“Unun qiymətinin artımı daxili faktorlarla bağlıdır” – İqtisadçı ekspert
Unun topdan satış qiyməti qalxıb.50kq-lıq unun qiyməti 50qəpik-1manat civarında artıb.
Mövzu ilə bağlı BiG.AZ-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qiymət artımı daxili faktorlarla bağlıdır.2025-ci ildən işığın və qazın qiymətinin artımı minimum əmək haqqının artması, ötən il orta aylıq əmək haqqının 8 faiz artması un istehsalı ilə məşğul olan dəyirmanların xərcini də artırır:
“Ölkə daxilində unun bahalaşmasının əsas səbəbi dünya bazarı ilə əlaqəli deyil. Hətta buğda qiymətləri ucuzlaşıb. Qiymət artımı daxili faktorlarla bağlıdır. Ötən ilin 2-ci yarısından dizel yanacağının bahalaşması, 80 qəpikdək 1 manata qalxması daşınma xərclərini artırıb.Təkcə un istehsalçıları deyil, həm də kənd təsərrüfatı satışı və istehsalı ilə məşğul olan şəxslərin, tikinti sahəsində məşğul olan şəxslərin xərcləri artıb. Bundan başqa, 2025-ci ildən işığın və qazın qiymətinin artımı minimum əmək haqqının artması, ötən il orta aylıq əmək haqqının 8 faiz artması un istehsalı ilə məşğul olan dəyirmanların xərcini də artırır. İşığın,qazın qiymətinin artması, əmək haqqının artımı unun maya dəyərini artırmış olur və təbii ki, bu da un məhsullarının qiymətinə təsir göstərir. Biz işçilərin əmək haqqının artmasını çox yaxşı qiymətləndiririk, amma eyni zamanda nəzərə almalıyıq ki, həm işçilərin əmək haqqının artımı istehsalla əlaqədar qazın,işığın, dizelin qiymət artımı sahibkarın xərclərini artırır. Bu da unun qiymətinin artımına təsir göstərir. Un qiymətləri Tarif Şurası ilə tənzimlənməsə də, hökumətin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu sahədə ciddi müşahidələr həyata keçirir. Strateji məhsul olduğuna görə dövlət ehtiyatlar vasitəsilə bazarda qıtlıq olmasına və qiymətlərin şişirdilməsinə imkan vermir. Bu cür obyektiv xərclərin artması dəyirman istehsalçılarını qiymətlərə zaman-zaman baxmağa vadar edir”.