Gəncəyə atılan raket və ya USAID-in qaranlıq fəaliyyətini araşdıran Ağ Ev Ermənistanı təftiş edəcəkmi?..
Donald Trampın hakimiyyətə gəlişindən sonra veb-saytı iflic olan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təftişinə başlanılıb. Təşkilatın Vaşinqtondakı Ronald Reyqan binasında yerləşən baş qərargahından quruma aid lövhə də sökülüb.
Ağ Ev sahibi tərəfindən qurumun bütün xarici layihələrinin 90 günlük dondurulması və təşkilatın başına ABŞ dövlət katibinin gətirilməsi ondan xəbər verir ki, USAID fəaliyyət göstərəcəksə belə, bundan sonar “dövlət içində dövlət” funksiyasını icra edə bilməyəcək, ən azı Respublikaçıların dövründə rəsmi kursun çərçivələrindən kənara çıxmayacaq, xüsusilə də maliyyələşmə məsələsində. Təsəvvür edin, ABŞ Konqresinin Tədqiqat Xidmətinin məlumatına görə, 2024-cü ildə USAID təxminən 40 milyard dollar məbləğində vəsaitə sərəncam verib! Təqribən Azərbaycanın illik dövlət büdcəsi qədər!
Faktiki olaraq Sorosun funksiyasını USAID icra edib bu illərdə. Araşdırmaların gedişində qurum tərəfindən maliyyələşdirilən bəzi layihələrin siyahısı dərc olunub ki, bu da diqqət çəkir. USAID-in maliyyələşdirdiyi layihələr arasında Əfqanıstanda heroin istehsalında istifadə olunan suvarma kanallarının yaradılması və gübrə alınması, “Əl-Qaidə” üzvləri üçün 100 min porsiya yemək təmin edilməsi, Kolumbiyada “Transgender opera” layihəsi, Peruda “transgender komikslərin” hazırlanması, İrlandiyada LGBTI mövzulu müzikalın maliyyələşdirilməsi, Serbiyada “iş yerlərində bərabərliyin və inklüzivliyin təşviqi” üçün 1,5 milyon dollar ayrılması, Vyetnamda elektromobillərin inkişafı üçün 2,5 milyon dollar vəsait xərclənməsi, Qvatemalada cinsiyyət dəyişikliyi və “LGBTI aktivizmi” üçün 2 milyon dollar maliyyə dəstəyi, Misirdə turizmin inkişafına 6 milyon dollar ayrılması, inkişaf etməkdə olan ölkələrdə fərdiləşdirilmiş kontraseptivlərə maliyyə dəstəyi var.
Tramp tərəfindən yaradılan Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) müfəttişlərinin daxili sənədləri araşdırarkən çoxsaylı pozuntular aşkar edildiyi bildirilir. Amma…
Bir az da təəccüblüdür, bu hay-küydə açıqlanan xərclərin ümumi cəmi heç Ermənistana ayrılan vəsaitin onda biri eləmir. Elə isə USAID-in Ermənistan fəaliyyəti niyə araşdırılmır, yaxud da araşdırılırsa, niyə faktlar açıqlanmır?!
Keçən ilin sentyabrında açıqlandı ki, USAID Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox – 120 milyon dollardan 250 milyon dollara qədər artıracaq. Guya ki, bu vəsaitlər “demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi” və s. kimi sahələrə yönəldiləcəkdi. Heç şübhəsiz, bu, Bayden administrasiyasının Ermənistan sevgisindən qaynaqlanırdı, həmçinin ABŞ-dəki erməni lobbisinin, ABŞ Konqresi və Senatındakı erməni pulları ilə qidalanan şəxslərin, həmçinin erməni diasporunun səylərinin məntiqi nəticəsi idi. Ermənistanda demokratiyanın səviyyəsi barədə elə ermənilər özləri vaxtaşırı etiraflar edirlər və o səviyyəyə 250 sentin ayrılması belə, ayıb idi…Deyək ki, Blinken və dostları bu istiqamətdə addım atdılar. Həmçinin Ermənistanla qırılmaz tellərlə bağlı olan USAİD-in keçmiş direktoru Samanta Pauer heç bir əsas olmadan İrəvana yardımın iki dəfədən çox artırılmasında ciddi rol oynamışdı. Bəs, indi Ağ Ev administrasiyasında niyə bu barədə danışmırlar? Yoxsa Ermənistan XİN başçısı Ararat Mirzoyanla keçmiş dövlət katibi Entoni Blinkenin imzaladığı strateji tərəfdaşlıq haqqında xartiyadır cənab Trampın yolunu kəsən?
