Suriyada Türkiyə hərbi bazaları yerləşdirilə bilər
Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ölkəsində Türkiyə hərbi bazalarının yerləşdirilməsini təklif edib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat verib.
Qeyd edək ki, əş-Şəra və Ərdoğan görüş zamanı mərkəzi Suriyada Türkiyə aviabazalarının yaradılmasını və yeni Suriya ordusunun hazırlanmasını əhatə edəcək birgə müdafiə paktını müzakirə ediblər. Mənbələrin sözlərinə görə, Türkiyə Suriya hava məkanından hərbi məqsədlər üçün istifadə edə biləcək.
Suriya təhlükəsizlik xidmətinin nümayəndəsi anonim şərtlərlə bildirib ki, müzakirə olunan bazalar Türkiyəyə gələcəkdə hər hansı hücum olacağı təqdirdə Suriyanın hava məkanını qorumağa imkan verəcək. Regional kəşfiyyat nümayəndəsi aviabazaların yaradılması üçün mümkün yerlər kimi Palmira hərbi aeroportu və hər ikisi Homs əyalətində yerləşən Suriya ordusunun T4 bazasını göstərib.