Cəmiyyət 

Narkotik maddələrdən istifadə ilə mübarizə hər birimizin vəzifəsidir

Narkomaniya cəmiyyətin qarşısında duran ən ciddi sosial problemlərdən biridir. Bu, yalnız fərdlərin həyatını yox, həm də ailələri, cəmiyyəti və bütövlükdə dövlətin gələcəyini təhdid edən bir xəstəlikdir. Narkotik maddələrin istifadəsi insanın bədən və zehni sağlamlığına ciddi ziyan vurur, həmçinin sosial əlaqələrini və iqtisadi vəziyyətini də pozur. Bu səbəbdən narkomaniya ilə mübarizə yalnız dövlətin və hüquq-mühafizə orqanlarının məsuliyyətində deyil, hər bir vətəndaşın borcudur. Bu istiqamətdə hər birimizin atacağı kiçik addımlar cəmiyyətin sağlam gələcəyini təmin etməyə kömək edəcək.

Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixində imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərman, Azərbaycanda narkomanlığa qarşı mübarizənin əsasını təşkil edən mühüm sənədlərdən biri olmuşdur. Bu fərman narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq və cəmiyyətin bu sosial bəladan qorunmasını təmin etmək üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Sənədin imzalanması narkotik vasitələrə qarşı mübarizənin hüquqi bazasını gücləndirmiş və bu sahədə dövlət orqanlarının fəaliyyətini daha səmərəli şəkildə koordinasiya etməyə imkan vermişdir. Bundan əlavə, fərman əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sağlam həyat tərzinin təşviq edilməsinə yönəlmiş genişmiqyaslı tədbirlərin başlanğıc nöqtəsi olmuşdur. Bu, Azərbaycanın narkomanlığa qarşı mübarizəsində keyfiyyətcə yeni bir mərhələyə keçidini ifadə edir və cəmiyyətin sağlamlığının qorunmasında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən islahatlar və tədbirlər ölkəmizin təhlükəsizliyini təmin etmək və gələcək nəsilləri qorumaq məqsədinə xidmət edir.

Son illərdə bu istiqamətdə hüquq-mühafizə orqanlarının fəaliyyəti daha da gücləndirilib, qanunvericilik bazası təkmilləşdirilib və beynəlxalq əməkdaşlıq genişləndirilib. Məqsədyönlü siyasət nəticəsində Azərbaycanın regional və beynəlxalq səviyyədə nüfuzunu artırır və ölkəmizin narkotiklərlə mübarizəyə dair beynəlxalq əməkdaşlığa töhfəsini gücləndirir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019 -2024-cü illər üçün Dövlət Proqramı”, bu sahədə ciddi addımların atılmasına şərait yaratmışdır. 2019–2024-cü illəri əhatə edən bu proqramın məqsədi, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq, narkomanlığın yayılma miqyasını azaltmaq, antinarkotik təbliğat işlərini gücləndirmək və ictimai maarifləndirməni genişləndirməkdir.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü ilə dair təsdiq olunmuş İş Planının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə aid olan bəndlərin icrası gündəlik xidmətdə diqqət mərkəzində saxlanılır.

Tədbirlər planına uyğun olaraq, gənclər arasında narkomaniyaya qarşı mübarizənin aparılması üsullarının müzakirəsinə həsr olunan regional görüşlərin keçirilməsi, maarifləndirici konfransların təşkili, Xidmətin hərbi qulluqçularının, eləcə də müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların çağırışa hazırlıq dövründə icbari narkoloji müayinədən keçirilməsi təmin olunmuşdur. Belə ki, 2024-cü ilin iyul çağırışından etibarən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs ilə birgə çağırışçıların icbari narkoloji müayinədən keçirilməsi işinə başlanılmışdır.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, vətəndaşlar Xidmətin strukturuna daxil olan  qurumlarında  ilkin hərbi qeydiyyata alınarkən və çağırışa cəlb edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinədən keçirilirlər. Xidmətin yerli struktur bölmələri tərəfindən vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı və təkrar tibbi müayinəsi zamanı dövlət tibb müəssisələrindən – psixi pozuntulara, narkomaniyaya, alkoqolizmə, toksikomaniyaya, narkotik və psixotrop maddələrdən sui-istifadəyə, insan immun çatışmazlığı virusu ilə yoluxmaya görə qeydiyyatı, diaqnozu və nəzarətdə olub-olmaması, həmçinin daxili işlər orqanlarından – narkotik vasitələrdən, psixotrop maddələrdən, alkoqoldan və tibbi preparatlardan qeyri-tibbi məqsədlərlə istifadəyə görə qeydiyyatda olub-olmaması haqqında məlumatlar alınır, əldə olunmuş məlumatlar üzrə aşkar olunmuş faktlarla bağlı çağırışçılar və onların valideynləri ilə müvafiq söhbətlər aparılır, həmçinin tibbi şəhadətləndirilmə zamanı narkotik və psixotrop maddələrdən istifadə ilə bağlı şübhə doğuran çağırışçılar müəyyən olunmuş tibb müəssisələrinə əlavə tibbi müayinəyə göndərilirlər.