Açığı, az inandırıcıdır. Hakimiyyət olimpinə yenidən qayıtdığı iki həftə ərzində qəbul etdiyi radikal qərarlarla dünyanı silkələyən, Panama, Qrellandiyaya iddia ortaya qoyan, Kanadanı ABŞ-nin 51-ci ştatına çevirmək istəyən Ağ Evin yeni administrasiyası niyə Ermənstanın “E”sindən danışmır? Özü də söhbət 250 milyondan getmir. USAID-in İrəvana indiyədək ayrı-ayrı adlar altında ayırdığı yüz milyonların təftişi aparılsa, heyrətamiz nəticələr üzə çıxar. Ermənistan və ABŞ arasında 2022-ci il iyunun 29-da imzalanmış qrant sazişinə əsasən, USAID-in bu ölkəyə ayırdığı vəsaitin həcmi 120 milyon dollar təşkil edirdi. USAID nə Azərbaycan ərazilərinin işğal altında olmasına məhəl qoyub, nə Ermənistanın işğal və terror siyasətinə fikir verib bu illərdə…
Ermənistanda bəlli narahatlıq var, “çeşmə”nin suyu kəsilir axı, Tramp “krant”ı bağlayıb. Erməni mediası yazır ki, USAİD-in Ermənistandakı fəaliyyətinin məhdudlaşdırılması, ən azı, iş yerlərinin ixtisarına və bir sıra proqramların və islahatların – xüsusən də hüquq-mühafizə sistemi, Milli Qvardiyanın və Ədliyyə Nazirliyinin formalaşdırılmasının dayandırılmasına gətirib çıxaracaq. Sonra da bildirirlər ki, bu məsələ media layihələrinə də təsirsiz ötüşməyəcək, çünki Ermənistanda medianın inkişafı və təhsil proqramları ilə məşğul olan bir çox KİV və QHT Dövlət Departamentindən vəsait alır. Vurğulanır ki, USAİD-in vəsaiti ilə Media Təşəbbüsləri Mərkəzinin və onun tərəfdaşlarının proqramları həyata keçirilib. O da bildirilir ki, USAID-in Ermənistandakı ekspertləri BMT-nin İnkişaf Proqramına (UNDP) köçürüləcək, həmçinin PR işçiləri ABŞ-ın Ermənistandakı səfirliyi ilə əməkdaşlıq edəcəklər. Yəni yeyintilər “yerbəyer” edilir, həmçinin bundan sonrakı fəaliyyətlə bağlı tədarük görülür. Bu, Ermənistanın bəlli mövqeyidir. Bəs ABŞ, Ağ Ev administrasiyası? Doğrudanmı həqiqətlərin ortaya çıxmasına cəhd edilməyəcək? Tramp administrasiyası Ukraynanı belə şoka salıb USAID qərarı ilə, 100-dən artıq təşkilat müharibə şəraitində məhz bu təşkilatla əməkdaşlıq edib. Necə olur ki, Ukrayna ilə bağlı da sorğu-suallar, təftişlər aparılır, amma Ermənistana gəldikdə görməzdən gəlinir?
“Hraparak” yazır ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılmasından sonra Ermənistanda bəzi təşkilatlar üzləşdikləri itkilərə görə ölkə hökumətindən kompensasiya tələb etmək niyyətindədir.
Bu günlərdə baş nazir Nikol Paşinyanın özünü ABŞ-yə yetirməsi və sayca 5-ci illik Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində və “Milli ibadət səhər yeməyi”ndə iştirak etməsi də İrəvandakı təşvişdən irəli gələn səfər idi. Vaşinqtonda olsa belə, Ermənistan baş nazirinin Trampla görüşü və danışıqları gözlənilmirdi. Amma Paşinyan gözləyirdi ki, heç olmasa ermənipərəst konqresmen Frank Pallone kimilərin fəaliyyətindən istifadə edərək ölkəsinə dəstəyin Tramp dövründə davam etdirilməsinə nail olsun. Budur, erməni milyarderlərin pulları ilə ömür sürən Azərbaycan düşməni Pallone Paşinyanla görüşdən bəhs edib: “Biz ABŞ və Ermənistan arasında münasibətləri gücləndirmək və davamlı, ədalətli sülh sazişinə nail olmaq yollarını müzakirə etdik. Mən bundan sonra da ölkələrimiz arasında bütün səviyyələrdə əməkdaşlığın genişləndirilməsində təkid edəcəyəm”. Bu sırada USAID tərəfindən Ermənistana ayırdığı vəsaitlərin təftiş olunmaması xahişi də yer ala bilər. USAID-in Qarabağdan olan erməni “qaçqınlar”a yardım etdikləri də iddia olunur. Bu mənada şübhə doğurmur ki, Ermənistan ABŞ-dən gələn vəsaitlərin elə Qarabağ ermənilərinin “rifah”ına xərclədiklərini iddia edəcəklər. Amma onlardan kimsə soruşmayacaq ki, bəs işğal dövründə Qarabağdakı qondarma quruma ayrı-ayrı adlar altında ayrılan 2 milyard dollar hara gedib?!
Milyarder İlon Maskın rəhbərlik etdiyi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti (DOGE) agentliyin məxfi məlumatlarının olduğu bütün kompüter sistemlərini nəzarətə götürüb. Maraqlıdır, o kompüterlərin yaddaşındakı Ermənistanla bağlı məlumatların taleyi necə olacaq? Erməni faşizminin və erməni terrorunun cinayətləri kimi, bu faktlar da gizlədiləcəkmi?..
Xatırlayırsınızsa, ötən ilin dekabrında Prezident İlham Əliyev rusiyalı telejurnalist Dmitri Kiselyova müsahibəsində USAID-lə bağlı dəqiq proqnozunu açıqlamışdı.
Sitat: “Bax, onların USAİID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil… Zənnimcə, Tramp onu (USAİD – E.P.) qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq”.
Faktiki olaraq ilkin addım atılıb və hələ ötən yay Trampın qələbəsinin anonsu sayılan açıqlaması ilə heyrətləndirən dövlət başçısı USAİD-lə bağlı dedikləri ilə də təəccübləndirdi. Çox güman ki, Azərbaycanda da bu təşkilatın qaranlıq fəaliyyətləri barədə kifayət qədər məlumatlar olub. Bu təşkilat Azərbaycanın dövlət və milli maraqlarına uyğun layihələrdə hər zaman “qeyb”ə çəkilib, baxmayaraq ki, ölkəmizdə də ofisi fəaliyyət göstərib. Maraqlıdır, cənab Tramp USAID qaranlığını sonadək yarmağa müvəffəq olacaqmı? Gözləyək. Amma bizi daha çox maraqlandıran bu təşkilatın Ermənistanda “əritdiyi” yüz milyonlardır. Kim bilir, bəlkə elə Gəncəyə atılan ballistik raketlər USAID-in “humanitar layihələri” çərçivəsində alınıb?..