Gündəm 

İnvestisiya layihələri ilə bağlı mühüm yenilik

Proqrama daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Nazirlər Kabinetinin təsdiq etdiyi qayda əsasında həyata keçirilir

Azərbaycanda dövlət büdcəsinin ən böyük həcmli xərc maddəsi olan dövlət əsaslı investisiya qoyuluşu vəsaitlərinin istifadəsi uzun illərdir hesabatlılıq, şəffaflıq baxımından ciddi tənqidlərə məruz qalır. Ölkəyə neft pullarının axını başlandıqdan sonra bəzən büdcə xərclərinin yarısına bərabər olan bu xərc maddəsi üzrə ayrılan pulların taleyi bir qayda olaraq qaranlıq qalır. Nəhəng infrastruktur layihələrinin icrası zamanı layihələrin dəyərinin şişirdilməsi, müddətinin məqsədli şəkildə uzadılması halları geniş yayılmış təcrübələrdən hesab olunur. Bir çox hallarda isə məlum olur ki, yüz milyonlarla manat dəyərində layihələrə büdcədən vəsait layihənin texniki-iqtisadi əsaslandırması, təkmil smeta sənədləri hazırlanmadan ayrılıb. 

İndi dövlət əsaslı investisiya qoyuluşu maddəsi üzrə vəsait ayrılacaq layihələrin hazırlanması, seçimi sahəsində tamam fərqli qaydalar tətbiq olunacaq. Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı fərmanla təsdiqlənən “Dövlət İnvestisiya Proqramının tərtib və qiymətləndirilməsinin yeni qaydaları”na əsasən investisiya layihələri üzrə təkliflər sifarişçi təşkilatlar tərəfindən ölkənin ümumi sosial-iqtisadi inkişaf konsepsiyalarına, strategiyalarına və dövlət proqramlarına, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi prioritetlərə (layihələrə) və sektorlar üzrə strateji planlara uyğun olaraq səmərəlilik və effektivlik prinsipləri əsasında tərtib ediləcək.

Qaydaya əsasən, investisiya layihələri dəyərinə görə 3 qrupa ayrılır: 

– kiçik investisiya layihələri – dəyəri 30,0 milyon manata qədər olan investisiya layihələri;

– orta investisiya layihələri – dəyəri 30,0 milyon manatdan 50,0 milyon manata qədər olan investisiya layihələri;

– iri investisiya layihələri – dəyəri 50,0 milyon manatdan çox olan investisiya layihələri.

İnvestisiya layihələrinin qiymətləndirilməsi layihə konsepsiyası, ilkin texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması mərhələləri üzrə İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.

İqtisadiyyat Nazirliyi sifarişçi təşkilatların investisiya təkliflərinə əsasən, hər ortamüddətli dövr üçün dövlət büdcəsində dövlət investisiya xərcləri üçün tələb olunan vəsaitin həcmi barədə cari il martın 1-dək Maliyyə Nazirliyinə sorğu göndərir. Maliyyə Nazirliyi öz növbəsində hər ortamüddətli dövr üçün dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin ortamüddətli göstəricilərini cari il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim edir.

Maliyyə Nazirliyinin təqdim etdiyi investisiya xərclərinin məbləğinə uyğun olaraq, İqtisadiyyat Nazirliyi keçid və yeni investisiya layihələri, habelə sifarişçi təşkilatların investisiya proqramları əsasında ortamüddətli dövr üçün proqramın müvafiq istiqamətlər üzrə ilkin layihəsini cari il aprelin 5-dək İqtisadi Şuraya, aprelin 15-dək Nazirlər Kabinetinə, müvafiq istiqamətlər üzrə dəqiqləşdirilmiş layihəsini dövlət büdcəsinə uyğunlaşdırmaq məqsədilə avqustun 1-dək Maliyyə Nazirliyinə, növbəti il üçün dövlət büdcəsinin layihəsinə dair rəyin hazırlanması məqsədilə sentyabrın 15-dək Hesablama Palatasına  təqdim edir.

İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən cari il dekabrın 25-dək dövlət investisiya proqramına daxil edilmiş və maliyyələşdirilməsi dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən həyata keçirilən layihələrin icra vəziyyətinə baxılır. İqtisadiyyat Nazirliyi hər il dekabrın 25-dək proqrama daxil edilmiş keçid investisiya layihələrinin icra vəziyyəti və yeni investisiya layihələrinin qiymətləndirilməsi nəticələri nəzərə alınmaqla və Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən proqrama daxil edilmiş layihələr, o cümlədən müdafiə, təhlükəsizlik və hərbi təyinatlı investisiya layihələri də daxil olmaqla, növbəti ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünün layihəsini hazırlayır və təsdiq edilmək üçün hər il yanvarın 10-dək Prezidentə təqdim edir.

Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü təsdiq edildikdən sonra Maliyyə Nazirliyi həmin bölgüdə göstərilən investisiya layihələri üzrə nəzərdə tutulan vəsaitin ayrılmasını təmin edir və investisiya layihələrinin maliyyələşməsinə dair aylıq məlumatları növbəti ayın 5-dək İqtisadiyyat Nazirliyinə təqdim edir.

İqtisadiyyat Nazirliyi ölkənin investisiya siyasətinin əsas istiqamətləri və prioritetləri nəzərə almaqla investisiya layihələrinin reytinqini müəyyən edir və bunun əsasında prioritetləşdirilməsini həyata keçirir. Bu zaman ən yüksək reytinqli investisiya layihəsi ən yüksək prioritetli investisiya layihəsi hesab olunur.

Sonda investisiya layihələri İqtisadiyyat Nazirliyinin son nəzarət prosedurundan keçməlidir. Keçməyən layihələr dövlət əsaslı vəsait qoyuluşu proqramına daxil edilmir, onlar prioritetləşdirmə və reytinqin müəyyənləşdirilməsi prosedurunda yüksək reytinq alan digər investisiya layihələri ilə əvəz edilir.

Qaydalara görə, hər bir layihə üzrə cari il üçün təsdiq edilmiş xərcdən artıq malların alınmasına, işlərin və ya xidmətlərin yerinə yetirilməsinə yol verilmir.

Əsaslandırılmış səbəb olmadan kiçik investisiya layihələrinin 4 (dörd) ildən, orta investisiya layihələrinin 5 (beş) ildən artıq müddətdə icra olunmasına yol verilmir. Bununla əlaqədar, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan (investisiya xərclərindən) müvafiq vəsaitin ayrılması təmin edilir və vəsaitin bölgüsü zamanı keçid investisiya layihələrinə üstünlük verilir.

İqtisadiyyat Nazirliyi proqrama daxil edilən investisiya layihələrinin icrasının monitorinqini həyata keçirir. Bu proses investisiya layihələrinin icrasına dair hesabatın monitorinqi və investisiya layihələrinin yerində monitorinqi şəklində həyata keçirilir.

Proqrama daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Nazirlər Kabinetinin təsdiq etdiyi qayda əsasında həyata keçirilir. Proqrama daxil edilən investisiya layihələrinin icrasına nəzarət sifarişçi təşkilatlar tərəfindən həyata keçirilir. Sifarişçi təşkilatlar hər rüb üzrə, növbəti rübün ilk ayının 10-dək Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə və Hesablama Palatasına bu Qaydaların 7.2-ci bəndində nəzərdə tutulan qaydalara uyğun olaraq investisiya layihələrinin icrasına dair dövri hesabatı təqdim edirlər.

İqtisadiyyat Nazirliyi isə il müddətində proqrama daxil edilən investisiya layihələrinin icrasının monitorinqinin nəticələri barədə icmal hesabat hazırlayaraq növbəti il martın 1-dək Nazirlər Kabinetinə və Hesablama Palatasına təqdim edir.

