib. Q.Ataşova bildirib ki, doktor-bloger Günel Əzizovanın barəsində araşdırma etdikdən sonra ona hücumlar olub, hansı ki, G.Əzizova ixtisası olmadığı halda əməliyyatlar edir. Jurnalist bildirib ki, Günel Əzizova müğənni Xatirə İslamın bacısıdır. Müğənni bacısına görə Qənirə Ataşovaya zəng edib.

Digər bir qalmaqal isə plastik cərrah Ülviyyə İlyasova ətrafında baş verib. Onun pasiyentləri iddia edib ki, Ülviyyə İlyasova öz qaynı arvadını əməliyyat edərkən, qadın ölüb. Bundan sonra saxta sertifat alıb, plastik və ginekoloji əməliyyatlar edən həkimlərlə bağlı araşdırmaların aparılması haqda çağırışlar oldu. 

Yayılan məlumatlara görə, artıq aidiyyəti qurumlar saxta sertifikatlı həkimlər və onları sertifikasiyadan keçirən qurumun məsul şəxslərlə bağlı işi nəzarətə götürüblər.  Həmçinin həkimlərin ixtisaslarının dəyişdirilməsi, onlara sertifikatlar verilməsi məsələsində xeyli qanun pozuntularının olduğunun üzə çıxdığı deyilir. O da bildirilir ki, yaxın vaxtlarda plastik cərrahiyyə sahəsində sertifikatlaşdırma qaydaları sərtləşdiriləcək.

Bu sahədə qanun pozuntuları ilə bağlı həbslərin olacağı da istisna edilmir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev İctimai Televiziyanın efirində çıxışı zamanı diplomsuz plastik cərrahların fəaliyyətinə toxunub. O bildirib ki, dövlət bu məsələni diqqətdə saxlayır və qanunsuz fəaliyyətlə məşğul olan şəxslər barədə araşdırmalar aparılır.

Adil Qeybulla bu məşhur deputata rəqib oldu » Məhəmməd Ərsoyun BLOQU

Adil Qeybulla

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb: “Səhiyyə bu gün iki icra strukturunun nəzarəti altındadır, bunlardan biri Səhiyyə Nazirliyi, digəri TƏBİB-dir. İşlərin koordinasiya olunmaması bir tərəfdən bununla bağlıdır.

Digər tərəfdən, indiyə qədər həkimlərin akkreditasiya sistemi yoxdur. Dünyanın hər yerində belə bir sistem var – həkimlər akkreditasiyadan keçir və onun əsasında onlara lisenziyalar verilir və lisenziya əsasında konkret müddətdə fəaliyyət göstərir. Həkimə fəaliyyət göstərmək üçün 5 il, maksimum 7 il lisenziya verilir, müddət bitdikdən sonra fəaliyyəti araşdırılır və təkrar lisenziya verilir. Amma bizdə isə çox əndirəbadi, bilmirəm kimin ağlına gəlmiş sertifikasiya imtahanı keçirilir və bütün həkimlər onun girovuna çevrilib. Bu zaman kimlərsə hansısa neqativ yolla o imtahandan keçir və sairə. Yəni bu sertifikasiya imtahanı tamamilə mənasız bir şeydir. Təsəvvür edin, Tibb Universitetinin professorları, hansı ki, imtahanlardakı sualları çox zaman onların kitablarından salırlar, həmin professorları da məcbur edirlər imtahan verməyə. Dünyada bu cür biabırçılığın analoqu yoxdur, bunu heç nə ilə müqayisə etmək olmur. Deyərdim ki, bu, həkimlər üzərində bir həqarətdir. Bəs məqsəd nədir? Niyə akkreditasiya sisteminə keçid edilmir? Əgər akkreditasiya sisteminə keçilsə, əlbəttə, qeyd olunan məsələlər ictimai nəzarət altında olacaq. Bu zaman həkimlərin lisenziyasının reyestri ictimaiyyətə tamamilə açıq olacaq. Belə olmadığı təqdirdə çox sayda boşluqlar yaranır və bundan sui-istifadə halları olur.

Düşünürəm ki, bu situasiya təkcə estetik cərrahlara aid deyil, araşdırsaq, digər ixtisaslarda da bu cür problemlər var. Çox asan yolla ixtisas dəyişmələri aparılır. Əlbəttə ki, kimsə ixtisasını dəyişə bilər, amma bunun üçün yenidən rezidentura keçməlidir. Dünyanın hər yerində qayda belədir. Bu, 3 aylıq kurs və yaxud hansısa yollarla reallaşa bilməz.

Ona görə də hesab edirəm ki, biz hansısa ölkənin modeli əsasında öz qanunlarımızı adaptasiya etməliyik. Bunun ən yaxşı variantı qardaş Türkiyədir. Orada bu qaydalar, qanunlar demək olar ki, illərlə özünü sınaqdan keçirib.

Hesab edirəm ki, səhiyyədə artıq “azərbaycansayağı” işlərdən qurtulub, normal idarəetməyə keçməliyik və səhiyyə vahid mərkəzdən idarə olunmalı, bütün bunlar da ictimai nəzarətin altında olmalıdır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Daha çox xəbərlər