Region Xəbərləri 

Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımı ilə bağlı pilot layihəyə başlanılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və TƏBİB Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair birgə pilot layihəyə başlayır. Layihənin məqsədi əhalini ehtiyaclarına uyğun keyfiyyətli ilkin tibbi-sanitariya yardımı ilə təmin etməkdir.
Layihənin təqdimatı ilə bağlı Bərdə rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib. Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavinləri Anar İsrafilov və Araz Nəsirov, Milli Məclisin deputatı Fatma Yıldırım və Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov iştirak ediblər.
Tədbir ilkin səhiyyə xidmətinə həsr olunan videoçarxın nümayişi ilə başlanıb. Tibbi xidmətin inkişafı istiqamətində görülən işlərdən bəhs olunan videoda 258-i Ailə Sağlamlıq Mərkəzi (ASM), 888-i kənd həkim məntəqəsi və poliklinika, 1186-sı kənd tibb məntəqəsi, 2-si isə kənd xəstəxanası olmaqla ölkədə 2334 ilkin səhiyyə müəssisəsinin fəaliyyət göstərdiyi qeyd olunub. İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara 35 adda ilkin tibbi-sanitariya yardımının göstərildiyi diqqətə çatdırılıb.
Açılış nitqi ilə çıxış edən Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev dövlət başçısı İlham Əliyevin səhiyyə sahəsinə ayırdığı diqqət və qayğıdan danışıb. İcra başçısı aparılan səhiyyə islahatları çərçivəsində ölkəmizin hər yerində müasir tibb müəssisələrinin istifadəyə verildiyini deyib. Belə tibb müəssisələrindən biri də yeni inşa edilən və əsaslı təmir olunan Bərdə Müalicə Diaqnostika Mərkəzinin və Bərdə Rayon Mərkəzi Xəstəxanasının yalnız yerli sakinlərin deyil, ətraf rayonlarda yaşayan əhalinin də sağlamlığının keşiyində dayandığını deyib.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev layihə çərçivəsində ilkin səhiyyə xidməti üzrə tibb müəssisələrinin fəaliyyətinin elektronlaşmasının əhali üçün olan üstünlüklərindən danışıb. İlkin səhiyyə xidmətinin əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli rola malik olduğunu deyən Z.Əliyev bu sahənin inkişafının vacibliyini vurğulayıb.
“Ümumi infrastruktur quruculuğu, kadr hazırlığı və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə yanaşı, bu sahədə tətbiq olunacaq əsas yeniliklərdən biri “Ailə həkimi informasiya sistemi” modulunun yaradılması və ilkin səhiyyə xidməti üzrə fəaliyyət göstərən tibb müəssisələrində tətbiqidir. Bu vasitə ilə ilkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin tam elektronlaşdırılması nəzərdə tutulub. Yeniliyin tətbiqi nəticəsində ailə həkimlərinin elektron sistem vasitəsilə pasiyentin keçirdiyi əməliyyatlar və xroniki xəstəlikləri haqqında məlumatlara əlçatanlığı təmin ediləcək. Bu da pasiyentin vəziyyətini daha adekvat dəyərləndirməyə imkan verəcək”.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov güclü ilkin səhiyyə xidmətlərinin səhiyyə sisteminin əsasını təşkil etməklə, universal tibbi təminata nail olmağa, yoluxucu və qeyri-infeksion xəstəliklərlə effektiv mübarizə aparmağa imkan yaratdığını bildirib:
“Biz ona nail olmalıyıq ki, vətəndaşlar yalnız xəstələndikdən sonra tibbi yardım almağa çalışmasınlar, onlar həm də profilaktikaya üstünlük versinlər. Çünki bu xidmət əhalinin sağlamlıq göstəricilərini yaxşılaşdırmaqla yanaşı, ümumi iqtisadi məhsuldarlığın artmasına da təkan verir. Azərbaycanda bu gün ilkin səhiyyə xidmətinə müraciət saylarına baxsaq, görərik ki, ilkin tibbi-sanitariya yardımına ildə adambaşına müraciət sayı digər ölkələrin müvafiq göstəricilərindən təxminən 10 dəfə aşağıdır. Ölkə üzrə ilkin-tibbi sanitariya yardımının optimallaşdırılması və yenidən təşkili istiqamətində görüləcək işlər gələcəkdə daha yaxşı nəticələrə gətirib çıxaracaq”.
Təqdimatla çıxış edən Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov layihənin üstünlükləri haqqında məlumat verib:
“Pilot layihə rayonda ilkin səhiyyə xidmətinə aid infrastrukturu və kadr potensialını müasir dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyır. Peyvəndləmə, patronaj, yəni azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti və ilkin səhiyyəyə aid digər xidmətlərin elektron qeydiyyatının aparılması əhalinin sağlamlığı ilə bağlı əhatəli və dəqiq statistik məlumatların formalaşmasına səbəb olacaq. İlkin səhiyyə xidmətinin gücləndirilməsi poliklinik və stasionar xidmətin yükünü də azaltmış olacaq”.
TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı pilot layihənin başlanılmasına qədər görülən işlərdən danışıb. Layihə çərçivəsində yaradılan Koordinasiya qrupunun fəaliyyəti haqqında məlumat verən R.Çobanlı ilkin səhiyyə xidmətinin əhalinin sağlamlığının qorunmasında vacib rol oynadığını vurğulayıb.
“Bizim həyata keçirdiyimiz bütün işlərin mərkəzində insan sağlamlığı dayanır. Məqsədimiz bu sahədə vətəndaş yönümlü yanaşmaya nail olmaqdır. Bu sahənin inkişafı bizim strateji hədəflərimizdə əsas yer tutur”.
Daha sonra Bərdə şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzləri və Qaradəmirçi kənd həkim məntəqəsinə baş çəkilib.
Qeyd edək ki, pilot layihə rayonda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinin təmirini, yeni tibb müəssisələrinin inşasını, onların fəaliyyətinin elektronlaşdırılmasını, tibb mütəxəssislərinin əməkhaqlarına həvəsləndirici əlavələrin tətbiqini nəzərdə tutur.
Layihə çərçivəsində “Ailə həkimi informasiya sistemi” modulu yaradılacaq. İSX üzrə fəaliyyət göstərən tibb müəssisələrinə edilən bütün müraciətlər, ailə həkimləri tərəfindən yazılan reseptlər, ixtisaslaşdırılmış tibbi yardım üçün verilən göndərişlərin qeydiyyatı yalnız elektron qaydada aparılacaq.
Pilot layihədən 155 min rayon sakininin faydalanacağı gözlənilir.

Daha çox xəbərlər