Prioritet orta və iri investisiya layihələrinin icrası tamamlandıqdan və istismar mərhələsinə keçdikdən sonra investisiya layihələri üzrə planlaşdırılmış məqsədlərə nail olunmasını müəyyənləşdirmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən müstəqil kənar qiymətləndirici cəlb edilməklə investisiya layihələrinin nəticələrinin yekun qiymətləndirilmə hesabatı hazırlanır və həmin hesabat növbəti investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi zamanı nəzərə alınır.

Yeni qaydalar dövlət əsaslı investisiya qoyuluşu sahəsində nələri dəyişəcək? Hansı müsbət dəyişikliklər gözləmək olar? İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan dövlət büdcəsi vəsaitləri hesabına icra olunan investisiya layihələri ilə bağlı qaydaların yenilənməsi zərurəti çoxdan yaranmışdı: “Bu qaydaların təkmilləşdirilməsi bir çağırış idi, onların yenilənməsi zərurətə çevrilmişdi. Çünki mövcud qaydalar çoxdan hazırlanmışdı, köhnə, əhatəsiz və aydın olmayan tələblər idi. Yeni qaydalar bu sahədə olan çatışmazlıqları demək olar ki, bütünlüklə aradan qaldırır, mexanizmi təkmilləşdirir və mərhələli şəkildə investisiya proqramlarının tərtibi, prioritet sahələrin müəyyənləşdirilməsi, layihələrin icrasına nəzarət və monitorinq mexanizmini daha geniş şəkildə ehtiva edir. Yəni qaydalarda dəqiqləşdirmələr çoxdur. Hətta layihələrin kateqoriyalaşdırılması da həyata keçirilib, fərqli məbləğdə olan layihələrə fərqli yanaşma qoyulub. Eyni zamanda prosesin mərhələləri dəqiq vaxt müddəti ilə konkretləşdirilib, layihələrin maliyyələşmə mənbələri qeyd olunub. Bundan əlavə, mövcud qanunvericilikdə büdcənin investisiya xərcləri ilə bağlı çatışmazlıqlar da aradan qaldırılıb”.

Ekspert bildirir ki, son illərdə büdcənin investisiya xərclərinin layihələr üzrə bölgüsü dövlət başçısının fərman və sərəncamlarına əsasən həyata keçirilib: “İnvestisiya proqramına daxil edilən layihələr üzrə vəsait bölgüsü Prezidentin imzaladığı sənədlərlə reallaşır. Lakin qanunvericilikdə bu səlahiyyət Nazirlər Kabinetində qalırdı. Yeni qaydalara əsasən proqramın tərtibi, layihələrin ekspertizası, prioritetləşdirilməsi İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir, yekun bölgü üçün sənədlər Prezidentə təqdim olunur və beləliklə də boşluq aradan qaldırılır. Düşünürəm ki, yeni qaydalar dövlət investisiya proqramının daha effektiv tərtib olunması, dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi və prosesdə şəffaflıqla bağlı çatışmazlığın aradan qaldırılması üçün hüquqi çərçivələr formalaşdırır. Lakin qaydaların mövcudluğu prosesin bir hissəsidir, əsas onun icrasıdır. Qaydalarda nəzərdə tutulan tələblərə nə qədər əməl olunduğunu bir təcrübədə görəcəyik. Əgər bu proses sənəddə tutulan formada və ardıcıllıqda effektiv həyata keçiriləcəksə, bəli, onda biz dövlət investisiya xərcləmələri sahəsində çox ciddi keyfiyyət dəyişikliyinə şahid olacağıq. Əgər qaydalar digər bir çox mühüm sənədlər kimi icra olunmayacaqsa, yaxud formal xarakter daşıyacaqsa, onda, əlbəttə, bu sahədə problemlər də davam edəcək”.

Daha çox xəbərlər