Həkimin reklamı qadağan olunmalıdır – Deputatlardan çağırış
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Musa Quliyev tibb işçilərinin televiziyalarda reklam olunmasına qarşı çıxıb.
Musavat.com-un xəbərinə görə, o bildirib ki, dünyanın başqa heç bir ölkəsində belə ənənə yoxdur:
“Həkimlərin şəxs olaraq reklam edilməsi dünyanın heç bir ölkəsinin reklam praktikasında yoxdur”.
Musa Quliyev qeyd edib ki, bu məsələ ilə bağlı boşluqların aradan qaldırılmasını zəruri saydığını deyib.
M.Quliyevin sözlərinə görə, bir sıra televiziya kanallarının şou proqramlarında tibbi xidmətlərin, ayrı-ayrı həkimlərin və klinikaların heç bir reklam normalarına uyğun olmadan reklam edilməsi qalsın bir tərəfə, görürsən ki, şou proqramların sponsorluğunu da həkimlər edirlər:
“Bunun da olduqca mənfi nəticələri ortaya çıxır. Əlbəttə, biz tibb sektorunda xidmətlərin reklamına qarşı deyilik, ancaq reklamın müəyyən çərçivələri, normaları var. O cümlədən tibbi deontologiya və tibbi etika da gözlənilməlidir”.
Deputat qeyd edib ki, son dövrlərdə bir çox ölüm, ağırlaşma hallarının baş verməsində, xüsusilə plastik cərrahiyə əməliyyatlarında, bədən şəkilləndirmə, mədəkiçiltmə əmliyyatlarında yaşanan hallarda bu reklamların, şou proqramların mənfi təsiri var:
“Hansı ki, bunların çoxunun tibbi göstərişi də yoxdur”.
Daha sonra söz alan deputat Aqil Abbas da bu məsələdən danışaraq bildirib ki, sovet vaxtı hansısa həkim haqqında xoş söz demək də qadağan idi:
“İndi bütün televiziyalardakı arvad davasında, şou proqramında həkimlərin, dərmanların reklamı gedir. Buna əncam çəkmək lazımdır. Heç görmüsünüz ki, Rəşad Mahmudovu tərifləyələr? Çünki onların reklama ehtiyacı yoxdur. Həkim reklamı düz deyil. Mənfur sovet dövründə mən qəzetdə işləyəndə adicə həkim haqda xoş söz demək olmazdı. Bu gün televiziyalarda əsas gəlir gətirən arvad davası və həkimlərin, dərmanların reklamıdır. İstərdim ki, yaz sessiyasının işlər planında reklam haqqında qanuna yenidən baxış keçirilsin. Düzdür, bu, televiziyalara, yəni özəl kanallara böyük ziyan vuracaq.
Çünki onlar arvad davasından və reklamdan qazanır. “Mersedes”in reklamı özüdür. Əhliman müəllimin, Rəşid müəllimin reklamları özüdür. Amma indi hansısa adamlar haradasa gedib peşə kursu keçir, yaxud Türkiyədə “uzman” adı alır, gəlir və özünü reklam edirlər. Aralarında savadlıları da var. Amma həkimin reklamı qadağan olunmalıdır”.