Siyasət 

Azərbaycan qlobal iqlim gündəliyinin irəli aparılması üçün təqdirəlayiq işlər görüb

Böyük Britaniya Parlamentində COP29-a həsr olunmuş panel iclas keçirilib.

ARANTV.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Fariz İsmayılzadə, “GLOBE” təşkilatının baş icraçı direktoru Malini Mehra, Britaniya parlamentinin İcmalar Palatasının deputatı Barri Qardiner, Lordlar Palatasının üzvü Baronessa Helena Hayman, azərbaycanlı tələbələr və iqlim sahəsində fəaliyyət göstərən ekspertlər iştirak ediblər.

Fariz İsmayılzadə çıxışında qeyd edib ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın iqlim məsələlərinə diqqətinin və yaşıl enerjiyə keçidə verdiyi önəmin göstəricisidir. Azərbaycanlı deputat ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində atdığı mühüm addımlardan və layihələrdən bəhs edib. “Masdar” və “ACWA Power” şirkətləri ilə günəş və külək enerjisinin istehsalı üzrə müqavilələrin imzalandığını, Qara dənizin altından keçməklə yaşıl enerjinin Avropaya ixracını təmin edəcək kabel layihəsinin planlaşdırıldığını qeyd edib. Bildirib ki, Azərbaycanda keçirilən COP29 qlobal iqlim gündəliyi üçün mühüm uğurlara imza atıb. Fariz İsmayılzadə Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizəyə dəstək verən qanunvericilik təşəbbüslərini də diqqətə çatdırıb.

Britaniya parlamentinin üzvü Barri Qardiner çıxışında COP29-un qlobal iqlim hədəflərini daha da irəlilətdiyini deyib. O, həmçinin COP29-un yüksək səviyyədə təşkil edildiyinə diqqət çəkərək, Bakı şəhərinin son onillikdə misilsiz dəyişdiyini, tədbir iştirakçılarını heyrətləndirdiyini söyləyib. Britaniyalı deputat iqlim dəyişikliyinə dair hesabatlılığın vacibliyini qeyd edib, Azərbaycanda bu sahədə tətbiq edilən mexanizmlərlə maraqlanıb.

“GLOBE” təşkilatının baş icraçı direktoru Malini Mehra COP29-da iştirak təcrübəsini bölüşüb, Azərbaycanın qısa müddətdə qlobal iqlim gündəliyinin irəli aparılması üçün təqdirəlayiq işlər gördüyünü, bununla yanaşı COP29 Sədrliyinin fəaliyyət gündəliyinin bu günədək ən ambisiyalı və effektiv təşəbbüsləri ehtiva etdiyini vurğulayıb. O, COP29 Sədrliyinin İkillik Şəffaflıq Hesabatlarının (BTR) təqdim edilməsi istiqamətində gördüyü işi yüksək qiymətləndirib.

Tədbir iştirakçıları COP29-un Azərbaycanın yaşıl enerji təşəbbüslərinə daha da təkan verdiyini qeyd edərək, bu istiqamətdə gələcək layihələrin qlobal miqyasda əhəmiyyətli təsir yaradacağını vurğulayıblar.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Daha çox xəbərlər