Region Xəbərləri 

Gənclik millətin güvənidir

Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının
inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına
və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.
Ümummilli Lider – Heydər Əliyev
Bildiyimiz kimi, ölkəmizdə dövlət gənclər siyasətinin banisi xalqımızın Ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri hər an onun diqqət mərkəzində olmuş, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir. Məhz 1994-cü ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması sübut edirdi ki, dahi şəxsiyyət ölkənin gələcəyini birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı.
2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forumda Ümummilli lider şəxsən iştirak etmişdir. Bunun ardınca, 1 fevral 1997-ci il tarixdə ilk forumun ildönümü münasibəti ilə gənclərlə görüşən Ümummilli liderimiz “2 fevral – Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında” sərəncam imzalamışdır. Məhz həmin tarixdən etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi böyük təntənə ilə qeyd olunur.
Əsası Ulu Öndərimiz tərəfindən qoyulan bu siyasət dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Həm gənclər, həm də idman sahəsidə gənclərimiz öz sözünü deyir.
Bildiyimiz kimi, bugün ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək göstərməsi, onları daha da ruhlandırır. Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlu nəticələrin sayı günü-gündən artmaqdadır.
Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idmanın vacibliyini qeyd etməsək olmaz. Azərbaycan gəncləri üçün həlledici sınaqlardan biri də Vətən müharibəsi oldu. Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa olunmasında idmançı əsgər və zabitlərimizin xüsusi rolu olmuşdur. Beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edərək bayrağımızı yüksəklərdə dalğalandıran idmançılarımız, 44 gün ərzində davam edən döyüşlərdə böyük şücaət və mərdlik göstərərək, üçrəngli , müqəddəs bayrağımızı doğma Qarabağımızda dalğalandırdılar. Bununla da Azərbaycan gəncliyinin gücünü bir daha bütün dünyaya nümayiş etdirdilər.
Cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı könüllülüyün günümüzdəki inkişaf səviyyəsinə çatmasını təmin edib. 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında mühüm təkanverici rol oynayıb
Dövlət başçımızın 2019-cu ilin dekabrın 30-da “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalaması gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək baxımından xüsusi önəm kəsb edir.
Bu gün Azərbaycan gəncləri öz şəxsi iradəsi ilə, heç bir maddi qazanc güdmədən, ölkəmizin rifahının yüksəlməsinə töhfəsini vermək məqsədilə könüllülük fəaliyyəti ilə məşğul olurlar. Ölkəmizdə könüllülük fəaliyyətinin sahələri yetərincə genişdir. Belə ki, könüllülər seçimlərindən asılı olaraq, sosial, iqtisadi, siyasi, diaspor, idman, incəsənət və digər müxtəlif sahələrdə fəaliyyət göstərirlər.
Eyni zamanda könüllülər ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq yarışlar olan “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəliyi Oyunları, “Formula-1” yarışlarında , COP29 tədbirində misilsiz rol oynayıblar.
2020-ci ildə bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq Azərbaycan könüllüləri hökumətə dəstək fəaliyyətində iştirakları ilə xüsusi seçildilər. Belə ki, hələ pandemiyanın ilk başladığı günlərdə “Könüllü Qonşu”, “Böyüklərimizi qoruyaq” və digər aksiyalara start verildi. Aksiyalar çərçivəsində könüllülər ölkəmizin dörd bir yanında yaşlı vətəndaşlarımızın təhlükəsizliyinin qorunması məqsədilə onların evlərini tərk etməmələri üçün ərzaq və dərman kimi zəruri ehtiyaclarını operativ şəkildə həll edərək, köməklik göstərdilər. O cümlədən iş yerlərini itirmiş, ehtiyacı olan ailələrə də ərzaq və digər yardımların edilməsində yaxından iştirak etdilər.
Könüllülərin pandemiya dövründəki fəaliyyəti bununla bitmir. Onlar vətəndaşlarımızın pandemiya dövründə sağlamlığının qorunması məqsədilə maarifləndirilməsi ilə bağlı sosial çarxların hazırlanması, maskadan düzgün istifadə, sosial məsafə anlayışının təbliğ edilməsi, yollarda, müxtəlif məkanlarda ictimai nəzarət mexanizminin gücləndirilməsinə də mühüm töhfə veriblər.
Azərbaycan könüllüləri torpaqlarımızın azadlığı uğrunda gedən müharibə dövründə də öz fəaliyyətləri ilə yadda qaldılar. Belə ki, könüllülər informasiya müharibəsində Azərbaycanın səsini dünyaya çatdırmaq üçün Facebook, Twitter, Youtube kimi böyük platformalarda on minlərlə foto və video, məlumatlar, tarixi faktlar paylaşıblar.
Cənab Prezidentimiz tərəfindən 2007-ci ilin «Gənclər ili» elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə olmuşdur. Dövlət başçımızın müvafiq Sərəncamı ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq olunub, Gənclər Fondu yaradılıb. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir. Burada hər zaman gənclərə dəstək olan Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini qeyd etmək lazımdır. Azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir və minlərlə müxtəlif təyinatlı layihələri icra edir: elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirir, gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir.
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi ürəkdən təbrik edir, onlara sevinc və uğur dolu həyat yolu arzu edirəm!
Nəsirli Fidan – Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi

Daha çox xəbərlər