Duman Bakıdan nə zaman çəkiləcək? – ƏSAS SƏBƏB
Bakıda 4 gündür ki, dumanlı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır. Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Gəncə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur. Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Musavat.com-a açıqlamasında bildirib ki, son günlər ölkə ərazisində müşahidə olunan dumanlı hava sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Onun sözlərinə görə, inversiya dumanının yaranması əsasən temperaturun paylanmasından asılı olur.
“Normal atmosfer şəraitində daha yuxarı təbəqələrə qalxdıqca havanın temperaturu aşağı enir. İnversiya adlanan şəraitdə bu qayda pozulur və yuxarı qalxdıqca temperatur artır. Nəticədə az hərəkətli hava kütlələri daxilində dumanın yaranması üçün əlverişli şərait olur.
Dumanlı hava şəraiti əsasən səhər və axşam saatlarında müşahidə olunur. Gündüz yerüstü temperaturun yüksəlməsi dumanın bir qədər seyrəlməsinə səbəb olur. Bir neçə gün üstünlük təşkil edən zəif cənub-şərq hava axınları dumanın davamiyyətli olmasına şərait yaradır”.
AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev bildirib ki, dumanlı hava şəraiti yaz fəsli üçün xarakterikdir:
”Hazırda gündüzlər hava isti olsa da, torpağın səthi soyuq olur. Gecələr isə hava qəfil soyuyur. Beləliklə, gecənin soyuğu, gündüzün istisi və torpağın səthinin çox soyuq olması dumanlı havanı yaradır. İndi dumanlı, çiskinli havanın olmasından təbii heç nə yoxdur. Dumanlı havanın ziyanı ilə bərabər xeyri də var. Faydası odur ki, yaz fəsli öncəsi bitkilərə rütubətlilik verir, cücərtilərin inkişafına kömək edir. Bakı dəniz səviyyəsindən çox aşağıdır, buna görə də Azərbaycanın digər şəhərlərinə nisbətən paytaxtda daha çox duman olur”.