Siyasət 

Bədnam “907-ci düzəliş” ləğv edilə bilər – ermənilər təlaşda

ABŞ Cənubi Qafqaz siyasətini korrektə etməyə hazırlaşır – iki rəy

Ağ Evdə respublikaçı Donald Trampın prezidentliyinin ikinci dönəminin başlaması ilə Azərbaycana dair bir sıra məsələlər gündəmə gəlib. Onlardan biri 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa dəstək haqqında” aktına edilən “907 saylı düzəliş”in (ölkəmizə qarşı birbaşa yardımı qadağan edən düzəliş) ləğv edilib- edilməyəcəyi ilə bağlıdır.

Belə ümidlər var ki, Tramp bu düzəlişi ləğv etmək təşəbbüsü ilə çıxış edə bilər. “907-ci düzəliş”in həmmüəlliflərindən sayılan demokrat Co Baydenin Tramp tərəfindən hakimiyyətdən yola salınmasının da bu qərara təsir edəcəyi ehtimallarından söz açılmaqdadır. Eyni zamanda Trampın birinci hakimiyyəti dönəmində Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi də xatırladılır. İstisna deyil ki, Ağ Evdəki kreslo dəyişikliyi ermənilərin yuxusuna haram qatıb və onlar həm də “907-ci düzəliş”in ləğv oluna biləcəyindən narahatdırlar.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva Amerikanın Azərbaycanla münasibətləri düzəltmək üçün ciddi cəhdlər edəcəyini istisna etmir: “Bədnam “907-ci düzəliş”in ləğv edilib-edilməməsi indiki mərhələdə Azərbaycanın Birləşmiş Ştatlardakı dostlarından asılı olacaq. Daha dəqiq desək, yəhudi lobbisi və Azərbaycanı özünə etibarlı və səmimi dost bilən icmalar Tramp administrasiyasını bu məsələdə inandırmalıdır. Əgər Tramp və administrasiyası Azərbaycanın regiondakı üstünlüklərini ciddi dəyərləndirə bilsələr, o zaman vəziyyət müsbətə doğru dəyişə bilər. Eyni zamanda düşünürəm ki, “907-ci düzəliş”i Vaşinqton Bakıya qarşı “ən səhih təzyiq vasitəsi” kimi istifadə edir. Yəni Azərbaycana qarşı ən real təzyiq vasitəsi məhz bu düzəliş aktıdır. Fikrimcə, artıq həmin sənədin təzyiq vasitəsi “status”u bitib. Ona görə də Birləşmiş Ştatlar Cənubi Qafqaz siyasətini yenidən korrektə etmək üçün Azərbaycanla münasibətləri düzəltmək istəyəcək. Bu zaman Bakının əsas şərti məhz həmin qara ləkənin təmizlənməsi olacaq. Azərbaycan hər zaman Birləşmiş Ştatların terrorizmlə mübarizəsində yanında olub. Çünki biz terrordan əziyyət çəkən ölkəyik. İnanıram ki, yaxın aylarda Tramp administrasiyası bu barədə ciddi düşünəcək və erməni lobbisinin etirazlarını blokladıqdan sonra istəyinə nail olacaq”.

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Trampın ilk hakimiyyəti dövründə düzəlişin ləğvinə cəhdlərin olduğunu xatırlatdı: “1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa dəstək aktı”na edilən “907 saylı düzəliş” Azərbaycana birbaşa yardımı qadağan edir. Üzərindən 33 il ötməsinə baxmayaraq həmin düzəliş təəssüflər olsun ki, ləğv edilməyib. Doğrudur, həmin düzəlişdən yan keçməklə Birləşmiş Ştatlar Azərbaycana yardımlar edib. Ancaq düzəlişin qalması Vaşinqton-Bakı əlaqələrinin inkişafına əngəllər yaradır. Trampın ilkin hakimiyyəti dönəmində bəzi cəhdlər edildi ki, ədalətsiz şəkildə tətbiq edilən həmin düzəliş aradan qaldırılsın. Buna nail olunmadı. Trampın  ikinci dəfə hakimiyyətə qayıdışı və yürütdüyü siyasət “907-ci düzəliş”ə ədalətli və hər iki dövlətin maraqları çərçivəsində yanaşılacağına ümid verir. Co Baydendən fərqli olaraq Ağ Evin indiki sahibi erməni diasporunun təsirində deyil və aydın baxışları var. Cənubi Qafqaz ABŞ üçün də geostrateji bölgədir və Azərbaycanın regionda və dünyada önəmi getdikcə artır. Bu baxımdan da hesab edirəm ki, Tramp daha praqmatik yanaşaraq Azərbaycanla münasibətlərin dərinləşməsində və əməkdaşlığın möhkəmləndirilməsində maneəyə çevrilən “907-ci düzəliş”in aradan qaldırılması istiqamətində təşəbbüslərə biganə qalmayacaq. Bildiyiniz kimi, Azərbaycanın strateji müttəfiqi və dostu olan İsrailin knesset üzvləri və yəhudi din xadimləri də bununla bağlı ABŞ Prezidentinə müraciət edirlər. Bildiyim qədər Azərbaycan da diplomatik səylərini artırıb. İranın geniş coğrafiyada, həmçinin İsrailin və ABŞ-ın maraqlarına  təhlükə çevrildiyi bir vaxtda Azərbaycan mühüm tərəfdaş rolunu oynaya bilər. Nəzərə almaq lazımdır ki, təhlükəsizlik məsələsində maraqlar üst-üstə düşür. Tehran Bakı üçün də təhdid yaradır. Hesab edirəm ki, göstərilən müxtəlif istiqamətli fəaliyyət nəhayət öz müsbət nəticəsini verərək bədnam “907-ci düzəliş”in aradan qaldırılmasına müvəffəq olunacaq. Bu həm də Bayden dönəmində itirilən ABŞ-Azərbaycan əlaqələrinin yeni dönəminin başlanğıcı ola bilər”.

Daha çox xəbərlər