Xidmət rəisinin göstərişinə uyğun olaraq, rayon (şəhər) çağırış komissiyasının həkim mütəxəssislərinin iştirakı ilə Xidmətdə həqiqi hərbi xidmət keçənlər, habelə mülki işçilər arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat işinin gücləndirilməsi çərçivəsində tədbirlər keçirilir. Tədbirlərdə narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomanlıq probleminin cəmiyyətə, insan sağlamlığına vurduğu ziyan, həmçinin bu sahədə həyata keçirilən hüquqi tədbirlər və onların nəticələri barədə ətraflı məlumat verilir.

Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır.  Məlumdur ki, Silahlı Qüvvələrin gücü təkcə texniki avadanlıq və silahlarla ölçülmür və həm də güclü ordunun əsasını təşkil edən sağlam və əzmkar gənclərin tərbiyəsi və inkişafı ilə bağlıdır. Çağırışaqədər yaş həddində olan gənclərimizin gələcək çağırışçı, Vətən müdafiəçisi kimi yetişdirilməsində, onların mənəvi-psixoloji cəhətdən dayanıqlı şəkildə tərbiyə olunmaları istiqamətində Xidmət tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə maarifləndirici tədbirlər müxtəlif formatda mütəmadi keçirilir. Keçirilən tədbirlərdə əsas məqsəd gənc nəsildə antinarkotik dünyagörüşünün formalaşdırılması, narkomaniyanın insan genofonduna vurduğu zərər və narkotik vasitələrdən istifadənin insanı cinayətə sövq etməsi  və cinayət məsuliyyəti yaratdığı barədə diskusiyalar aparılır. Belə ki, Xidmətin struktur qurumları tərəfindən ümumtəhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə “Narkomaniya gəncliyin düşmənidir”,  “Vətənpərvər Azərbaycan gəncliyi – bu günün və sabahın qurucusu: zərərli vərdişlərə YOX deyir”, “Vətənpərvər Azərbaycan gəncliyi: sağlam gənclik, sağlam gələcək”  mövzularında maarifləndirici konfranslar keçirilib. Cari il ərzində, həmçinin Ağcabədi, Şamaxı, Lənkəran, Göygöl, Gəncə şəhərindəki Yeni qəsəbədə, Daşkəsən və Neftçalada gənclərlə maarifləndirici görüşlər baş tutmuşdur. Gənclərin fiziki, psixoloji və mənəvi inkişafı ölkənin tərəqqisi və təhlükəsizliyinin təmin edilməsi baxımından önəmli bir faktordur. Belə tədbirlər gənclərin hərbi xidmətə, mənəvi-psixoloji hazırlığına və vətənə bağlılıq hissinin artırılmasına yönəldilmiş mühüm addımlardır. Antinarkotik təbliğatın aparılmasında onlayn medianın və sosial şəbəkələrin imkanlarından istifadə edilir, tədbirlər geniş  işıqlandırılır. Həmçinin Xidmətin sosial media platformalarındakı hesablar üzərindən sağlam həyat tərzini təbliğ edən məlumatlar paylaşılır.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmuş vəzifələr tam məsuliyyətlə və peşəkarlıqla yerinə yetirilir. Vətənimizin qüdrətinin artırılması naminə vətəndaşlar arasında maarifləndirmə işinə töhfələr verəcək, dövlətçiliyə sədaqətli, sağlam və vətənpərvər gənclərin tərbiyəsi Xidmətin fəaliyyətinin əsas istiqamətlərindən olacaq.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Daha çox xəbərlər