Cəmiyyət 

Bu vitaminlərdən özbaşına istifadə edənlər ölümcül xəstəliyə tutulur – XƏBƏRDARLIQ

Ölkəmizdə zərərli tendensiya dəb halına çevrilib. Xüsusən də vitamin və sistem köçürmələri ilə bağlı təcrübəsiz yanaşmaların yayılması ciddi narahatlıq doğurur. Bir çox insan, həkimlə məsləhətləşmədən, sadəcə çevrəsindən gələn qeyri-peşəkar tövsiyələrə əsaslanaraq bu cür müalicə üsullarına müraciət edir. Lakin bu cür hərəkətlər sağlamlıq baxımından böyük risklərə səbəb ola bilər və bəzən geri dönüşü olmayan problemlərə yol aça bilər.

Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verib və insanları bununla bağlı diqqətli olmağa çağırıb:

“Son dövrlərdə insanlar arasında vitamin və sistem köçürmə məsələlərinə qeyri-ciddi yanaşma halları artmaqdadır. Bir çoxları həkimlə məsləhətləşmədən, sadəcə qonşu və tanışların tövsiyələrinə əsaslanaraq bu addımı atırlar. Halbuki bu, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Məsələn, A və D vitaminlərinin normadan artıq qəbulu insan orqanizmi üçün təhlükəlidir. Bu, bədxassəli şişlərin yaranmasına gətirib çıxara bilər. Xüsusilə, siqaret çəkən şəxslər üçün belə risk daha yüksəkdir. Unutmaq olmaz ki, vitaminlər də dərmanlar kimi diqqətlə qəbul edilməlidir. Çünki bu maddələr də dərman vasitəsi sayılır. Onlar orqanizmdə fermentlərə çevrilir və bu fermentlər qidaların həzmində mühüm rol oynayır. Bundan əlavə, vitaminlər hormonların yaranmasına da təsir göstərir. Sinir sistemi qərar verir, hormonlar isə bu qərarların icraçısıdır. Hormonlar orqanların fəaliyyətini ya sürətləndirir, ya da ləngidir. Bu səbəbdən vitaminlərin həddən artıq qəbulu ciddi fəsadlara yol aça bilər.

Azərbaycanda tibbi nəzarət olmadan sistem köçürülməsi halları da yayılmaqdadır. Ancaq nəzərə almaq lazımdır ki, vitaminlər normadan artıq qəbul edildikdə orqanizm üçün zəhərə çevrilə bilər. Çünki insan bədəni artıq maddələri qəbul etmir və bu, müxtəlif xəstəliklərin yaranmasına səbəb olur”.

Həkim immuniteti təbii yollarla gücləndirməyin mümkün olduğunu vurğulayıb:

“İmmun sistemini gücləndirmək üçün ən yaxşı üsul sağlam həyat tərzi keçirməkdir. Bunun üçün fiziki hərəkətlər etmək, gigiyenik qaydalara əməl etmək vacibdir. Təkcə bu qaydaları bilmək kifayət etmir, onlara əməl etmək əsasdır.

Bundan əlavə, yerli və təbii qidalardan istifadə etmək immuniteti gücləndirən ən effektiv üsullardan biridir. Gün ərzində kifayət qədər su içmək, rasiona göyərti və meyvələri əlavə etmək də vacibdir. Qidalanma zamanı bu məhsulları yeməkdən əvvəl qəbul etmək daha faydalıdır. Çünki vitaminlər iki yerə bölünür: suda həll olan və yağda həll olan vitaminlər. C və B qrupu vitaminləri suda həll olur, A, D, E və K vitaminləri isə yağda həll olanlardır. Bu səbəbdən, vitamin qəbul edərkən onların hansı formada mənimsənildiyini bilmək vacibdir.

Bütün bu məlumatları nəzərə alaraq, həkim nəzarəti olmadan vitamin qəbulu vərdişindən imtina etmək vacibdir. Sağlam həyat tərzi və balanslı qidalanma immuniteti gücləndirmək üçün ən yaxşı seçimdir”.

Daha çox xəbərlər