Siyasət 

İran Azərbaycanda “İsrail kəşfiyyatçısı” axtarır – Təxribat, yoxsa…

Pezeşkianın Bakıya səfəri ərəfəsində İranın tanınmış agentliklərindən olan “Tasnim” Azərbaycan əleyhinə yazı dərc edib; deputat cənub qonşumuza səsləndi: “Ağıllı olun…”

Məsud Pezeşkianın Bakıya səfəri ərəfəsində İranın tanınmış agentliklərindən olan “Tasnim” Azərbaycan əleyhinə yazı dərc edib. Yazı İsrailin uzun müddətdir Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin (İİDA) fəaliyyətindən bəhs edir. (mənbə: Tribuna.info)

Qeyd edək ki, SEPAH-ın birbaşa maliyyələşdirdiyi agentlik bu dəfə də fermalarda “kəşfiyyatçı” axtarmağa başlayıb. Yazıda iddia olunur ki, İİDA Azərbaycanda guya İrana qarşı fəaliyyət göstərmək üçün mövcuddur: “İİDA Azərbaycanda inkişaf layihələri adı altında İslam dünyasında ictimai rəyi çaşdırmaq, eyni zamanda İranın təhlükəsizliyini təhdid etmək və onun gələcəkdə regionda gənc nəslin formalaşması düşüncəsini təhdid etmək üçün fəaliyyətə başlayıb”.

“Tasnim” daha sonra onu da iddia edib ki, İİDA Azərbaycanda “siyasi təhdid” vasitəsi kimi nəzərdə tutulub: “Onlar sionist rejimin cinayətkar imicini təmizləmək, şiə çoxluğu olan bir islam ölkəsi ilə əməkdaşlıq yolu ilə özünü legitimləşdirmək, son nəticədə isə İrana siyasi, hərbi və insani təhdidlərə qarşı siyasi təhdid yaratmaq məqsədilə Azərbaycana daxil olub”.

SEPAH-ın agentliyi “xoruz banı eşitməmiş” bir yalanı da gündəmə gətirməyə çalışıb. Bir vaxtlar Zəngilandakı camış fermasında “İsrail cəsus”ları axtaran İran indi də bütün kənd təsərrüfatı sahəsini hədəfə alıb: “Kənd təsərrüfatı iqtisadi əhəmiyyətinə və İranla sərhəd torpaqlarına çıxışına görə sızma və casusluq üçün ideal platformadır. 2019-cu ildə İİDA suvarma avadanlığı ilə təmin etməklə Gəncə bölgəsində fermerlərin hazırlanması layihəsini həyata keçirib. Bu hərəkətlər “Netafim” kimi sionist şirkətlərin sızması və ola bilsin ki, İranla həssas sərhəd bölgələrdən kəşfiyyat məlumatlarının toplanması üçün pərdə kimi qiymətləndirilə bilər”.

İsraillə Azərbaycanın əlaqələrini təftiş edən Tehran rejimi Ermənistanla strateji münasibətlərə dair sənədin imzalanmasının vacibliyini gündəmə gətirib. Bu barədə İran Xarici İşlər Nazirliyi rəhbərinin birinci müavini Məcid Taxt Rəvançi müsahibəsində bildirib.

İranın yüksək səviyyəli diplomatı “Ermənistanla İran arasında strateji münasibətlərə dair sənəd imzalamaq olarmı” sualına cavabında deyib: “Yaxşı məzmunlu sənəd üzərində işləmək lazımdır ki, bu da strateji münasibətlərin formalaşması üçün daha əlverişli başlanğıc nöqtəsinə çevrilməlidir. Bəlkə də belə bir sənədin hazırlanması üçün vaxt lazım olacaq”.

ELMAN NƏSİROV.jpg (144 KB)

Milli Məclisin deputatı Elman Nəsirov bu yazının indiki vaxtda çıxmasını təsadüfi saymır: “İran Prezidentinin Bakıya səfəri ərəfəsində “Tasnim” agentliyində ölkəmiz əleyhinə yazı dərc olunmasını təsadüf hesab etmək olmaz. Onu da nəzərdən qaçırmayaq ki, bu agentlik birbaşa SEPAH-ın maliyyələşdirdiyi bir agentlikdir. Dəfələrlə anti-Azərbaycan mövqeyi ifadə edib. Sual yaranır: niyə məhz indi? Axı ikitərəfli münasibətlərdə pozitiv bir dinamika var. Cənab Prezident ADA Universitetində keçirilən beynəlxalq forumda qeyd etdi ki, biz istəyirik ki, İranla aramızda olan o anlaşılmaz münasibətlər aradan qalxsın və münasibətlərimiz inkişaf etsin, bu bizim üçün də, İran üçün də strateji əhəmiyyətli məsələdir. Yəni biz bu siyasətə sadiqik. Eyni zamanda dövlətimizin başçısı vurğuladı ki, İrandakı prezident seçkisinin nəticələri bizi çox məmnun etdi. Bu ay İran prezidentinin ölkəmizə səfəri gözlənilir. Bu, Bakı və Tehranın maraqlarına tam uyğun gələn bir siyasətdir. Belə bir məqamda isə agentlik Azərbaycan əleyhinə yazı dərc edir, bizi İsraillə əməkdaşlıqda ittiham edir. Agentlik iddia edir ki, guya Azərbaycanda İsrailin mövcudluğu təkcə İrana qarşı deyil, bütövlükdə müsəlman dünyasının birliyinə qarşı yönəlib, həm də İranın təhlükəsizliyi üçün ciddi təhdiddir, guya gənc nəslin beynini yumaq üçün bir missiya həyata keçirilir. Onu da iddia edirlər ki, qeyd olunan təşkilat Azərbaycanda həm də təhdid vasitəsi kimi nəzərdə tutulub”.

