Cəmiyyət 

Bədən quruluşuna zərər vermədən nə qədər çörək yemək olar?

Bir çoxu hesab edir ki, çörək həzm üçün zərərlidir və artıq çəki yığımına səbəb olur. Lakin bu, mifdən başqa bir şey deyil. Çörəyin sağlamlıq üçün bir sıra mühüm üstünlükləri var.

Bu barədə rusiyalı endokrinoloq Veronika Neudaxina danışıb.

Həkim qeyd edib ki, çörəyin mühüm üstünlüyü tərkibindəki mürəkkəb karbohidratlar sayəsində orqanizmi uzun müddət enerji ilə təmin etməsidir.

Bundan əlavə, onun sözlərinə görə, bu məhsul sinir sisteminin normal fəaliyyəti üçün lazım olan B1, B2, B6 vitaminləri, həmçinin ürək-damar sisteminin sağlamlığını və qan yaranması prosesini dəstəkləyən maqnezium və dəmirlə zəngindir.

“Çörəyin maksimum fayda verməsi üçün minimal əlavələri olan, şəkərsiz və süni dad gücləndiriciləri olmayan variantları seçmək məsləhətdir. Bu zaman bədən quruluşuna zərər vermədən gündə standart 2 dilim çörək yemək olar. Onu kəsmik, yumurta, balıq, ət və tərəvəzlərlə birlikdə yemək xüsusilə faydalıdır”, – deyə endokrinoloq vurğulayıb.

Neudaxina qeyd edib ki, ən faydalı çörək dənin bütün dəyərli elementlərini – qabığını, endospermi və rüşeymi saxlayan tam buğda unundan hazırlanmış çörək hesab olunur. Onun sözlərinə görə, belə məhsul vitaminlər və uzun müddət doyuran və bağırsağın işini yaxşılaşdıran sellüloza ilə zəngindir.

“Belə çörək alarkən onun tərkibinə diqqət yetirmək lazımdır. Vacibdir ki, birinci yerdə məhz tam buğda unu göstərilsin. Bəzən istehsalçılar diqqəti cəlb etmək üçün məhsulu tam buğdalı adlandırırlar, halbuki əslində onun tərkibində əla və ya birinci növ adi ağ un üstünlük təşkil edir, tam buğda ununun payı isə cəmi bir faiz ola bilər”, – deyə endokrinoloq xəbərdarlıq edib. (Oxu.Az)

Daha çox xəbərlər