Virtual manyaklığın real cəzası
Təxminən 10 il öncə redaksiyada qadın əməkdaşlarımızdan biri ilə sosial şəbəkələrin xeyri, zərəri və sair məziyyətləri barədə apardığımız müzakirə zamanı mövqelərimiz kəskin haçalandı.
Mən Feysbukun operativ informasiya toplamaqı, yaymaq, dünyanın o başında olan həmvətənlərin, dostların həyatından, iş-gücündən xəbərdar olmaq kimi funksiyalarına vurğu edərkən xanım əməkdaşımız bu platformanın “ağzıqara gədələr” üçün ona-buna sataşmaq, zəhlə tökmək meydanı olduğunu bildirdi.
Söhbətimiz bir az da irəliləyəndə o, öz FB səhifəsinin daxili poçtuna nəzər salaraq dedi ki, bax, budur, dünəndən bəri düz 120 mesaj gəlib və demək olar ki, hamısı belə başlayır: “Salam, xanım. Sizinlə tanış olmaq olar?”
Belə anlaşılırdı ki, sosial şəbəkədəki səhifəsində əməkdaşımızın bir-iki şəklini görən şəxslər, onun təbirincə desək, “ağzıqara gədələr” daxili poçtunu bombardman ediblər.
Bu o zamanlar idi ki, özünə FB-də səhifə açan gənclərin yeganə məqsədi nə informasiya almaq idi, nə də hansısa mövzuda polemikalarda iştirak etmək, fikir bildirmək. Sosial şəbəkədən istifadə edərkən onların yeganə fikri, öz ifadələri ilə desək, “gəlin tutmaq”, “xalaşka tapmaq” idi. Belələri daha sonra öz sərgüzəştlərini çayxanadakı curlarına ballandıra-ballandıra, şişirdə-şişirdə danışıb öyünürdülər. Nəticədə FB səhifəsi olmayanlar da cumub səhifə açır, zərif cinsin nümayəndələrinin zəhləsini tökürdülər. Beləcə, Feysbuk seksual partnyor axtarmaq üçün əsas platformaya evrilmişdi.
O illərdə sırf o cür həyasız, sapıq, iyrənc adamların əindən minlərlə qadın FB səhifəsini deaktiv etdi.
Elə o vaxtlar da yazır, xəbərdarlıq edirdik ki, bu tendensiyanın mütləq bir zibili çıxacaq. Çünki nə qədər çeynənmiş ifadə olsa da, bu tərəflərin mentaliteti fərqliydi. Bura Qərbi Avropa ölkəsi deyildi ki, Feysbuk səhifəsi və inboksu olan qadınlar kütləvi şəkildə tanışlıq mesajları “atəşinə tutulmasınlar”. Heç o ölkələrdə də qadınlar bu cür aşırı diqqətdən xoşnud deyillər və bunu cinsi qısnama aktı kimi qiymətləndirir, şikayətçi olurlar.
İkincisi, itdə abır-həya yoxdursa və o məscidə təpilmək istəyəcəksə, kimsə mütləq əlinə ağac götürüb onu oradan qovacaq. Çünki bu ölkədə yaşayan qadınların tam əksəriyyətini dövlətin qanunları ilə yanaşı qoruyan kimlərsə var. Bunların adı ata, ər, qardaş, oğul və digər kişi qohumlardır və onlar heç kəsə imkan verəsi deyillər ki, kimsə onların məhrəminə əl, dil uzatsın.
Budur, xəbər yayılıb ki, paytaxtın Binəqədi rayonu ərazisində sırf sosial şəbəkə sataşmasına görə dörd nəfər bir sürücünü maşınında linç ediblər, avtomobilinə və özünə zərər yetiriblər və buna görə də saxlanılıblar.
Bu, baş verən hadisə haqqında ilkin versiyadır, təfərrüatlar açıılanda ortaya fərqli detallar çıxa bilər və yəqin ki, çıxacaq. Amma bu məsələnin mahiyyətini dəyişməyəcək. Bu mahiyyət ondan ibarətdir ki, bu ölkədə sosial şəbəkələrdən, ünsiyyət platformalarından çirkin və iyrənc məqsədlərlə istifadə edənlər, etməyə çalışanlar var.
Onlar “göz görmür, üz utanmır” prinsipi ilə hərəkət edir, cəzasız qalacaqlarına güvənirlər, amma heç də həmişə qaynatdıqları tiyanın içindən his-passız sıyrıla bilmirlər.
Xatırlayırsınızsa, ötən il Gədəbəyin Arıqıran kəndində 3 nəfər bir kişini döymüş, sonra başına ip keçirərək, sürüyə-sürüyə üzr istətməyə aparmışdılar. Buna səbəb döyülən şəxsin döyən şəxsin həyat yoldaşına mesaj yazması olmuşdu.
Əslində tərəflər ziyanın yarısından qayıtmışdılar. Çünki belə qəbahət hərəkətlərə görə həmin şəxsi yaralaya və öldürə də bilərdilər, nəticədə ağır cəza alardılar. Qeyd edək ki, qısqanclıq zəminində törədilən qətllərə görə çox ölkələrdən irəlidəyik.
Amma böyük ehtimalla bu özbaşına cəza üsulu telefonla “gəlin tutmaq” fikrində olan çox gənci ağıllandırmış, gözlərini açmışdı ki, onlar özlərini yığışdırsınlar.
Bir şəxsi küçədə linç etmək, yaralamaq, sözsüz ki, cinayətdir və qanun bunu edənləri cəzalandırır. Ancaq bu ölkədə heç kəs həmin qanuna arxayın olaraq yetdiyinə, əli çatdığına sataşa, girişə bilməz. Çünki yazılmamış qanunlar da var və onların dövlətin yazılmış qanunlarından daha itidir.
Əmin ola bilərsiniz, küçədə namus üstdə adam döyənlərə sabah hansı cəza kəsilirsə, kəsilsin, cəmiyyətdə çox adam onları qınamayacaq, əksəriyyət “lap yaxşı ediblər” deyəcək. Elə hakimlər də belə şəxslərə qarşı nisbətən yumşaq davranırlar, anlayırlar ki, bu, namus məsələsidir.
Baxıram, sataşmaya məruz qalmış qadını qınayanlar da var ki, niyə hadisəni ərinə deyib. Guya o, bunu deməsə, birtəhər yola versə, münaqişə də olmazdı. Xeyr. Bir qadın elə edər, beşi susar, onu görməzliyə vurar, amma bu, problemi həll etməz. O “ağzıqara gədələr” şitənəcək, başqa qadınları da naahat edəcəklər. Belələrinin ağzının payı vaxtında verilməlidir.
“Qadının sosial şəbəkədə nə işi var ki, hələ bir ona da sataşsınlar” söhbətinin yeri yoxdur. Bir qadının kimsəsi parkda və ya meşədə asudə gəzməsi onun zorlanmasına səbəb vermədiyi kimi, sosial şəbəkələrdə aktiv olması da ona sataşmaq üçün səbəb ola bilməz. Sosial şəbəkələrin əsas təyinatı başqadır, kiminsə özünə seksual partnyor axtarması üçün deyil. Beysbol zopaları da beysbol oynamaq üçündür, maşında gəzdirib yol davalarında işlətmək üçün nəzərdə tutulmayıb.