Moskva susarsa, Bakı buna məcbur qalacaq – ŞOK TƏFƏRRÜAT
Mülki təyyarənin vurulmasının məsuliyyətindən yayınma nəyə gətirib çıxaracaq?
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycana məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatını şərh etmək istəməyib. “Əlbəttə, bizim aidiyyəti idarələrimiz bunu (hesabatı – red.) çox diqqətlə, lazımi diqqətlə öyrənəcəklər. Rusiya Prezident Administrasiyasının bu mövzuda şərh verməsi mümkün deyil, biz bunu mümkün hesab etmirik”, – deyə Peskov bildirib.
“Rosaviasia” isə bildirib ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqatla bağlı dərc etdiyi hesabat ilkin xarakter daşıyır. Qeyd olunub ki, nəticələr yekun hesabatda təqdim olunacaq.
Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. 53 səhifəlik hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Azərbaycan hökumətindəki rəsmi mənbə “Reuters” agentliyinə bir sıra yeni faktlar açıqlayıb. Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın “Pantsir-S” raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, – mənbə bildirib.
“Hesabat dərc olunub. Bu gün Rusiya tərəfinin reaksiyasından ancaq yaxşı heç nə vəd etməyən media fəaliyyətini görmək olar, yəni bu hesabatın ayrı-ayrı hissələrinin kontekstdən çıxarıldığı, diqqəti Rusiya silahlarının təyyarəyə endirdiyi zərbədən mümkün qədər yayındırmaq üçün bir növ informasiya xəttinin formalaşdığı göz qabağındadır. Bu fraqmentlərin Rusiya tərəfinə təqdim edilməməsi ilə bağlı mediaya bəzi sızmalar gedir və s. Əgər Rusiya tərəfi Azərbaycan tərəfinə, hesabatda və Azərbaycan mətbuatında əksini tapmış bu fotoşəkillərə etibar etmirsə, deməli, bu, Rusiya tərəfindən Azərbaycana etimadın aşağı səviyyədə olmasının göstəricisidir. Hesab edirəm ki, Bakı da eyni yanaşmadan çıxış etməlidir. Biz bunu niyə Rusiya Federasiyasına göndərməliyik? Orada bizim sübutlarımızı dəyişdirə və saxtalaşdıra bilərlər”. Bunu Minval.az-a Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, proses şəffaf olub, “Qazaxıstan tərəfi Rusiya tərəfinin vicdanını inkişaf etdirəcəyi ümidi ilə prosesi şəffaflaşdırıb, lakin biz oradan bu insani keyfiyyəti hələ görməmişik”. “Azərbaycan həm media, həm də dövlət qurumları vasitəsilə nümayiş etdirdi ki, mövqeyini dəyişmir”, – deyən politoloq bundan sonrakı addımların Rusiyadan asılı olacağını vurğulayıb. “Hesab edirəm ki, əgər biz gözlədiyimizi əldə etməsək, gözləntilərimiz ədalətli və əsaslı olarsa, o zaman Azərbaycan bu prosesdə beynəlxalq iştirakda israrlı olacaq və beynəlxalq məhkəmələrə müraciət edə bilər”, – Məmmədov yekunlaşdırıb.
Ekspertlər bildirir ki, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıqlamasından sonra da Rusiya tərəfi hadisəyə qərəzli yanaşmasını dayandırmır. Rusiya tərəfi bu məsələdə məsuliyyətini dərk etməlidir. Qazaxıstan tərəfdən hesabat yayılandan sonra Rusiyanın aidiyyəti qurumları, xüsusən də “Rosaviasia” məsuliyyətdən yayınmaq üçün əsassız açıqlamalarla çıxış edib. Bu məsələdə Rusiya mətbuatı da geri qalmır. Görünən budur ki, Rusiya tərəfi məsələni ört-basdır etmək, məsuliyyəti təyyarə heyətinin üzərinə atmaq istəyir. Bunu rəsmi qurumların, ayrı-ayrı şəxslərin açıqlamalarından, eləcə də Rusiya mətbuatında gedən materiallardan aydın görmək mümkündür.
Rusiya tərəfi bununla “Malayziya Boing-2” vəziyyəti yaratmaq niyyəti güdür. Xatırladaq ki, 2014-cü ilin iyulunda Amsterdamdan Kuala-Lumpura uçan, “Malaysia Airlines” aviaşirkətinə məxsus “Boinq-777″ təyyarəsi Ukraynanın cənub-şərq hissəsində vurulmuş, təyyarənin göyərtəsində olan 298 nəfər həlak olmuşdu. Təyyarənin Rusiya tərəfindən işğal olunmuş Donbasın hava məkanında, məhz Rusiyaya aid silahla vurulması təsdiqlənsə də, Moskva bu günə qədər də məsuliyyəti öz üzərinə götürmür, əsassız yerə Ukraynanı günahlandırır.
