Gündəm 

Neft Fondunun “Şahdəniz”dən gəliri niyə azdır?

İlham Şaban: “”Şahdəniz” layihəsi üzrə mənfəətin bölüşdürülməsi hansı mütənasibdə həyata keçirilir və nə zaman Azərbaycanın payı maksimum həddə çata bilər haqda açıqlama verilmir”

Ötən il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 442,085 milyon ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 2,96 dəfə azalma deməkdir. Bu barədə ARDNF-dən verilən məlumata görə, hesabat dövründə Fondun “Şahdəniz” yatağı üzrə gəlirinin 132,482 milyon ABŞ dolları kondensatın satışından əldə olunub. Bu isə 2023-cü ilin göstəricisi ilə müqayisədə 2,45 dəfə azalma deməkdir.

Xatırladaq ki, 2023-cü ildə ARDNF-ın “Şahdəniz”dən əldə etdiyi gəlirləri 1 milyard 308 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,4 faiz azdır. O cümlədən fondun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 324,396 milyon ABŞ dolları olub, bu da isə illik müqayisədə 1,3 faiz azalma deməkdir.

İlham Şaban: “SGC Azərbaycanın etibarlı partnyor statusunu bir daha təsdiq  edir” – Caspian Barrel

İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, ümumiyyətlə, “Şahdəniz”dən Azərbaycan dövlətinə çatan mənfəət azdır: “Nə Neft Fondu, nə də ki, hökumət bunun səbəbi ilə bağlı hansısa izahat verməyiblər. Bu baxımdan çox çətindir kənardan müşahidə nəticəsində hansısa mülahizələr irəli sürmək. Avropa bazarlarında 2024-cü ildə qazın orta hərrac qiymətləri 16 faiz azalıb. “Şahdəniz” qazının isə yarıdan çoxu məhz Avropa bazarlarında satılıb. Yəni təqribən 2023-cü ildəki kimi. Ona görə də yalnız belə qənaətə gəlmək olar ki, məsələ “Şahdəniz” müqaviləsi çərçivəsində mənfəət karbohidrogenlərinin (qaz və kondensatın) bölüşdürülməsi üzrə dövlət və şirkətlər arasında olan razılaşmaya görə baş verib. Sözün düzü, nə layihənin operatoru, nə də hökumətin iqtisadi blokuna daxil olan qurumlar 2024-cü il ərzində hansısa açıqlama da verməyiblər ki, “Şahdəniz” layihəsi üzrə mənfəətin bölüşdürülməsi hansı mütənasibdə həyata keçirilir və nə zaman bu bölgü üzrə mənfəətdə Azərbaycanın payı maksimum həddə çata bilər.

Amma “Azəri-Çıraq-Günəşli” müqaviləsi üzrə bu tip məlumatların açıqlanması adi hal idi və bilinirdi ki, nə qədər kapital qoyuluşu həyata keçirilib, bunun nə qədəri geri qaytarılıb və mənfəət neftinin bölgüsü hansı göstəricilərlə reallaşdırılır.

Ümumiyyətlə isə bir ekspert kimi onu deyə bilərəm ki, AÇG ilə müqayisədə “Şahdəniz” layihəsi üzrə ictimaiyyət üçün açıqlanan məlumatlar daha azdır. Artıq “Şahdəniz”dən Azərbaycanın daxili bazarı üçün alınan qazın həcmləri ilə bağlı informasiyalara da rast gəlmirik. Həmçinin “Şahdəniz” qazının Avropa bazarına çatdırılana qədər 1000 kubmetr üçün nə qədər xərcləmə etdiyi barədə də mən hansısa təqribi də olsa, məlumatla qarşılaşmamışam. Halbuki Rusiya qazının Ukrayna üzərindən ötürülməsi üzrə tranzit xərcləri dəqiq olmasa da, amma bəlli idi. Bu baxımdan “Şahdəniz” yatağından çıxarılan qazın həcmini dəqiq bilsək də, amma onun əmtəəlik həcmlərini (məsələn, Gürcüstanda tranzit haqqı natural qazla ödənilir,  Türkiyədə  isə pulla) və satış bazarları üzrə bölgüsünü təəssüf ki, bilmirik”.

Qeyd edək ki, “Şahdəniz”dən Neft Fondunun timsalında Azərbaycan dövlətinin mənfəətinin az olmasını yataqda işləyən şirkətlərin ödədikləri mənfəət vergisindən də müəyyən etmək mümkündür. Belə ki, 2021-ci ildə Azərbaycan xaricə 5 milyard 534 milyon 398,34 min dollar dəyərində 20 milyard 46 milyon 650,21 min kubmetr qaz satıb. Həmin il ARDNF-yə “Şahdəniz” yatağından mənfəət qazı və kondensat satışından 884,793 milyon dollar və ya 1 milyard 504,1 min manat gəlir daxil olub.