Deputat dedi ki, rəsmi Bakı ərazisindən İrana qarşı istifadəyə qarşıdır: “Əgər Azərbaycan ABŞ kimi fövqəlgücə “yox” deyibsə, 19 ildir də sözünün ağasıdırsa, necə ola bildi ki, Amerikadan dəfələrlə kiçik olan İsrail kimi dövlətin təzyiqi altında İrana qarşı təxribatçı planda yer aldıq? Bu məntiqi bir düşünsünlər. Azacıq ağlı, analitik düşüncəsi olan şəxs dərk edə bilər ki, bu mümkün deyil. Bəli, İran bizim üçün qonşu ölkədir. Bizi tarix bağlar, din, mədəniyyət birləşdirir. Orada bizim 40 milyonluq azərbaycanlımız yaşayır. Eyni zamanda biz İsraillə də dostluq münasibətindəyik. İranda oturan həmin anti-Azərbaycan dairələrə üzümü tutub deyirəm ki, ağıllı olun, gəlin fürsətdən istifadə edin. Bəli, sizin ABŞ-la, eləcə də, İsraillə münasibətləriniz çox gərgindir. Bunu yaxşı bilirik. Amma siz ağıllı olub, Azərbaycan dövlətinin imkanlarından faydalana bilərsiniz. O baxımdan faydalanın ki, Azərbaycan İranla İsrail arasındakı gərginliyin aradan qaldırılmasına öz töhfələrini verə bilər. Ağlınızı başınıza yığın, bir az düşüncəniz olsun, bir az burnunuzdan uzağa baxın. Azərbaycanla elə münasibətlər qurun ki, dövlətimiz İsraillə aranızda yaranan düşmən münasibətlərin aradan qaldırılmasına öz töhfələrini versin”.

resad.jpg (16 KB)

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramovun sözlərinə görə, Azərbaycan-İsrail münasibətləri hər zaman İranın hədəfində olub: “Uzun illər ərzində biz İran mediasında bu istiqamətdə yazılara da, molla rejiminin ayrı-ayrı təmsilçiləri tərəfindən verilən bəyanatlara da şahidlik etmişik.

Məlumdur ki, rejim bununla təkcə Azərbaycanı deyil, eyni şəkildə İranda Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini ortaya qoyan rəsmi şəxslərin mövqelərini də hədəfə alır. İndi də Məsud Pezeşkianın Bakıya səfəri ərəfəsində SEPAH-ın nəzarətində olan “Tasnim” agentliyinin ölkəmizin İsraillə əlaqələrini bəhanə gətirərək Azərbaycan əleyhinə yazı dərc etməsi bunun əyani sübutudur. İranda məlum kəsim bütün imkanları ilə Azərbaycan-İran münasibətlərində hər hansı yaxınlaşmanı qəbul etmək istəmir. Azərbaycanda İsrail casuslarının axtarışına çıxan molla rejimi unudur ki, uzun illər ərzində ölkəmizdə özünün ən böyük casus şəbəkəsini formalaşdıran ölkə məhz elə İran olub. İsraildən fərqli olaraq uzun illər ərzində Ermənistana hər cür dəstək verən, hətta İkinci Qarabağ savaşında öz ərazisindən ermənilərə silah-sursat göndərən də İran olub. İran tərəfi nəhayətdə anlamalıdır ki, Azərbaycanla İsrail arasında əməkdaşlıq qarşılıqlı maraqlara söykənir. Azərbaycan neftinin böyük bir hissəsini İsrailə satır, eyni zamanda İsraildən müasir silahlar alır ki, bu da həm ordumuzun güclənməsinə, həm də ölkəmizin müdafiə qabiliyyətinin artmasına səbəb olur. Azərbaycanla İsrail təhlükəsizlik sahəsində də səmərəli əməkdaşlıq edirlər. Üstəgəl, İsrail İrandan fərqli olaraq uzun illər ərzində Qarabağla bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həmişə Azərbaycanın yanında olub. Və ən nəhayət, Azərbaycanla İsrail arasında əməkdaşlıq heç vaxt üçüncü ölkəyə qarşı yönəlməyib. Odur ki, Azərbaycan-İsrail münasibətlərindən narahat olmaq əvəzinə yaxşı olardı ki, İran ərazilərimizin 20 faizini işğal edən Ermənistanla olan xoş münasibətlərinə, məscidləri təhqir edib tövləyə çevirən Ermənistana verdiyi dəstəyə aydınlıq gətirsin. Ona aydınlıq gətirsin ki, İslam ölkəsi ilə əməkdaşlıq yolu ilə İsrailin özünü legitimləşdirməyə cəhd etdiyini iddia etdikləri halda özləri hansı məqsədlə İslam düşməni olan Ermənistanla strateji müttəfiqlik münasibəti qurmağı hədəfləyirlər?”

Daha çox xəbərlər