Rusiya rəsmilərinin, ekspertlərinin və mətbuatının AZAL-ın təyyarəsi ilə bağlı addımları onların eyni taktikanı seçdiyini söyləməyə əsas verir. Lakin araşdırmaların nəticələri, qəzanın ardıcıllığı, faktlar və dəlillər başqa şey deyir.
Hesabatdan da göründüyü kimi, Azərbaycan təyyarəsi Qroznı üzərində atəşə məruz qalıb, ardıcıl bir neçə atəş açılıb, hava gəmisinin əsas idarəetmə sistemləri 05:13:32-də sıradan çıxıb, əlaqələndirici dispetçer isə “Kover” əməliyyatı barədə Qroznıya 8 dəqiqə sonra – 05:21:42-də məlumat verib. Burdan aydın olur ki, Azərbaycan tərəfinin və təyyarə ekipajının “Kover” əməliyyatından xəbəri ola bilməzdi. Bu da onu göstərir ki, Rusiya tərəfi məsələni gizlətmək istəyib.
Qazaxıstanın açıqladığı ilkin hesabatda açıq şəkildə qeyd olunub ki, hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə videoqeydiyyata alınıb. Həmin zədələr təyyarənin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.
Təyyarənin füzelyajında aşkar olunan zədələr kənar obyektlərin təsiri nəticəsində yaranıb. Hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.
Bu qədər açıq-aydın, faktlar və sübutlarla yazılmış hesabatın ardından Rusiya tərəfinin öz israrından dönmək istəməməsini anlamaq mümkün deyil.
Kənar obyektlərin təsirindən danışarkən vurğulamaq yerinə düşər ki, hazırda Çeçenistanın paytaxtı Qroznının Xankala qəsəbəsində yerləşən hərbi hissədə hadisə ilə bağlı istintaq davam edir. Azərbaycan təyyarəsinə atəşin məhz bu hərbi hissənin ərazisindən açıldığına dair məlumatlar var.
Atəş əmri verənlərin və atəş açanların kimliyi Azərbaycan tərəfinə bəllidir. Rusiyalı müstəntiqlər isə atəşin niyə açılmasının səbəblərini müəyyənləşdirmək istəyir, dindirmə zamanı məhz bu suala cavab almağa çalışırlar.
Azərbaycan tərəfinə atəşin hansı silahdan açıldığı da məlumdur. Azərbaycan hökumətindəki mənbə fevralın 4-də “Reuters” agentliyinə bildirib ki, təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi ilə vurulub.
“Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin fraqmenti var”, – deyə mənbə bildirib.
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycanın mülki təyyarəmizin vurulması ilə bağlı sübutları Beynəlxalq Cinayət Məhkəməsinə təqdim etmək və Rusiyaya qarşı iddia qaldırmaq hüququ var. Belə görünür ki, Rusiya tərəfi bu hadisədə məsuliyyəti üzərindən atmaq niyyətindədir. Ona görə də Azərbaycan Rusiyaya konkret xəbərdarlıq edə bilər ki, bizə Beynəlxalq Məhkəməyə müraciət etməkdən başqa yol qoymursunuz: “Bu qədər fakt, sübut və dəlillər ortada olduğu halda Rusiyanın məsələni başqa istiqamətə yönəltmək niyyəti, günahı ekipajın üzərinə atmaq cəhdləri acı təəssüf doğurur. Əslində Rusiyadan gözlənən elə bu idi. Lakin Rusiya tərəfi unutmasın ki, ortada kifayət qədər maddi sübutlar var, bu cinayətin məsuliyyətindən yayınmaq mümkün deyil. Araşdırmalarda Qazaxıstanla yanaşı, Azərbaycan, Rusiya və istehsalçı ölkə olan Braziliyadan olan mütəxəssislər də iştirak edir. İlkin hesabatda əksini tapmış məqamlar Rusiya tərəfinə də məlumdur.
Azərbaycanın şərtləri, nə istədiyi bəllidir və bunlar ali səviyyədə də elan edilib. Artıq qeyd olunduğu kimi, Azərbaycanın əlində təyyarənin vurulduğu “Pantsir-S” raketlərinin hissələri də var. Sübut bazası formalaşır, faktlar, dəlillər toplanır və beynəlxalq məhkəməyə müraciət etmək istiqamətində hazırlıq işləri aparılır.
Bununla belə, Azərbaycan Rusiya ilə dialoq üçün qapıları bağlamayıb. Moskva öz günahını açıq şəkildə etiraf edib məsuliyyəti üzərinə götürməlidir. Əks halda, məsələnin məhkəmələr müstəvisinə çıxacağı üçün dəlillər yetərincədir”.