Bundan əlavə, 2021-ci ildə dövlət büdcəsinə neft-qaz layihələrində çalışan şirkətlərin mənfəət vergisi olaraq 1 milyard 44,6 milyon manat daxil olub.

2022-ci ildə Azərbaycanın qaz ixracı 14 milyard 989 milyon 675,87 min dollar dəyərlə 18 milyard 965 milyon 213,42 min dollara bərabər olub. Həmin il Neft Fonduna “Şahdəniz”dən cəmi 1 milyard 443 milyon ABŞ dolları və ya 2 milyard 453 milyon manat həcmində gəlir əldə edib.  Hesabat dövründə neft-qaz layihələrində fəaliyyət göstərən şirkətlərin büdcəyə ödədiyi mənfəət vergisinin həcmi 5 milyard 393,9 milyon manata yüksəlib.

2023-cü ildə xaricə qaz satışı 13 milyard 678 milyon 344,14 min dollar dəyərlə 26 milyard 623 milyon 473,52 min dollar təşkil edib. Həmin il Neft Fondu  yataqdan 1 milyard 308 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Bu, 2022-ci illə müqayisədə 135 milyon ABŞ dolları və ya 9,36 faiz azdır. 2023-cü ildə dövlət büdcəsinə “Şahdəniz” yatağında çalışan şirkətlərin ödədiyi mənfəət vergisinin həcmi 3 milyard 850,3 milyon manata bərabər olub.

Maliyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü ilin 9 ayında dövlət büdcəsinə neft-qaz sektorundan vergi şəklində 3 milyard 620,8 milyon manat daxil olub. Bunun 1 milyard 729,7 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi üzrə daxilolmalardır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə Azərbaycandan xaricə 6 milyard 75 milyon 295,99 min dollar dəyərində 18 milyard 731 milyon 65,99 min kubmetr qaz ixrac olunub. Bu, o deməkdir ki, qazın min kubmetrinin orta qiyməti 324,3 dollar təşkil edib. O cümlədən Bolqarıstana qazı 316,4 dollara (425 milyon 361,88 min dollar 1 milyard 344 milyon 342,51 min kubmetr), Gürcüstana 103 dollara (212 milyon 910,91 min dollara 2 milyard 65 milyon 587,62 min kubmetr),İtaliyaya 396 dollara (2 milyard 888 milyon 315,41 min dollara 7 milyard 294 milyon 277,33 min kubmetr), Serbiyaya 359,4 dollara (11 milyon 614,06 min dollara 32 milyon 316,56 min kubmetr), Türkiyəyə 309 dollara (2 milyard 256 milyon 24,09 min dollar 7 milyard 301 milyon 959,14 min kubmetr), Yunanıstana 406 dollara (281 milyon 69,63 min dollara 692 milyon 582,83 min kubmetr) satmışıq.

Xatırladaq ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 milyard 946,1 milyon manat təşkil edib ki, bu da proqnozdan 30,5 faiz az, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 17,2  faiz azdır.

Onu da bildirək ki, Prezident İlham Əliyev 2024-cü ilin iyulunda Şuşa forumundakı çıxışında Azərbaycanın “Şahdəniz” qazını Avropa bazarına daşıyan Cənub Qaz Dəhlizinin tikintisinə qoyduğu investisiyaları geri qaytarmadığını açıqlayıb.

Energetika Nazirliyinin açıqladığı rəsmi məlumata görə, Azərbaycan xaricə qaz ixracını davamlı olaraq artırır. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında ölkədə 45,8 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 12,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 25,3 milyard kubmetri “Şahdəniz”, 1,4 milyard kubmetri “Abşeron” yatağı, 7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən  qaz hasilatı 1,8 milyard kubmetr artıb.

Hesabat dövründə xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. 11 ayda Avropaya 11,7 milyard kubmetr, Türkiyəyə 9 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub.

Azərbaycan hökuməti gələn il üçün dövlət büdcəsinə neft-qaz sektorundan hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalara dair proqnozunu azaldıb. 2025-ci ilin dövlət büdcəsi layihəsində neft-qaz yataqlarında fəaliyyət göstərən hüquqi şəxslərin mənfəət vergisinin həcmi 2 milyard 221 milyon manat proqnozlaşdırılıb.

Daha çox xəbərlər