Yaponiyada güclü qar insan tələfatına səbəb olub, bir neçə nəfər xəsarət alıb
Yaponiyanın şimalında güclü qar nəticəsində azı bir nəfər ölüb, 9 nəfər müxtəlif xəsarətlər alıb.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Xayasi bildirib.
“Bu günə olan məlumata görə, bir nəfərin öldüyü, xəsarət alan dörd yaralının vəziyyətinin ağır olduğu, beş nəfərin isə yüngül xəsarət aldığı barədə məlumat əldə etmişik”, – o deyib. Xayasinin sözlərinə görə, fevralın 4-dən ölkənin şimalında davam edən güclü qar Hokkaydonun şimal prefekturasının bir çox bölgələrində avtomobil və dəmir yolunun hərəkətini pozub, 130-dan çox daxili reys ləğv edilib.
Baş katib vurğulayıb ki, ölkə hakimiyyəti vəziyyətin inkişafını diqqətlə izləyir, müvafiq idarələrin və fövqəladə hallar xidmətlərinin fəaliyyətini əlaqələndirir.
Qeyd edək ki, Yaponiyanın şimalında artıq üçüncü gündür ki, güclü qar yağır, bəzi ərazilərdə qarın gündəlik həcmi 130 sm-i ötüb.